Bu günlərdə qarşıdan gələn 5 Oktyabr Müəllimlər Günü olduğu yadıma düşdü. Anadan olduğum Başlıbel kəndi, təhsil aldığım Başlıbel kənd orta məktəbi və həmin məktəbdə mənə dərs öyrətmiş əziz müəllimlərim haqqında bildiklərim barədə yazmağı qərara aldım.
Dünyasını dəyişərək, haqq dünyasına qovuşmuş müəllimlərim və sinif yoldaşlarım barədə yazarkən, onların hər birinə Allahdan rəhmət diləyirəm
Amma, məni bağışlayın, bir az uzaqdan başlayacağam.
Bu günlərdə Türk filmi “Paytaxt: Sultan Əbdülhəmid” filminə artıq ikinci dəfə baxırdım.
Birinci dəfə diqqətimi nədənsə cəlb etməyən Sultan Əbdülhəmidin “Kişi sağ ikən torpağını düşmənə verməz” ifadəsi bu dəfə diqqətimi cəlb etdi və mən xeyli düşünərək, götür-qoy etdim. Əcəba, əgər mən 01.04.1993-cü il tarixdə həyat yoldaşım Xuramanı,qızım Afəti və oğlum Altayı taleyin ixtiyarına buraxıb,Başlıbeldən çıxmayıb orada qalsaydım Vətən torpağının işğalının qarşısını almaq mümkün olardımı? Bəlkə də Tunel Yolunun düşmən tərəfindən tutulduğunu bilmədiyimiz üçün yük maşınlarının kuzasına mindirərək yola salandan 3 saat sonra Başlıbelə elə həmin geri qayıtmağa məcbur olan yük maşınlarının kuzalarında qayıdan atama,anama, kəndimizin gedə bilməyən yaşlı adamlarına bir köməyim dəyə bilərdi?
Bu yazıda bir çox haqq dünyasına qovuşmuş müəllimlərim və kəndimizim bir çox bu gün aramızda olmayan yaxşı adamları haqqında danışacağam. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun ki, bu gün Vətən düşmən tapdağından azad edilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu var olsun. Azərbaycan Dövlətinin Bayrağı həmişə uca olsun.
Yusif Salahov
01.10.2024
1963-cü ilin sentyabr ayının əvvəli idi. Evimizdə mənə məktəbin 1-ci sinfinə getməli oıduğumu demişdilər, amma dərs başlasa da,hələ məktəbə getməmişdim. Evdə valideynlərimin söhbətindən belə başa düşmüşdüm ki, mənə təzə paltar, dəftər-kitab, qələm almalıydılar, amma hələ ala bilməmişdilər. Belə bir gündə, artıq 2-ci sinifdə oxuyan əmim oğlu, dərsdən çıxıb evə gələn Zakir Əbdürrəhimovda üzərində bəzəkli şəkil olan karandaş gördüm. Dedi ki, Məhəmməd əminin dükanına gəlib, dədəm pul verdi, oradan 2 qəpiyə aldım. Evimizə gəldim, nənəmə (anama “nənə” deyirdim) dedim ki, mənə pul ver, gedim özümə karandaş alım. Nənəm dedi ki, qağan (atama “qağa” deyirdim) mal novatına gedib, axşam gələn kimi sənə pul verər, gedib alarsan. Mən də dedim ki, qurtaracaq (Zakir belə demişdi), necə olsa, indi mənə karandaş alın. Mən çox ağladım, axırda nənəm dedi ki, yaxşı, onda dur gedək dükana, gürüm Məhəmməd əmin nisyə versə alarıq, verməsə, Hüseyn dayından pul alıb, sənə karandaş alaram. Mən nənəmin yanında ağlaya-ağlaya gedərək, Böyükkişi əmigilin həyətindən keçəndə mağazin tərəfdən Soltan müəllimin gəldiyini gördüm. Ondan çox qorxurdum. Bilirdim ki, məktəbin direktorudu. Keçən il Məhəmməd əminin dükanının yanındakı köhnə məktəbdə dərsini bilməyən dayım oğlu Əlasdanı necə sillələdiyini açıq qapıdan müşahidə eləmişdim. Soltan müəllim bizə çatanda dedi ki, ə niyə ağlayırsan? Nənəm dedi ki, deyirlər dükana bəzəkli karandaş gəlib, uşaq deyir mənə karandaş