Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasından 3 il keçir. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildi və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Ordumuz bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdı. 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu, 27 ildən artıq davam edən işğal başa çatdı, Kəlbəcər azad edildi. Xatırladaq ki, 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin 3054 kvadrat kilometr ərazisi var. İşğala qədər rayonun əhalisi 60 min nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdı. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə BMT qətanməsi kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1000-ə yaxın hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır. Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi. Halbuki işğaldan öncə Kəlbəcərdə bir dənə də olsun erməni ailə yaşamırdı.
Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini, məscidlərini də məhv ediblər. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi.
Kəlbəcər azad edildikdən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə ilk səfəri 16.08.2021-ci ildə reallaşıb. Bu səfər zamanı Azərbaycan dövlət bayrağı Kəlbəcər şəhərində ucaldılıb. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimi keçirilib, 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq olub, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi, Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıq, Dağıdılmış “İstisu” sanatoriyasına, yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış həyata keçirilib.
Prezidentin Kəlbəcərə 26 iyin 2022-ci il səfərində isə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı olub, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi, Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq, Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi həyata keçirilib.
Ölkə başçının 27 may 2023-cü ildə Kəlbəcər səfərində isə Yanşaq kəndinin, Zallar kəndinin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimi keçirilib, “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının, Hərbi hospitalın açılışı olub.
Prezident İlham Əliyevin 25 avqust 2023-cü ildə Kəlbəcərə səfərində isə Zar kəndinin təməli qoyulub, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının, 5,3 meqavat gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
Prezidentin 7 noyabr 2023-cü ildə Kəlbəcərin Vəngli kəndinə səfəri reallaşıb.
Həyata keçirilmiş və keçirilməkdə olan bu böyük miqyaslı işlər azad Kəlbəcərin yenidən qurulmasının Prezident İlham Əliyevin diqqətində olduğunu göstərir və Kəlbəcərə qayıdış gününü yaxınlaşdırır. Artıq verilən rəsmi məlumata görə, Kəlbəcərə sakinlərin qayıdışına gələn il başlanacaq.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Prezidentin bu sərəncamı tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsdür və cəmiyyətdə yüksək qiymətləndirilir.
Kəlbəcərin deputatı Aqil Məmmədov bashlibel.az-a açıqlamasında bildirdi ki, bu gün 27 illik həsrətə son qoyulduğu günün üçüncü ildönümünü yaşayırıq: “Doğma Kəlbəcərin azad olunmasının növbəti ildönümünü yaşamağın sevincini sözlərlə ifadə etmək çətindir. Buna görə Cənab Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza, müqəddəs şəhidlərimizə, qazilərimizə minnətdarıq. Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı. Ermənistanla 110 kilometr sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Strateji əhəmiyyət daşıyan bu rayonun işğalı Azərbaycana baha başa gəlmişdi. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bilmişdi. Belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaq niyyətində olmadığını uzun illər idi dəfələrlə bəyan edirdi. 44 günlük Vətən müharibəsində ordumuz işğalçı ordunu diz çökdürdü. Ermənistan elə ağır məğlubiyyətlə üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük əraziyə və əhəmiyyətə malik rayonu Azərbaycana-öz sahibinə döyüşsüz qaytarmağa məcbur qaldı. Cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət, həyata keçirdiyi mükəmməl hərbi taktika sayəsində Kəlbəcər rayonu bir güllə atılmadan, bir itki verilmədən azad edildi”.
Deputat dedi ki, bu gün Kəlbəcərdə tikinti quruculuq işləri həyata keçirilir, Kəlbəcər yenidən qurulur.
A.Məmmədov bildirdi ki, Kəlbəcərin təbii enerji potensialı da yüksəkdir. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilib. Kiçik Su Elektrik Yarımstansiyaları inşa olunub, istifadəyə verilib: “Prezidentimizin təsdiqlədiyi 2023- 2026-cı illəri əhatə edən “Qarabağa Böyük Qayıdış” Proqramında Kəlbəcər rayonunda da çox böyük tikinti quruculuq işlərinin həyata keçiriləcəyi əksini tapır. Artıq sözügedən Proqrama uyğun işlərin həyata keçirilməsinə başlanıb. Ağdərənin erməni separatçılardan azad edilməsi Kəlbəcərdə tikinti-quruculuq işlərinin sürətlənməsinə təkan verəcək”.
Kəlbəcər şəhər Günü bu gün Kəlbəcər rayonunda, paytaxt Bakıda və ölkəmizin digər bölgələrində tədbirlərlə qeyd olunacaq.
Etibar Seyidağa,
Bashlibel.az