1 sentyabr 1983-cü il. Məktəbə getdiyim gün. O gün ki, hər bir valideynin övladı üçün arzuladığı və mənim ilk dəfə sinif yoldaşlarımla bir arada olduğum gün. Həmin gün qayğıkeş, mehriban müəllimimi- Əhliman müəllimi tanıdım. İbtidai sinif müəllimim Əhliman müəllim uşaqlar üçün mənəvi ata idı. Əlifbanın hərflərini A-dan,Z-yə kimi öyrədən, hərflərdən sözlər, sözlərdən cümlələr düzəldib yazmağı, eyni zamanda hesablamaları öyrədən, qayğıkeş müəllimim. Bununla yanaşı, tək oxumağı, yazmağı deyil, oturmağı, durmağı, etik qaydaları bizlərə öyrədirdi.
Mən müəllimimlə yanaşı sinif yoldaşlarımı da tanımağa başladım. Sinifdə 14 oğlan (Aqil, Bəhruz, Saməddin, Yalçın, Əlzamin, Sahib, Elman, Bəşir, Zülfü, Şahmar, Ədalət, Cabir, Qasım), 7 qız (Səbinə, Ofeliya, Məmləkət, Məhbubə, Aləmzər, Vəsilə, Qiymət) idik. 4 il oxuduqdan sonra bizləri öyrədən, qayğımızı cəkən, qayğıkeş, məsuliyyətli müəllimim Əhliman müəllimlə ayrılmaq zamanı gəldi. Bu ayrılıq biz sinif yoldaşları üçün cox ağrılı idi, ancaq bu xoş ayrılıq idi, artıq biz böyümüşdük, ibtidai siniflə vidalaşmaq zamanı gəlmişdi. İllərlə bir müəllimə öyrəşmiş olduğumuz halda, artıq beşinci sinifdə ayrı ayrı müəllimləri tanımağa başladıq. Sinif rəhbərim, eyni zamanda riyaziyyat müəllimim rəhmətlik Məhyəddin müəllim (1992-ci ildən ,Başlıbel kənd tam orta məktəbinin direktoru), Azərbaycan dili və ədəbiyyat müəllimim rəhmətlik Əbdüləli müəllim, rus dili müəllimim rəhmətlik Ağakişi müəllim, kimya müəllimim Əzimov Mamed müəllim, ingilis dili müəllimim Musa müəllim, coğrafiya müəllimim Nəsib müəllim, fiziki hazırlıq müəllimim rəhmətlik Bəşir müəllim və İdris müəllim, tarix müəllimlərim rəhmətlik Şahbəndəyev Mamed müəllim, Əkbər müəllim, IX-X sinifdə Nicat müəllim, hərbi hazırlıq müəllimim Mətləb müəllim, musiqi müəllimim rəhmətlik Əli müəllim, fizika müəllimim Heydər müəllim (IX-X sinifdə, sinif rəhbərim), rəsmxətt müəllimim rəhmətlik Hacı müəllim (Başlıbel kənd tam orta məktəbinin direktoru 1992-ci ilə kimi), informatika müəllimim rəhmətlik Vaqif müəllim, texnologiya müəllimim Kamil müəllim, biologiya müəlliməm Xavər müəllimə.
Bizim sinifə dərs deməyən Başlıbel kənd tam orta məktəbində dərs deyən hörmətli müəllimlərimiz- Hüseyn müəllim Şahbəndəyev, rəhmətlik Qüdrət müəllim, rəhmətlik Məmmədov Sabir müəllim, Mirzəyev Sabir müəllim, Zinyət müəllimə, rəhmətlik Gülçöhrə müəllimə, Xuraman müəllimə, rəhmətlik Cəfərov Məhəmməd müəllim, rəhmətlik Şükür müəllim, Əhəd müəllim, rəhmətlik Həsən müəllim, Mirzəyev Həsən müəllim, Fərman müəllim, rəhmətlik Ələsgərov Hüseyn müəllim.
Beləcə, yuxarda adlarını qeyd etdiyim müəllimlərin zəhməti hesabına təhsil alaraq gələcək arzularımızın reallaşmasına calışırdıq. Qayğısız günlərimiz 1993-cü ilin aprel birinə kimi davam etdi. O zaman biz məktəbin sonuncu pilləsində-10-cu sinifdə oxuyurduq. Universitetlə yanaşı, illərlə baxış olaraq ötürülən və bir ənənə halına gələn, hər bir şagirdin arzuladığı son zəngə hazırlaşırdıq. Cox təəssüf ki, bu arzumuz gözümüzdə qaldı. Kəlbəcərin işğalı nəticəsində 1993-cü il aprelin birində məktəblə, müəllimlərimizlə ayrılmaq məcburiyyətində qaldıq. Son zəng həsrəti hər zaman ürəyimizdə ağrılı bir iz buraxdı və bizim sinif tarixə Başlıbel Kənd Orta Məktəbinin sonuncu onuncuları kimi düşdü. O, onuncular ki, hər il may ayının 25-də (son vaxtlar iyunun 15-i) özümüzü məzunların yerində xəyal edərək, yarımçıq qalan arzularımızı xatırlayırıq. İllər kecdi sinif yoldaşlarımızla bir araya gəlib yarımcıq qalan arzularımızı bölüşmək imkanları tapa bilirdik. Bizləri bir yerə toplayan bir qüvvə var idi, o da hər birimizin arzusu olan və kecirə bilmədiyimiz son zəng tədbiri idi. Hər zaman bir yerə toplaşanda, işğal altında olan kəndimizin azad olmasını, sinif yoldaşlarımızla, hörmətli müəllimlərimizlə bir arada olmağı arzulayırdıq. Cox şükür ki, 2020-ci il noyabrın 25-də bu arzumuz reallaşdı-kəndimiz azad olundu. Bizim kimi milyonlarla insanın arzusunu reallaşdıran şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa, ordumuza güc, Ali Baş Komandanımıza can sağlığı diləyirik! Həyatlarını dəyişmiş müəllimlərimizə rəhmət, qalanlara can sağlığı. Biz hər zaman müəllimlərimizə borcluyuq!
Qoşqar Babayev
Allahdan dünyalarını dəyişmiş müəllimlərimizə rəhmət diləyirəm. Yaşayanlara Allah can sağlığı versin. Bütün sinif yoldaşlarınıza can sağlığı və uğurlar arzu edirəm.
👏
Onuncular və sonuncular sizlərə eşq olsun. Daima mehriban olasınız. Dünyasını dəyişən müəllimlərə Allah rəhmət eləsin, ruhları şad məkanları cənnət olsun. Həyatına davam edən müəllimlərimizə can sağlığı arzulayıram.