• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bakıda bu evləri alsanız, varlana bilərsiniz – Ekspertlər bahalaşma olacağını deyirlər

May 24, 2023

Loading

Məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən növbəti kreditin ayrılması gözlənilir. Bu, mənzil bazarında qiymətlərə necə təsir göstərəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Publika.az-a açıqlaması zamanı bildirib ki, hər dəfə ipoteka veriləndə mənzillərin qiymətində artım müşahidə olunur.

“İpoteka verildiyi zaman mənzil bazarına kütləvi müştəri axını olduğu üçün qiymətlər artır. Ötən ilin statistikasına baxsaq, 2022-ci ildə satılan əmlakların böyük bir hissəsi (təqribən 60%-dən çox) kredit şərtləri ilə satışa çıxarıldı. Bu da onu deməyə əsas verir ki, artıq alıcıların əksəriyyəti kreditli mənzillərə üz tuturlar. Lakin burada bir sıra problemlər yaranır. Biz köhnə binalara baxsaq, 3-4-5 mərtəbəli binalar ipoteka kreditinə çevrilə və satıla bilmir. Onların böyük əksəriyyəti istismar müddətini bitirdiyinə görə, bank girova götürmür. İpoteka predmetinə çevrilən evlər 9 mərtəbəli köhnə və daha çox yeni tikilmiş binalardır. Yeni binalarda kvadrat sahəsi böyük və geniş olduğuna görə, bu, mənzilin də baha olmasına gətirib çıxarır.

Alıcılar daha çox ekonomlayihəli binaların alışı üçün müraciət edirlər ki, bu da qiymət artımına səbəb olur. Bu səbəbdən də, hər ipoteka verilən zaman əmlak bazarına kütləvi müştəri axını olur. Və bu zaman da qiymətləri artırırlar. Hər dəfə mənzil bazarına çoxlu sayda müştərilər daxil olduğu üçün, satışda olan mənzillərin hamısı alınır. Növbəti dəfə satışa şıxarılan mənzillər isə baha qiymətə bazara təqdim edilir”, – deyə ekspert yekunlaşdırıb.

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, bankların təklif etdiyi depozit faizlərinin demək olar ki, inflyasiya faizlərindən geri qalması nəticə etibarilə insanları öz vəsaitlərini digər istiqamətlərə yönəltməyə sövq edir. Ona görə də, daşınmaz əmlaka üz tutanların sayı çoxalır. Tələblərin artması isə mənzil bazarında qiymət artımına gətirib çıxarır.

“Digər tərəfdən Bakıda köhnə binaların sökülməsi ilə bağlı verilən xəbərlər nəticə etibarı ilə bu sahəyə tələbi daha da artırıb. Bunun nəticəsində də insanlar köhnə binalardan daha çox ev almağa çalışırlar ki, sonra söküntü zamanı qazanc əldə etsinlər. Yəni bu faktorlar daşınmaz əmlak bazarında canlanma, fəallıq yaradır. Bu isə öz-özlüyündə qiymət artımına səbəb olur.

Təbii olaraq aidiyyəti fond tərəfindən vəsaitlərin ayrılması bazara, fəallığa təsir göstərəcək və nəticədə müəyyən qədər bahalaşmanın şahid olacağıq.

Amma bu qiymət artımları o qədər də nəzərəçarpan olmayacaq. Bütün hallarda İpoteka və Kredit Fondundan ayrılmış vəsaitlər ümumi əmlak bazarında dövr edən vəsaitlərlə müqayisədə o qədər də çox deyil ki, bu da ciddi qiymət artımına gətirib çıxarsın. Düzdür, mənzil bazarına təsir edəcək, amma geniş şəkildə yox”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »