• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Başlıbel qətliamının dünyada tanıdılması üçün yeni proses başlayır

İyl 7, 2023

Loading

Ermənistanın müharibə cinayətləri ilə bağlı Avropada xüsusi tədbirlər keçiriləcək

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi“ Başlıbel faciəsinin 30-cu ildönümü ilə bağlı Avropada anım tədbirinin keçirilməsi” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən verilən məlumatda bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır. Məlumatda deyilir ki, 1993-cü ilin 18 aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakininin (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər)  gülləbaran edilməsi, girov götürülməsi, qətli ilə bağlı həqiqətlər Avropa ictimaiyyətinə çatdırılacaq. Layihə çərçivəsində Almaniyada “Başlıbel soyqırımı: Ermənistanın müharibə cinayəti” mövzusunda məlumatlandırma tədbiri keçiriləcək. Tədbirdə Almaniyanın ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, Almaniyada təhsil alan digər ölkələrdən gələn tələbələr, media təmsilçiləri iştirak edəcəklər. Tədbir vasitəsilə Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində mülki insanlara: qadın, uşaq və ahıllara qarşı törətdikləri vəhşilikləri ilə bağlı  həqiqətlər Avropa ictimaiyyətinə çatdırılacaq.

vuqar hesimpov.jpg (239 KB)

Vüqar Həşimov

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarına cavabında bildirdi ki, Ermənistan zaman-zaman xalqımıza qarşı soyqırımı cinayəti törədib: “Ermənistanın azərbaycanlılara qarşı törətdiyi belə qətliamlardan biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib.  1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) dağlara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Bundan başqa, Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. 18 aprel 1993-cü ildə isə aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri mağarada güllələnib. Həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. 113 günlük mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər –  I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur”.

V.Həşimov qeyd etdi ki, işğaldan azad olunmasından sonra Başlıbel kəndində qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunaraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb və onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyi təsdiqlənib. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar: “Həmçinin işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII-XVIII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib.

Başlıbel faciəsi ilə bağlı son 30 ildə Azərbaycanda bir neçə kitab, çoxlu sayda məqalələr yazılsa da, filmlər çəkilsə də, bu hadisə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əsas işi Ali Baş Komandan görüb. Cənab İlham Əliyevin 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib.

Uzun illərdir ermənilər olmayan hadisələri özlərinin təbliğat vasitəsinə çevirə bilsə də, biz başımıza gətirilən faciələri yetərincə dünyaya çatdıra bilməmişik. Bunun bir səbəbi uzun illər təbliğat sahəsində ermənilərdən geri qalmağımızdırsa, digər səbəbi ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı siyasətinə  dünyanın aparıcı  dövlətlərinin  laqeyd münasibətidir.  Bu səbəbdən xalqımıza qarşı törədilən soyqırımı hadisələrinin bir çoxu barədə hələ də beynəlxalq ictimaiyyətin yetərli məlumatı yoxdur. Buna görə də erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı addımlar atılmalıdır. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin “Başlıbel faciəsinin 30-cu ildönümü ilə bağlı Avropada anım tədbirinin keçirilməsi” layihəsinin həyata keçirilməsində məqsəd də məhz budur. Sevindirici haldır ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il Başlıbel qətliamının dünya və yerli ictimaiyyətə tanıdılmasını nəzərdə tutan 5-6 layihəyə dəstək verir. Bu, çox vacib addımdır. Rəhbərlik etdiyim İctimai Birlik layihə çərçivəsində Almaniyada “Başlıbel soyqırımı: Ermənistanın müharibə cinayəti” mövzusunda məlumatlandırma tədbiri keçirməyi planlaşdırır. Azərbaycan həqiqətlərinin, Ermənistanın müharibə cinayətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün bu cür tədbirlərin əhəmiyyəti böyükdür. Başlıbel kəndində ermənilərin törətdiyi qətliamla bağlı faktların, rəsmi məlumatın və fotoların əks olunduğu “Başlıbel soyqırımı” adlı buklet hazırlanacaq. Bukletdə həmçinin Başlıbel soyqırımı zamanı ailə üzvlərini itirən və hadisələrin şahidi olan şəxslərin fikirlərinə yer veriləcək. Hazırlanan buklet alman dilinə tərcümə ediləcək. Almaniyada keçirilən tədbir zamanı yayılacaq”.

V.Həşimov dedi ki, həyata keçiriləcək fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etməyi nəzərdə tutublar.

Etibar SEYİDAĞA,
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »