Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türkiyəli yazıçı və ssenarist, akademik Orxan Pamuk torpağı niyə qoruyacağımıza belə aydınlıq gətirirdi:
-Bir ölünü açıq havada buraxsanız kokar, suya atsanız, onu sizə geri verər. Öldüyünüzdə sizi qəbul edəcək tək yer torpaqdır. O halda , torpaqlarınıza yaxşı sahib çıxın”
Ağdam torpağı camaatının gedəcəyi son mənzil idi. Ağdam bizim üçün Uzundərə yolundakı Şəhidlər Xiyabanından, əcdadlarımızın uyuduğu Qarağacı qəbristanlığından başlayırdı. Hər kəsin bir doğması, yaxını, tanışı burada uyuyurdu.
Ağdamlılar məşhur evcanlılıqları, mülk tikməkləri ilə tanınırdılar. Çünki sahiblənməyi, bizim olanı qorumağı sevən rayonun camaatı idilər. Qarabağ problemi meydana çıxan ilk günlərdən meydanlara axışan da ,ilk şəhidi olan da Ağdam idi. Amma təəssüf ki, 6000 – nə yaxın şəhid versə də, Ağdam işğal olundu. 30 ilə yaxın işğalda qaldı. Ruhlar şəhərinə çevrildi.
Ağ ban evləri qara torpaqla bir edildi, xarabalığa çevrildi. Daşıya biləcəkləri nə vardısa , apardılar. Ağdamı yer üzündən silməyə çalışdılar.
Amma düşmənlər bir şeyi hesaba almadılar ki , bu yurdun hər biri bir qəhrəman olan oğulları bu qisası almağa qayıdacaq. Dağıdılmış mazarların narahat ruhlarını sakitliyinə qaytaracaq.
20 noyabr 2020 -ci il qisasın təntənəsi oldu. Hamının gözlədiyi o xəbərin sədası gəldi:
-Cənab Ali Baş Komandan , Ağdam şəhəri sizin əmrinizlə düşməndən azad edilmişdir!”
… Və bu nidadan sonra bütün xalq sevinc göz yaşları ilə dodaqları arasında bu sözləri pıçıldayırdı:
-Qayıdışın mübarək, Vətən!
Azad torpağında azad günlərin əbədi olsun, doğma Ağdam!
Gülnarə Aslanova