alın, amma Sadıq evdə yoxdur, gedirəm görüm Məhəmməd qağa nisyə verərmi? Soltan müəllim döş cibindən bir dəstə karandaşın içindən həmin bəzəkli karandaşlardan birini mənə verdi: Ə bu karandaşdan deyirdin? Çox çəkinə-çəkinə: “Hə müəllim” dedim. Dedi: Bu karandaşı sənə bağışlayıram, amma yaxşı oxu ha, yoxsa, dostluğumuz pozulacaq. Bu əhvalatı Soltan müəllim də həmişə yadında saxladı. Hacı əmim tez-tez onu evinə çay içməyə dəvət edirdi. Hər dəfə məni görəndə deyirdi ki, ə yaxşı oxuyursanmı, yaxşı oxu ha, yoxsa dostluğumuz pozular. Axırıncı dəfə Soltan müəllimlə təqribən 1995-ci ildə Bərdədə “Bərəkət” şadlıq evində bir toyda görüşdük, bu tarix yadıma düşdü, “Bərəkət”in həyətindəki stola çay içməyə dəvət etdim, hesab edirdim ki, yadından çıxmış olar. Xatırladanda dedi ki, Yusif, əlbəttə karandaş böyük bir şey deyil, yaddan çıxardı, amma sonradan Hacı müəllimgildə səninlə o barədə çox danışdıq, ona görə indi də yadımdadır. Dedim, müəllim, Siz müəllimlərimizin bizi mükəmməl tərbiyə etdiyiniz səbəbindən, bu gün bu çətin şəraitdə də biz ayaq üstəyik.
Amma 1963-cü il sentyabrın ortalarında hələ də məktəbə getmirdim. Evimizin yanında veyllənəndə birdən yanımda Ağa müəllimi gördüm. Ə niyə məktəbə getməmisən, düş qabağıma. Qaçmaq istəyəndə qulağımdan tutdu, düz məktəbə qədər qulağımı buraxmadı. Qabaqkı partada tək oturtdu, gətirib qabağıma bir dəftər, bir karandaş qoydu, acıqlı dedi: yaz! Nə yazım? Arxa tərəfə boylandım ki, görüm uşaqlar nə yazır, uşaqlar hərfləri yazırdılar. Arxaya yenə baxdım ki, mən də onlar kimi yazım, bu zaman başıma barmağının gerisi ilə vurdu və dedi: özün yaz!
Həmin gün bildim ki, artıq Soltan müəllim direktor deyil. Yeni direktor Əli müəllimdir. Əli müəllim mən dərsə ilk getdiyimin səhəri günü sinfimizə gəldi, hərəmizə iki dəftər, bir karandaş verdi. Dedi ki, uşaqlar, bunu sizə hədiyyə verirəm ki, yaxşı oxuyasınız. Bundan sonra dəftəri, qələmi, karandaşı və çerneli Məhəmməd əminin dükanından alacaqsınız, özü də kimin pulu yoxdursa, yumurtaya da verir, bir yumurtaya 2 dəftər verir. (Qeyd edim ki, o zaman “hazırlıq” deyilən bir dövlət proqramı var idi, dükanlar yumurtanı 5 qəpiyə götürürdülər. Amma həmin yumurta puluna Məhəmməd əmi mal verirdi, pul yox. Məsələn,qənd, çay dəftər və s.). Beləliklə, bu gün mən bir iqtisadçı olaraq, o zaman Başlıbel kənd orta məktəbinin ilk direktoru olan, sonradan filologiya elmləri doktoru elmi dərəcəsinə və professor vəzifəsinə qədər yüksələn ilk Başlıbel sakini olan Əli Mirzəyevin (Başlıbeldə deyildiyi kimi, Alı müəllimin) çətin iqtisadi vəziyyətdə olan dövlətinə və vətəndaşlarına necə kömək etdiyinin fərqindəyəm. Yaxşı yadımdadır, biz məktəbdə sinif otaqlarında dərs keçirdik, məktəbin bir tərəfində tikinti gedirdi. Əli müəllim həmin tikintiyə də nəzarət edirdi. Məktəbin müəllimlər otağı, direktor kabineti artıq mən 2-ci sinifdə oxuyanda tikildi.
Mən 4-cü sinifdə oxuyanda Şahbəndəyev Məhəmməd müəllim məktəbimizə direktor təyin edildi. Əli müəllim Kəlbəcərin “Yenilik” qəzetinə redaktor vəzifəsinə getmişdi. Oradan da Gəncə Pedoqoji İnstitutuna müəllim təyin edilmişdi.
Əlimdən tutaraq, yazmaq öyrədən ilk müəllimim olan Ağa müəllim 1-ci sinifdə dərs ilinin yarısında rəhmətə getdi. Döşümüzdə Ağa müəllimin şəkili tikildi, bizim sinif şagirdləri əziz müəllimimizin dəfnində Başlıbel qəbristanlığında iştirak etdik. Qeyd edim ki, bu hal ikinci dəfə biz 7-ci sinifdə oxuyanda sinif yoldaşımız Mehdiyev Mehdi Heydər oğlu vəfat edəndə təkrar olub. 1-ci sinifdə “Ə” hərfini keçdiyimiz gün Sona müəllim sinfimizə gəlib, bizə dərs keçməyə başlayıb. 4-cü sinifdə Sona müəllim təkcə “Ana dili” dərsində qalıb, qalan dərsləri müvafiq fənn müəllimləri keçib. Əbdüləli müəllim “Təbiətşünüslıq” dərsini deyərkən sinfimizdə hamının çox zəif oxuduğunu aşkar etdi, çoxumuzun kitabdan üzünə oxumaqdan çətinlik çəkdiyini bütün məktəbə bildirdi. Necə deyərlər, həyəcan təbili çaldı. Çox maraqlıdır ki, bizim sinif 4-cü sinifdə oxumaqdan, yazmaqdan çox zəif olduğu halda, hesabdan yaxşı idi. Səbəbi sinif yoldaşımız Həsənov Eldar idi. 3 ildə hər gün Sona müəllim hesab dərsinə gələn kimi Eldarı yazı taxtasına dəvət edirdi. Eldar proqram üzrə və kitabda olan bütün məsələ və misalları izahla yazı taxtasında həll edir, biz isə dəftərimizə köçürürdük. Müəllimimizdən çox şeyi soruşmağa cəsarət etmədiyimiz halda, Eldardan hər şeyi soruşur və öyrənirdik. Qənaət müəllim ilk müəllim kimi fəaliyyət göstərəndə bizə 4-cü sinifdə hesab dərsi keçib. Eldardan öyrəndiyimiz səbəbindən, onun çox ciddi dərs keçməsinə rəğmən, bizdən razı qalırdı. Amma bir dəfə mənim dərsə hazırlaşmadığımı hiss etdi, məni yazı taxtasına çıxardı. Dərsi izah edə bilmədim. Məni bərk danladı, dedi ki, dayımın çörəyi sənə haram olar, dərslərini yaxşı oxu. Ondan çox qorxduğuma görə həmişə onun dərslərini yaxşı öyrənirdim.
Mənim yaxşı oxumağımda Əbdüləli müəllimin böyük rolu olub. İki dəfə mənim yaxşı oxumağıma stimul yaradıb: 4-cü sinifdə “Təbiətşünaslıq” dərslərimizi Əbdüləli müəllim aparırdı. Mənə dedi ki, evdə atanın əllərinə diqqətlə bax, gör necə qabar-qabardır, dərslərini yaxşı oxumalısan. Əbdüləli müəllim 5-ci sinifdə fiziki coğrafiya dərslərimizi də aparırdı, coğrafiya müəllimi olmasa da bu fənni çox yaxşı tədris edirdi. Məhiyəddin müəllimə demişdi ki, Sadıq dayının oğlu Yusif istəsə oxuya bilər. Mən onun öyrənmək qabiliyyətinin olduğunu hiss edirəm 6-cı sinifdə Nəsib müəllim gələnə qədər coğrafiya dərslərini Əbdüləli müəllim tədris etdi.
5-ci sinifdə riyaziyyat müəllimimiz mamam oğlu Məhiyəddin müəllim oldu. Başlıbel kənd orta məktəbini bitirənə qədər riyaziyyat dərslərini o tədris etdi və mənim təkcə riyaziyyatdan deyil, bütün fənlərdən yüksək nəticə əldə etməyimdə onun müstəsna rolu oldu. 6 il mənə riyaziyyat dərsi tədris edən Məhiyəddin müəllim bir dəfə də mənə “5” qiymət yazmadı. İlk dəfə riyaziyyatdan bu qiyməti 1972-ci ildə Başlıbel kənd orta məktəbinin buraxılış imtahanında inspektor Kazımov Əlinin təkidi ilə, ikinci dəfə “5” qiymətini 02 avqust 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qəbul imtahanında aldım. Qeyd edim ki, məni Bakıya qəbul imtahanlarına elə Məhiyəddin müəllim özü aparmışdı. Məhiyəddin müəllimin xahişi ilə Nəsib müəllim məni 6 ay dərsdən sonra məktəbdə məşğələ prosesində coğrafiya fənni üzrə hazırlaşdırmışdı. Nəsib müəllim 1972-ci ildə qəbul imtahanına getməmişdən əvvəl məni Məhiyəddin müəllimin iştirakı ilə evimizdə xəritə qarşısında imtahan etdi. Dedi ki, mən çox yüksək nəticə gözləyirəm. Həqiqətən də artıq 1-ci kursda institutda məni coğrafiya və riyaziyyat fənlərini ən yaxşı bilən tələbə kimi tanıyırdılar.
“Hüseyn qağa” deyə müraciət etdiyim, rus dili müəllimim olan mamam oğlu Ələsgərov Hüseyn mənim həyata baxışlarımın formalaşmasında çox böyük rol oynamışdır. Hüseyn müəllim Başlıbeldə siyasi savadı Stalin dövründə Xarici İşlər Naziri olan Molotov səviyyəsində olan bir şəxsiyyət idi. «Огонек» və “Советский Союз” jurnallarına, “Правда” və “Известия” qəzetlərinə daim abunə olardı. Onları oxuyandan sonra mənə verərdi, oxumaq lazım olan yerlərini mənə göstərərdi. Mən bu gün rus dilini mükəmməl bildiyimə görə ilk növbədə ona borcluyam.
İbrahim əmim bizə əmək təlimi dərslərini tədris edirdi. Hər gün özü ilə ağır məngənəni əlində çətinliklə tutaraq, sinfimizə gətirərdi. Bizimlə çox xoş rəftar etdiyi üçün dərsində səs salardıq.
Belə şıltaqlıqlar çox olurdu. Ona görə bəzən müəllimlərimiz bizi cəzalandırırdılar. Dərsini bilməyən üçün əsas cəza dərsdən sonra sinifdə saxlamaq olurdu. Aşağı siniflərdə bizə rus dili dərsini tədris edən Həsən müəllim tez-tez bu cəza növünü tətbiq edirdi.
Əziz müəllimlərim haqqında nə qədər xoş sözlər desəm də çox azdır. Yazının həcmi çox böyük olmasın deyə müəllimlərim haqqında qısaca bildirirəm ki, onların hər biri həm pedoqoq, həm psixoloq idilər. Hər birinin akademik səviyyəsində bilikləri var idi.
Əzimov Mamed müəllim kimya və biologiyanı yüksək səviyyədə tədris edirdi.
Cəfərov Məhəmməd müəllim bizə fizika dərsini tədris edirdi. Təcrübə keçdiyimiz zaman əyani vəsaitlərlə elə dəqiq izah edirdi ki, kitabları öxumağa ehtiyac qalmazdı.
5-ci sinifdə oxuyarkən bizə Azərbaycan dilindən və Ədəbiyyatdan İsgəndər müəllim dərs keçirdi. Cəfər Cabbarlının pyeslərini sinfimizdə səhnələşdirir, hərəmizə bir rol verirdi. Mən onun dərsində “1905-ci ildə” əsərində Eyvaz, S.Vurğunun “Vaqif” dramında Vaqif rolunu oynamışam.
Müəllimlərimizin 60-70-ci illərdə Başlıbelin ictimai və mədəni həyatında çox böyük rolunu qeyd etməliyəm. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Vaqif” və s. Başlıbel kənd klubunda dəfələrlə səhnələşdirilmiş, müəllimlərimiz bu əsərlərdəki rolları yüksək peşəkarlıqla, xüsusi yumorla aparmışdılar. Məsələn, mənim həyatımda gördüyüm ən yaxşı Məşədi İbad rolunu Hüseyn qağa aparıb. Məhiyəddin müəllim “Qoçu Əsgər”, Həsən müəllim “Rüstəm bəy” və s. Vaqif müəllimin Səməd Vurğunun “Vaqif” dramında Qacar rolunu aparmasını xüsusi qeyd etməliyəm. Vaqif müəllim bu rola çox yaraşırdı. Qacarın sözlərini çox ürəkdən çılğınlıqla deyirdi.
