• Be. Apr 29th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycan və Türkiyə birgə PUA istehsalına başlayır – Ordumuz üçün “Altay” tankları

Apr 29, 2023

Loading

İki qardaş ölkənin hərbi sənayesi durmadan inkişaf edir; hərbi ekspertlərdən nikbin proqnozlar

Bu günlərdə Türkiyənin öz istehsalı olan ilk “Altay” tankı test edilmək üçün orduya təhvil verilib. Təqdimetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun testindən keçdikdən sonra “Altay” tanklarının kütləvi istehsalına başlanılacağını bildirib.

Ərdoğan Türkiyənin yaxın tarixdəki hədəfini də açıqlayıb. O bildirib ki, hədəf müstəqil müdafiə sənayesini yaratmaqdır. “Modern savaş tankı olan ”Altay”la nailiyyətlərimizi taclandırdıq. Yeni “Altay” tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi “Altay” tankının hazırlanması zamanı da çətinliklərlə qarşılaşdıq. Layihəmizə mane olmağa çalışdılar. Hər bir strateji məhsulda olduğu kimi, ona da “çirkab” atıldı. Gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik. Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq”, – Ərdoğan deyib.

Bəs bu tanklar Azərbaycan Ordusunun arsenalında da olacaqmı? Azərbaycan zirehli texnikanı əsasən hansı ölkə(lər)dən alır? Qiymətlər “Altay”la müqayisədə necədir?

Ancaq bir var hərbi təchizat məsələsində qardaş dövlətdən asılı olasan, bir də var başqa ölkədən. Yeri gəlmişkən, dünən Türkiyənin “Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında Azərbaycanda PUA-ların birgə istehsalına dair niyyət protokolu imzalanıb. Bu barədə məlumatı “Baykar” yayıb.

Protokolu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar və Azərbaycan tərəfindən müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıblar. Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Bu arada isə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı hesabatda deyilir ki, 2022-ci ildə Türkiyənin hərbi xərcləri əvvəlki illə müqayisədə 26% azalaraq 10,6 milyard ABŞ dolları təşkil edib. O da qeyd olunur ki, son üç ildə ümumiyyətlə, Türkiyənin hərbi xərcləri davamlı olaraq azalıb.

Hərbi sənayesi yüksəliş dövrü yaşayan qardaş ölkə doğrudanmı öz hərbi büdcəsini ilbəil azaldıb? Səbəb hərbi ixracın artması ola bilərmi? Yəni Türkiyə daha xaricdən silah almağa əvvəlki tək ehtiyac görmür, özü onları istehsal edir.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bu silahların Azərbaycan tərəfində olmasını mümkünsüz saymır: “Altay” tankı Azərbaycan Ordusunun texnika parkında ola bilərmi barədə suala cavab olaraq deyə bilərəm ki, bunu əvvəlcədən demək mümkün deyil. Amma Azərbaycan Silahlı Qüvvələrində yeniliklər davam edir. Bu yeniliklər müxtəlif formatda həyata keçirilir, mövcud olan sovet, eləcə də, Rusiya, Ukrayna və başqa yerlərdən alınan silahlar vasitəsilə. Daha müasir Qərb və Azərbaycana dost olan ölkələrin istehsalı olan məhsullar vasitəsilə də bu format həyata keçirilir. Bu baxımdan Azərbaycan Ordusunun arsenalında ola bilər. Ordumuzun tank parkı sovet və ondan sonra alınan tanklardan ibarətdir. T72 tankları daha çox effektli olduğu üçün 90-cı illərdə onlar alındı. Sonrakı dövrdə bu tankların daha modernləşdirilmiş nümunələri Rusiyadan alındı. Bunlar dünyada ən çox istehsal olunan tanklardandır. Həmçinin Azərbaycan Ordusunun qarşısında duran əsas tapşırıqlardan biri də Qarabağda döyüşlərin aparılmasıdır. Qarabağ və digər rayonların relyefi üçün bu tanklar daha effektivdir. Qiymətlərə gəlincə, “Altay” tanklarının nümunəsinin 13-15 milyona başa gəldiyi bildirilir. T90 tankları da ondan bir qədər aşağı qiymətədir. T72 tankları isə daha ucuzdur, modernləşdirilsə belə. Onu da qeyd edim ki, tankın sınaqları təkcə testlərdən ibarət deyil. Bu, həm də real döyüşlərdən keçir. Təbii ki, biz də istərdik ki, bu Türkiyə məhsulu olsun. Çünki onlarla müəyyən məsələlərdə razılaşmalarımız daha rahat şəkildə həyata keçirilir. Amma bir həqiqət var ki, “Altay” tankları özünü sübut etmək üçün azı, iki müharibədə istifadə olunmalıdır. Burada tank heyətinin bilik bacarığından, sərrast atıcılığından da söhbət gedir. Tankın özünün alınması hər şey demək deyil. Peşəkar atıcıların yetişdirilməsi də vacibdir ki, bu da qısa müddətdə aparılan proses deyil.

Bəli, Türkiyənin “Baykar” şirkəti ilə PUA-ların birgə hazırlanması ilə bağlı müqavilə imzalanıb. Bu da alqışlanacaq bir məsələdir. Bir məqamı da qeyd edim. Təbii ki, “Bayrak” şirkəti ilə bu istiqamətdə fəaliyyət göstərmək doğrudur. Elmi bazanın bura gətirilməsi çox vacibdir. Hələ ki, bu istiqamətdə ciddi işlər görülməyib. Amma “Baykar” şirkəti bu istiqamətdə ilk addımı atıbsa, alqışlanmalıdır. Azərbaycan bu istiqamətdə İsraillə də əməkdaşlıq edib. Yəni pilotsuz uçuş aparatlarının Azərbaycanda istehsalı həyata keçirilib. Bu gün “İti qovan” kimi tanıdığımız məhsul İsraillə birlikdə istehsal olunub. Bu həyata keçirən şirkətin adı isə “Azad Sistem”dir. Azərbaycanın özünün də pilotsuz uçuş aparatları istehsal edən şirkətləri mövcuddur. Düşünürəm ki, bu şirkətlərin stimullaşdırılması da məqsədəuyğun hesab olunmalıdır. Müdafiə Sənayesi və Müdafiə Nazirliyinin dəstəyi ilə bu proses həyata keçirilməlidir”.

Hərbi ekspert Türkiyənin son 3 ildə hərbi xərclərinin azalmasından da danışdı: “Türkiyənin müdafiə sənayesi son 10 ildə özünün yüksəliş dövrünü yaşayır. Bu gün ixtisaslaşmış müəssisələr mövcuddur. Bu həm də idxal sahəsinə də təsir göstərir”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov da fərqli düşünmür və bunu mümkün sayır: “Son 20 il ərzində qardaş ölkənin hərbi sənayesi sürətlə inkişaf edir.  Bütün dünyanı heyran qoyub. Hava hücumlardan müdafiə sistemi kimi raketlər, eləcə də, digər hərbi sənaye məhsulları istehsal edib. ”Altay” tankının sınaqdan keçməsi, orduya təhvil verilməsi qardaş ölkə kimi Azərbaycan üçün də sevindirici bir haldır. Bu həm də o deməkdir ki, NATO və başqa dövlətlərdən Türkiyənin asılılığı azalır. Bilirsiniz ki, tanklar da müharibədə mühüm rol oynayır. Qardaş ölkə sərbəst şəkildə zirehli maşınlar istehsal edir. Son razılaşma onu da göstərir ki, iki qardaş ölkənin hərbi sənayesi durmadan inkişaf edir. Bu gün dünyada gedən proseslərə nəzərə alsaq, bu çox vacib məsələyə çevrilib. Türkiyənin hərbi xərclərinin azalması o demək deyil ki, türk ordusu zəifləyib, yaxud təmin olunmur. Əvvəl Türkiyə bir tankı 5-6 milyona alırdısa, indi o tank ona bir milyona başa gələcək. Bu da çox önəmli məsələdir. Azərbaycan tankları, zirehli texnikaları xarici dövlətlərdən alır. Əsasən də, tankları Rusiyadan alır. İndi Azərbaycanın müasir “Altay” tanklarını Türkiyədən almasına inanıram. Alınmayıbsa belə, gələcəkdə baş tutacaq. Ola bilər ki, gələcəkdə Türkiyənin istehsal etdikləri silahları Azərbaycan da istehsal etsin. Bu ehtimal az deyil. Rusiya hərbi sənayesindən az da olsa, dövlətlərin uzaqlaşması hiss olunur. Ərdoğan bildirib ki, istehsal etdikləri qırıcı təyyarələrin 2025-ci ildə sınaqdan keçirilməsi gözlənilir. Hər yerdən Türkiyəyə, əsas da müttəfiqləri tərəfindən təzyiqlər var. Amma buna baxmayaraq, qardaş ölkə günü-gündən inkişaf edir. “Bayraktar”lar hazırda bütün dünyada məşhurdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »