![]()
Zaman sanki Başlıbelin dağlarında donub qalıb. Bu kənd illərlə düşmən tapdağı altında qaldı, əzildi, dağıdıldı, susdu… Amma susqunluğunda belə bir haray vardı – vətən harayı
Başlıbel – sadəcə bir kənd deyil. O, bir tarixdir, bir yaddaşdır, bir kökdür. Əcdadlarımızın uyuduğu torpaq, analarımızın ocaq yandırdığı evlər, uşaqlığımızın keçdiyi dağ yollarıdır. İşğal bu xatirələri susdurmağa çalışdı. Evlərimiz viran edildi, ocaqlarımız söndürüldü, yollarımız yaddaşlara qarışdı. Amma yaddaş itmir, torpaq unutmur.
Qələbə günü gəldi. 2020-ci ildə Başlıbel də daxil olmaqla işğal altındakı torpaqlarımız düşməndən azad edildi. O gün hər bir başlıbellinin ürəyi doğma yurda qanad açdı. Hər kəs doğma yurda dönməyə tələsdi…
Artıq beş il keçir azadlıqdan. Beş uzun il… Amma Başlıbelin sakinləri hələ də öz evlərinə qayıda bilmirlər. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər – Bərdədə, Gəncədə, Mingəçevirdə, Bakıda… Hər yerdə bir başlıbelli yaşayır, amma heç yerdə rahat deyil. Onların gözündə hələ də dağlar var, o dağların arxasında isə başsız qalmış evlər.
Ən ağrılısı isə odur ki, bu beş il ərzində bir çox başlıbelli dünyasını dəyişdi – yurduna qovuşmadan, torpağına ayaq basmadan, evini bir də görmədən. Onlar hər gecə o kəndi yuxularında gəzdilər, amma reallıqda o yuxuya çata bilmədən köçdülər bu dünyadan. Onların gözləri açıq qaldı – evə baxa-baxa, yolu gözləyə-gözləyə…
Onlardan biri də atam idi. Hər fürsətdə deyirdi: “Ölməmiş bircə dəfə gedim evimin dağıntılarını görüm, məhləmə baxım”. Amma ömrü imkan vermədi… İllərlə köçkünlükdə yaşadı, Başlıbelin torpağını gözünün önünə gətirib susdu… Və bir gün sükutla bu dünyanı tərk etdi – gözləri dolu, yurd həsrətilə.
O tək deyildi. Hər ay, hər il bir başqa başlıbelli bu dünyadan köçür – vətən həsrəti ilə. Onların heç biri geri dönə bilmədi. Hər biri özü ilə bir xatirə apardı – doğma divarların istisini, çayın axışını, kəndin sükutunu…
Yollar hələ də çəkilir, evlər hələ də bərpa olunmur. Və hər keçən gün kəndin daha bir sakini bu dünyadan köçür – həsrətlə, qayıda bilmədən.
Başlıbel azaddır – amma sahibsizdir. Kənd boşdur, torpaq susqundur, ocaqlar sönükdür. Kəndin nəfəsi insanlarındadır, insanları isə hələ də uzaqdadır.
Bu torpağın gözlədiyi yalnız yolların çəkilməsi deyil – doğma nəfəsin, insan ayağının, uşaq səsinin, ana laylasının geri dönməsidir. Çünki kəndin həyatı torpaqda yox, o torpağın üstündə yaşayan insanlardadır. Onlar dönməyincə, Başlıbelin qələbəsi yarımçıq qalır.
Başlıbel bizi gözləyir. Bizsə artıq təkcə onu seyr etmirik – onun üçün darıxırıq, onun üçün ağlayırıq, ora dönməyə tələsirik.
Torpaq azaddır – geriyə bircə şey qalır: qayıdış.
Yalçın Ağayev
Bashlibel.az
Bashlibel.az
Əllərinə, beyninə sağlıq!
Ürəklə yazılıb, təsirlidir!