Xüsusi qeyd etməli olduğum müəllimlərimdən biri də Şahbəndəyev Məhəmməd müəllim idi. Məktəbimizin direktoru olduğu üçün hər birimizin problemləri ilə maraqlanar, kömək edər, daim valideynlərimizlə təmasda olardı,onlardan oxumağımıza şərait yaratmağı xahiş və tələb edərdi. Şərait isə o zaman çox çətin idi. Mal növbəsi, at növbəsi, uzaqlaşan atların yaylaqlardan gətirilməsi, ot biçini, yığımı, gətirilməsi və s. Yükümüz çox ağır idi…. Amma oxuyaraq, öyrənirdik. Bəzən kitablarımızı örüşə də aparırdıq. Məhəmməd müəllim bizə tarix dərslərini tədris edirdi. Xüsusilə tarixin Böyük Vətən Müharibəsinə aid olan hissəsini son dərəcə yanğı ilə bizə çatdırır, Sovet Ordusunun Stalinqrad, Kursk, Berlin və digər böyük əməliyyatları haqqında səylə öyrədirdi
Hərbi hazırlıq müəllimimiz olan Sabir müəllim bizi hərbi nizamnamə, istifadə edilən əsas silahlar barəsində elə öyrətmişdir ki, mən ali məktəbi bitirdikdən sonra Xabarovskda tədris motorlaşdırılmış atıcı polkunda 1977-ci ilin may ayında piyadanın döyüş maşını ixtisası üzrə hərbi xidmətə başlayarkən sıra qaydaları və nizamnaməni hamıdan yaxşı bilirdim. Sabir müəllim mənə hərbçi olmağı tövsiyyə etdiyini bu gün minnətdarlıqla xatırlayıram və hesab edirəm ki, əgər bu tövsiyyəni qəbul etsəydim həm özüm üçün, həm də Vətən üçün daha yaxşı olardı.
Əhəd müəllimin Azərbaycan dili və Ədəbiyyatdan tədrisi həmişə yüksək səviyyədə olurdu.
Mənim Başlıbel Kənd Orta Məktəbində təhsil aldığım 1963-1972-ci illərdə mənə dərs tədris etməyən, amma məktəbimizdə şəksiz böyük əməyi olan Hacı əmimi, Hilal müəllimi, Vaqif müəllimi, Şükür müəllimi, Əli (Mirzəyev Əli Sarı oğlu) müəllimi, Qüdrət müəllim, Qənaət müəllimi, Ağakişi müəllimi, Gülçöhrə müəllimi, Fərman müəllimi və digərlərini bu gün xatırlayır və minnətdarlıqla yad edirəm. Haqq dünyaslna qovuşanların hər birinin ruhu şad olsun.
Torpaqlarımızım işğaldan azad edilmiş olduğu bu günləri bizimlə birlikdə yaşayan Əhəd müəllimə, Nəsib müəllimə, Əkbər müəllimə, Xavər müəllimə, Heydər müəllimə, Əhliman müəllimə, Hüseyn (Şahbəndəyev) müəllimə, Əli (Cəfərov Əli Seyidcəfər oğlu) müəllimə, Kamil müəllimə, Zərnişan müəllimə və digərlərinə Allahdan can sağlığı diləyirəm.
Bu gün Başlıbel kəndindən olan gənc nəslin nümayəndələrinin bir çoxu müəllim olaraq fəaliyyət göstərirlər. Onların hər biri barədə demək bu yazıya sığmaz. Onların hər birinə həyatlarında ən böyük uğurlar arzulayıram. Biz 20-ci əsrin 60-70-ci illərinin şagirdləri müəllimlərimizə çox hörmət edirdik, onları sayırdıq, qarşılaşanda başımızı açıb, baş əyirdik. Kəndimizdə toy olanda müəllimlərimiz oturan mağara girməzdik. Bu gün gənc nəslimizin bu adət-ənənələrə hörmətlə yanaşmasını arzulayıram. Müəllim adı hörmətə layiqdir və yüksək tutulmalıdır.
Başlıbeldən olan məktəb direktorları ilə bu gün həqiqətən fəxr edirik: Teymur müəllim, Əfqan müəllim, Muğan müəllim, Amil müəllim, Saməddin müəllim və digərləri.
Başlıbelin ali məktəblərdə müxtəlif ixtisaslarda tədris edən elmlər namizədləri, elmlər doktorları barədə bu gün fəxrlə danışa bilərik. Allahdan onların hər birinə uğurlar diləyirəm, Başlıbeli layiqli təmsil etməyi arzu edirəm.
Müəllimlərimizi 5 Oktyabr Müəllimlər Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Yusif Salahov
03.10.2024
Təşəkkürlər Yusif müəllimi.
Başlıbel müəllimləri həmişə sıralarını yeniləyəcək.Bu, zamanın diqtəsidir.Bu sıralara qoşulan gənclərə arzum budur ki, bu ağır zəhmətdən heç vaxt usanmasınlar.
YORULMASINLAR!