• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 31 il keçdi

Okt 17, 2022

Loading

Bu gün-18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümüdür. 1989-cu ildən Azərbaycanda başlanan xalq hərəkatı sonradan milli azadlıq həraktına çevrilmiş, 1991-ci ilin 18 oktyabrında o dövrkü Azərbaycan Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə nəticələnib. Bununla da Azərbaycan SSRİ-dən ayrılmış və dövlət müstəqilliyini élan etmiş oldu. 18 oktyabr Azərbaycanın tarixində ən parlaq səhifələrdən biridir. Müstəqilliyimizi bərpa etməyimiz üçün xalqımız şəhidlər vermiş, böyük məhrumiyyətlərlə üz-üzə qalıb, möhtəşəm mübarizə yolu keçib.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.
Müstəqillik Bəyannaməsinin qəbulu xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində aparılan mübarizə nəticəsində mümkün olub. Dövlət Müstəqilliyinin Bərpası haqqında 18 oktyabr 1991-ci ilin konstitusiya qanunu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 1991-ci ilin 30 avqust bəyannaməsinə əsaslanır. Həmin tarixi bəyannamə 31 avqust 1991-ci ildə nəşr olunan rəsmi qəzetlərdə çap edilib. Bəyannamədə deyilir:
“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək;
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək;
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının İqtisadi Müstəqilliyinin Əsasları Haqqında konstitusiya qanunlarına əsaslanaraq;
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək;
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və azadlıqlarına təminat verərək;
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq;
Azərbaycan Respublikasının təhlükəsizliyinin və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq;
Azərbaycan Respublikasının bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək;
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək.
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək;
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək;
Azərbaycan Pespublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və BMT tərəfindən tanınmasına ümid bəsləyərək;
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpa olunduğunu elan edir”.
Müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu üçün 18 oktyabr Dövlət müstəqilliyinin bərpası günü olaraq bayram edilir.

Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »