• Bz. Apr 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bakıda Qoşulmama Hərəkatının mühüm toplantısı – mesajlar, bəyanatlar

Mar 2, 2023

Loading

Politoloq: “Hərəkatın geniş populyarlıq qazanması, qlobal səviyyədə siyasi proseslərə, sülhə və dayanıqlı inkişafa təsir mərhələsi birmənalı olaraq Azərbaycanın sədrliyi altında olduğu dövrdə olub”

Bakıda 1-3 mart tarixlərində Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü öz işinə başlayıb.

Görüş keçirilməzdən əvvəl ölkə Prezidenti İlham Əliyev hərəkata üzv ölkələrin və bir sıra beynəlxalq qurumların nümayəndə heyətlərini qəbul edib. Onların arasında Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanı qəbul edib, Qoşulmama Hərəkatının sammitində iştirakına görə təşəkkürünü bildirib.

Dünən zirvə görüşündə iştirak etmək üçün bir sıra dövlətlərin başçıları ilə yanaşı, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi da Qoşulmama Hərəkatının COVİD-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə Azərbaycana gəlib.

Nəzərə çatdıraq ki, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti adından Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatı adından isə Antonio Vitorino imzalayıb.

Mərkəzin yaradılmasına ilkin zəmin hazırlamaq və bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədilə hazırlanmış memorandum gələcəkdə mərkəzin beynəlxalq səviyyədə təkmil kurikulum əsasında fəaliyyətinin təmin edilməsi istiqamətində atılan vacib addım kimi səciyyələndirilib.

Martın 1-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, beynəlxalq miqrasiya gündəliyində duran məsələlər və bu sahədə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov ölkənin uğurlu miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin effektiv şəkildə tənzimləndiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verib, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu xüsusda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq qarşıda duran məsələlərin icrası haqqında ətraflı söhbət aparılıb.

Həmçinin BMT-nin qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

İkitərəfli əməkdaşlığın uğurla davam etdiyini bildirən Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino Azərbaycanda miqrasiyanın idarə olunması sahəsində görülən işləri alqışlayıb və rəhbərlik etdiyi təşkilatın gələcəkdə də miqrasiya proseslərinin idarə olunması sahəsində Azərbaycan hökumətinə dəstəyin davam etdirilməsinə hazır olduğunu ifadə edib. Bu çərçivədə, təşkilatın regional təlim mərkəzinin təsis edilməsinin əhəmiyyətli addım olduğu vurğulanıb.

Görüşdə həmçinin nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər və təşəbbüslər barədə məlumat verib.

Bu arada onu da qeyd edək ki, martın 1-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində keçirilmiş “İnkişaf Bəyannaməsinin 35-ci il dönümü münasibətilə yüksək səviyyəli tədbir”də Qoşulmama Hərəkatı (QH) adından açılış nitqi ilə videomüraciətlə çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, sözügedən tədbir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş və İnsan Hüquqları Şurasının 49-cu sessiyasında qəbul olunmuş 49/8 saylı qətnaməsinə uyğun olaraq, QH-nin Azərbaycan sədrliyi ilə birlikdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunub.

Nazir Ceyhun Bayramov çıxışında QH adından tədbirin təşkilində əməkdaşlığa görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib, 35-ci ildönümü qeyd olunan bəyannamənin “inkişafı” insan hüququ kimi müəyyən etdiyini vurğulayıb. Bununla belə, inkişaf hüququnun 1993-cü ildə qəbul olunmuş Vyana Bəyannaməsi və Fəaliyyət Planında da yekdil olaraq müstəqil insan hüququ kimi tanınmasına baxmayaraq, onun konsepsiyasının yanlış təfsiri cəhdləri və bölücü beynəlxalq diskursun müşahidə olunduğunu qeyd edib.

COVİD-19-a qarşı peyvəndlərin dünya üzrə qeyri-bərabər bölüşdürülməsinin geniş iqtisadi və sosial xərclərinin və bununla bağlı pandemiyadan bərpa mərhələsində dövlətlər üzrə fərqli vəziyyətlərin inkişaf perspektivləri və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmanı daha da geriyə atdığını bildirib.

Bundan başqa, çoxtərəfli təsisatların rolunun zəiflədilməsi, pandemiyadan bərpa proseslərinin ləng getməsi, iqlim dəyişikliklərinin mənfi təsirlərinin mövcud qeyri-bərabərliklər üzrə xoşniyyətli dialoqu daha da zəruri etdiyini diqqətə çatdırıb.

Bu səbəbdən QH üzv ölkələrinin bu tədbirə önəm verdiyini və bəyannamənin 10-cu bəndinə istinadən, inkişaf hüququnun həyata keçirilməsində beynəlxalq ictimaiyyətin birgə məsuliyyət daşıdığını xatırladıb. QH adından BMT qurumları və beynəlxalq maliyyə institutlarına onlar tərəfindən inkişaf hüququnun öz fəaliyyətlərinə daxil edilməsini tövsiyə edib. Bu xüsusda, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mandatına istinadən, Ali Komissarlığın inkişaf hüququnu geniş BMT sistemi daxilində yayması ilə bağlı məsuliyyət daşıdığını xatırladıb.

