Noyabrın 16-da Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Müzakirələrin 3 gün davam edəcəyi bildirilir. İlk iclasda hökumət üzvlərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış” layihəsi hazırdır və artıq hökumətə təqdim edilib. Onun sözlərinə görə, hazırda sənəd baxılma mərhələsindədir.
Maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsidir. Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması bir neçə sahədə maliyyə xərclərinin daha da artırılmasına təminat verir. Bizim əsas hədəflərimizdən biri Ordumuzun müasir, mütəşəkkil hərbi qüvvədə təkmilləşdirilməsidir, buna dövlət büdcəsinin imkanı da çatır. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına xüsusi diqqət yetirilir.
Nazir deyib ki, bununla bağlı bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib.
Etibar Ağayev