Yüksək səviyyəli tədbirdə, həmçinin BMT Baş katibinin müavini, BMT dayanıqlı inkişaf qrupunun rəhbəri Amina Mohammed, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Volker Türk, BMT İnkişaf Proqramının administratoru Açim Steiner, BMT Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus açılış nitqləri ilə çıxış ediblər.

Tədbir yüksək səviyyəli dövlət nümayəndələrinin çıxışları ilə davam edib.

****

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva Bakıda çoxdan gözlənilən mühüm görüşlə bağlı “Yeni Müsavat”a danışıb:

“Bu gün üçün beynəlxalq nizamda BMT-dən sonra ən effektiv təşkilat kimi özünü təsdiqləmiş Qoşulmama Hərəkatı məhz BMT-nin 120 üzvünü daimi üzv statusunda, 17 üzvünü müşahidəçi üzvü statusunda, həmçinin bugünkü beynəlxalq nizamın vacib aktları sayılan 10 beynəlxalq təşkilatı müşahidəçi beynəlxalq təşkilat kimi üzv statusunda özündə birləşdirir. Burada onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının ümumilikdə bu qədər geniş və populyarlığının əsas səbəbi bəzi regionlarda olan proseslərin həllində BMT-nin effektiv idarə və icra mexanizmlərinin olmaması üzərindən olub. Dünya faktiki olaraq BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün rəqabətliliyi üzərindən sülh və dayanıqlı inkişafdan həmişə geri qalır. Bu mərhələdə onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının geniş populyarlıq qazanması, bu gün üçün ən geniş, yəni qlobal səviyyədə siyasi proseslərə, sülhə və dayanıqlı inkişafa təsir mərhələsi birmənalı olaraq Azərbaycanın sədrliyi altında olduğu dövrdə olub.

Bu hərəkatın tarixində çox az ölkəyə ikinci dəfə sədrlik dönəmi təklif olunub ki, bunun da birmənalı izahı ondan ibarətdir ki, hərəkata üzv dövlətlərin Azərbaycan etimadı, güvəni etibarı var”.

Bəs Azərbaycana bu cür etimad və güvəni artıran məqamlar nədir? Bununla bağlı politoloq dedi: “Qoşulmama Hərəkatı və əməkdaşları haqqında danışırıqsa, iki istiqamətə diqqət etməliyik. Birinci istiqamət – Qoşulmama Hərəkatının Azərbaycana faydası və ikincisi – Azərbaycanın Qoşulmama Hərəkatına faydasıdır. Həmçinin bu iki istiqaməti özündə birləşdirən üçüncü bir xətt var, bu da qarşılıqlı faydalılığın dünyadakı sülhə töhfəsidir.

Birinci istiqamətdən danışarkən, qeyd edə bilərik ki, Qoşulmama Hərəkatının Azərbaycana faydası birmənalı olaraq uzun illərin, ümumiyyətlə, ən yeni tarixin, ən vacib probleminin hətta faciəsinin, sonrakı mərhələlərdə qürur yerinin, 44 gülük Vətən müharibəsində Azərbaycanın haqq və ədalətli mövqeyinin dəstəklənməsi istiqamətində verdiyi dəstəkdir.

2020-ci il oktyabrın 22-də məhz BMT Təhlükəsizlik Şurasına 5 daimi üzv ölkənin birinin təqdimatında Azərbaycanı faktiki olaraq hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul olunmuşdu. Orada bu qətnamənin istər geri oxunmasında, istər BMT Təhlükəsizlik Şurasının digər üzvünün vetosundan kənarda həm bu proseslərin dayandırılmasında Qoşulmama Hərəkatından olan Azərbaycan tərəfdaşlarının vacib addımları, dəstəkləri olub. Bu dəstəyin olmayacağı halda faktiki olaraq biz çox az ərazilərimizi işğaldan azad edə bilərdik.

Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi faydalardan danışırıqsa, pandemiya dövründə ölkəmizin qlobal səviyyədə hərəkatın sədri kimi vaksinlərin və pandemiya əleyhinə mübarizədəki səfərbərliyi haqda qeyd etməliyik. Digər faydalarından biri də budur ki, Azərbaycan bu gün beynəlxalq nizam adlandırdığımız müstəvidə Qoşulmama Hərəkatını öz tarixinin və təcrübəsinin, bütün dövrünün ən güclü qlobal oyunçu pozisiyasına çatması oldu. Yəni Qoşulmama Hərəkatı və Azərbaycan qarşılıqlı faydalılıq əsasında bir-birinin maraqlarını müdafiə etdi və proses bu gün də davam edir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »