![]()
İyirminci əsrin səksəninci illəri idi. Böyük qardaşım Yusif Şuşada yaşayırdı. Anamla Yusif Şuşadan Kəlbəcərə gedəndə yolda sürücü avtobusu Kəlbəcər rayonundakı “Bulanıq su” adlanan yerdə yeməkxananın qarşısında saxlayaraq sərnişinləri nahar fasiləsi üçün yeməkxanaya dəvət etdi. Anamla Yusif stolların birində əyləşəndə bir kişi onlara yaxınlaşıb həmin stolda oturmağa icazə istəyir. Bir süfrədə çörək yeyərkən kişi Yusifdən haralı olduğunu soruşur. Yusif Başlıbeldən olduğunu deyəndə kişi də cavabında “Mən də Başlıbeldənəm”-deyir. Anam kişiyə diqqətlə baxıb “Oy, ay qağa, sən Əbdüləzim oğlu Qasımın oğlu Məhəmməd deyilsən?”-deyə soruşur. Kişi kövrəldiyinə görə cavab verə bilmir, başı ilə təsdiq eləyir. Anam: “Mən də Nazpərinin qızıyam” deyəndə kişi cavab verir: “Nazpəri xalam atamın əmisi qızı idi. “Anamın “Ay qağa, bəs bu neçə illərdə siz harada idiniz?” kişi ətrafdakılar eşitməsin deyə, pıçıltı ilə belə cavab verir: “Xalaqızı, hökumətdən gizlənmişdik, indi Çərəkdarda yaşayırıq.”
Bu söhbətdən təxminən on il keçmişdi. Artıq iki il idi ki, Kəlbəcər rayonu ermənilər tərəfindən işğala məruz qalmışdı. Mən də digər məcburi köçkünlər kimi doğma yurdumu tərk edərək Bərdə rayonunun Zümürxan kəndində müvəqqəti məskunlaşmışdım. Bir gün həyətdə əkdiyim kartofu suvarmaq üçün artezian quyusunun yanına çıxmışdım. Yayın istisində adamlar sərin yer axtardıqları üçün artezianın yanındakı hündür çinar ağacının kolgəsində dincəlirdilər. Mən arteziana yaxınlaşıb çinarın kölgəsində oturan, təxminən yetmiş yaşlarında olan kişiyə salam verərək suyu bizə tərəf gedən arxa açdım. Kişi məndən haralı olduğumu soruşdu. Kəlbəcərdən olduğumu bildirəndə “Kəlbəcərin hansı kəndindənsən?”-deyə təkrar soruşdu. Mən “Başlıbel kəndindənəm” – deyə cavab verəndə kişi maraqla, “Kimin oğlusan?”-deyə təkrar soruşdu. Mən atamın adını dedim. Kişi atamın atasının da adını soruşanda başa düşdüm ki, bu kişi kimdirsə, kəndimizi yaxşı tanıyır. İşimi tərgidib kişiyə yaxınlaşdım, yanında əyləşdim, “Siz kimsiniz?”-deyə soruşdum. Kişi kədərli şəkildə cavab verdi :
-Oğlum, mən də Başlıbeldənəm, amma 14 yaşımda olanda Başlıbeldən sürgün olunmuşuq. Qohumlarımız hamısı Başlıbeldə qalıb. Səməd kişigilin evinin yerində bizim evimiz vardı. Başlıbeldə iki yerdə dəyirmanımız, ilxı , mal və qoyun sürülərmiz vardı. Atam varlı olduğuna görə sovet hökuməti 1937-ci ildə bizim ailəni sürgnə göndərdi. Kişi ilə xeyli söhbət etdik. Ad və soyadını, atasının da adını öyrəndim -Əzimov Məhəmməd Qasım oğlu idi. Evlərinin yerini də öyrəndim. Kartofu suvarıb qurtarandan sonra atamgilə getdim. Əhvalatı atama danışdım.bAtam mənim söhbətimə qulaq asıb cavab verdi :
– O Əbdüləzim oğlu Qasımın oğlu Məhəmməddir. Onları varlı olduqlarına görə “kulak” damğası vuraraq sürgün eləmişdilər. Mən də bura gələndən sonra onunla bir neçə dəfə görüşüb söhbət etmişəm. Başlarına çox faciələr gəlib,-deyə, atam onların başlarına gətirilən hadisələrdən xeyli söhbət elədi.
Bu hadisələrdən illər keçəndən sonra əslən Başlıbeldən olan araşdırmaçı-jurnalist Elxan Salahovun 2025-ci ildə çapdan çıxan “Başlıbel:Yaranışdan işğaladək” kitabında həmin ailənin başına gətirilən faciə haqqında “Əbdüləzim oğlu Qasımın sürgün ömrü” başlıqlı bölmədə ətraflı məlumat vermişdir. Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin məlumatı olduğu kimi dərc edirik.
Mülkünü və mal-qarasını kolxoza təhvil vermək istəmədiyi üçün NKVD (Narodnıy Komissariat Vnutrennıx Del – 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında respublika, diyar və vilayət idarələrində antisovet elementlərinə qarşı repressiv tədbirlərin görülməsi məqsədilə yaradılmış məhkəmədənkənar inzibati orqan el arasında belə adlanırdı) məmurlarının amansız təqiblərinə məruz qalan Əzimov Seyid Qasım Əbdüləzim oğlu isə amansız bir tale yaşayıb. Onun ailə üzvləri ilə birlikdə gecə ikən yaşadığı evdən zorla çıxarıldığı , el-obadan didərgin salınaraq sürgün edildiyi acı bir xatirə kimi dillərdə dolaşır. Həmin hadisə repressiya dövrünün ən dəhşətli hekayətlərindən biri kimi Başlıbelin tarixi keçmişində silinməz iz buraxıb…
Seyid Qasım kolxoz quruculuğuna qoşulmadığı və şəxsi mülkiyyətində olan dəyirmanı könüllü şəkildə kolxoza vermığədiyi üçün 1937-ci ildə NKVD əməkdaşları tərəfindən həbs edilib. Həmin vaxt rayonda kolxoz quruculuğuna qarşı çıxan və mal-mülkünü hökumətə təhvil vermək istəməyən daha 4 nəfər tutulubmuş. Onlar bir neçə gün Kəlbəcərdə saxlanıldıqdan sonra Ağdama aparılıb. Seyid Qasım əvvəllər də dəfələrlə saxlanılaraq incidilib, NKVD əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Bu dəfə hökumətin onun yaxasından əl çəkməyəcəyinə əmin idi, mal-mülkünü könüllü şəkildə kolxoza təhvil verməsə, həbs olunacağını bilirdi. Ona görə də qiymətli əşyalarını müsadirə olunmaqdan qorumaq üçün dağlarda-dərələrdə gizlətməyə çalışırdı…
Bu dəfə isə onu ailə üzvlərinə və yaxınlarına xəbər vermədən həbs etmişdilər. Onunla daha sərt davranırdılar. Ağdama gətirildiyi gündən heç vaxt görmədiyi, tanımadığı məmurların hərəkət və davranışlarından şübhələnmişdi. Onunla eyni otaqda saxlanılanların söhbətlərini eşidəndən sonra budəfəki həbsin çətin olacağını, ömürlük sürgün ediləcəyini, hətta güllələnə biləcəyini göz önünə almışdı…
NKVD-nin Ağdamdakı gizli həbsxanasında onunla birlikdə saxlanılan məhbusların Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovla məxfi görüşü olub. Təəssüf ki, Seyid Qasımla Saxlanılan həmin məhbusların kimliyi, hansı kəndin sakinləri olması barədə məlumat yoxdur. Deyilənə görə, Mircəfər Bağırov onları ayrı-ayrılıqda qəbul edib. Qəbul otağına aparılam “qolçomaqların” heç biri girdiyi qapıdan geri qayıtmırmış, dindirmə və sorğu-sual başa çatdıqdan sonra onları arxa qapıdan naməlum istiqamətə aparırlarmış…
Qəbul növbəsi Seyid Qasıma çatanda o, dar və yarımqaranlıq dəhlizə keçib Bağırovun əyləşdiyi otağa daxil olarkən güllələnəcəyini güman edərək dodaqaltı “Kəlmeyi-şəhadət”ini oxuyub. Bağırov ayaq üstə qarşısında dayanan seyid Qasımdan “Dodağının altında nə mızıldanırsan ?”,-deyə soruşur. O isə qorxa-qorxa “Yoldaş Bağırov, “Kəlmeyi-şəhadət”imi oxuyuram”,-deyir. Onun müraciəti Mərkəzi Komitənin birinci katibini özündən çıxarır, səsinin tonunu qaldıraraq “”Qulak”, səndən mənə yoldaş ola bilməz !” – deyə onu alçaltmağa çalışır. Seyid Qasım acizanə üzrxahlıq edərək çarəsiz halda dillənir: ”Vallah özüm də bilmədim, seyid olduğum üçün “Kəlmeyi-şəhadət”imi oxudum”.
Bu dəfə, deyəsən, bəxti gətirmişdi. Görünür, Mircəfər Bağırovun əhvalının xoş vaxtına düşdüyündən, ya nədənsə, birinci katib yaşı 50-ni haqlamış seyidlə bir-iki kəlmə söhbət edir:
Quran əhlisən?
Bəli.
“Yasin” oxuya bilərsənmi?
Seyid Qasım sərt baxışlı Mircəfər Bağırovun sualından sonra bir az toxtayır. Yaxşı avazı olduğundan “Yasin” surəsini əzbər oxuyur. Mircəfər Bağırov isə eynəyini alnına qaldıraraq maraqla qulaq asır. Seyid Qasım surəni axıra qədər oxuyub qurtarandan sonra birinci katib eynəyini gözünün üstünə endirir, şəhadət barmağını qabağa uzadaraq arxa qapını göstərir: “Keç o biri otağa, sənin barəndə əməkdaşlara tapşırıq verəcəyəm…”
Birinci katibin onun ürəyəyatımlı avazından , “Yasin”i əzbər oxumasından razı qaldığını hiss etsə də, Seyid Qasım cəzasının yüngülləşməyəcəyini bilirdi. O, dindirilmə otağına aparılan məhbus yoldaşları kimi tezliklə güllələnəcəyini güman edirdi. NKVD əməkdaşının müşayiəti altında göstərilən otağa keçərkən Bağırovun amiranə şəkildə söylədiyi sözlər qulaqlarında cingildəyir. Qorxu və həyəcan içərisində otağa daxil olur.
Bir neçə yüksək çinli məmurun oturduğu həmin otaqda Seyid Qasım ayaqüstə gözləyir, onu gətirən NKVD əməkdaşı da yanında dayanır. Ən yaxın masanın arxasında əyləşən məmur qarşısındakı qeydiyyat vərəqinə baxaraq dillənir: “Səni buradan öz kəndinizə aparacaqlar, lakin bundan heç kəsin xəbəri olmamalıdır. Kəndə gecə saatlarında, camaat yatandan sonra daxil ola bilərsən. Çatan kimi gecə ikən arvad-uşağını götürüb oranı tərk etməlisən, sizə aid mal-mülklə bağlı məsələləri isə hökumət həll edəcək.”
NKVD əməkdaşları Seyid Qasımı Ağdamdan birbaşa Başlıbelə aparırlar. Tapşırığa uyğun olaraq, kəndə gecə yarıdan keçəndən sonra çatırlar. Həmin gecə onu ailəsi ilə birlikdə kənddən çıxarırlar. Qasım kişiyə özünün ilxısından cəmi bir at və azyaşlı qızı Tamam üçün bir yorğan verirlər. Kənddən o qədər tələsik çıxırlar ki, hətta ən yaxın qohumları ilə görüşmək imkanı olmur.
Seyid Qasımın gizli şəkildə Başlıbelə gətirilməsi və ailəsi ilə birlikdə sürgün edilməsindən nəinki kənd camaatının, hətta ən yaxın qonşularının da xəbəri olmayıb. Ertəsi gün isə ailənin bütün əmlakı, o cümlədən ona məxsus olan dəyirman, mal-qara və ev əşyaları müsadirə edilib…
Başlıbeldən çıxarkən Seyid Qasımın ailəsi 6 nəfərdən ibarət olub: özü, həyat yoldaşı Əziz, 31 yaşlı qızı Zinyət, 14 yaşlı oğlu Məhəmməd, 7 yaşlı qızı Güllü və 4 yaşlı qızı Tamam. Onların hara aparıldığı, hansı taleyi yaşadıqları barədə heç bir xəbər verilməyib. Hətta ən yaxın qohumları gizli şəkildə onların axtarışına çıxsalar da heç bir məlumat öyrənə bilməyiblər.
NKVD əməkdaşlarının Əzimovlar ailəsinin yerli hökumət nümayəndələrinin iştirakı ilə Kəlbəcərin Mərcimək və Ağqaya kəndləri arasındakı “Pələngə” adlanan meşəlik əraziyə gətirildiyini və yeraltı daxmalarda gizli yaşadıqları barədə çox az adam məlumatlı olub. Hökumətin qorxusundan heç kəs bu barədə danışmaq istəmirmiş. Çünki NKVD-nin gizli agentləri vasitəsi ilə nəzarət altında saxlanılan ailəyə yaxınlıqda yerləşən Mərcimək kəndinin əhalisi ilə ünsiyyətdə olmaq qadağan edilmişdi. Ailənin başçısına isə daha ağır cəzaya məhkum edilməkdən qorunmaq üçün mümkün qədər gizli yaşamaq, hətta örüş sahələrində mal-qara otaran çobanların gözünə görünməmək tapşırılıb…
1938-ci ilin axırlarında isə Əzimovlar ailəsinin Başlıbeldən 70-80 kilometr uzaqda, insan ayağı dəyməyən sıx meşəliklə əhatə olunmuş qazmzlarda yaşadığı , xüsusi xidmət orqanlarının gizli nəzarəti altında olduğu, ətraf aləmdən tamamilə təcrid edildiyi barədə ziddiyyətli xəbərlər dolaşmağa başlayıb. Başlıbeldə qalan ən yaxın simsarları şayiələrin arxasınca onların sorağına düşsələr də, heç bir məlumat öyrənə bilməyiblər.
1942-ci ildə Əzimovlar ailəsinə ağır itki üz verir. Mal-mülkü əlindən alınandan sonra doğma el-obasından uzaqda sürgün ömrü yaşayan Seyid Qasımın qızı Güllü 12 yaşında ağır xəstəlikdən vəfat edir. Cəmi bir ildən sonra özü də faciəli şəkildə dünyasını dəyişir. Mənfur sovet hökumətinin “qulak” damğası ilə cəzalandırdığı Seyid Qasımın taleyinə həyatı kimi məşəqqətli ölüm yazılıbmış…
Seyid Qasım sürgün olunandan sonra ilk dəfə gizli şəkildə Başlıbelə getmək istəyir. Gecə ikən Zülfüqarlı kəndindən bir qədər yuxarıda atla çayı keçərkən daşqın selə əhəmiyyət verməyib. Sel güclü olduğundan at çayın ortasında büdrəyib, suya qərq olan Qasım kişi nə qədər çalışsa da xilas ola bilməyib. Ertəsi gün yoldan keçənlər çayın kənarında meyiti tanıyıblar və Başlıbelin ən hörmətli adamlarından sayılan Cavad Qasımova xəbər veriblər. Cavad müəllim mərhumun qan qohumu olan və rayonda mühüm vəzifədə çalışan Həsən Bağırovla birlikdə Zülfüqarlıya gedərək Qasım kişini həmin kəndin qəbiristanlığında dəfn ediblər.
Ailə üzvləri dəhşətli hadisədən xəbərsiz idi. Başlıbeldəki qohumları isə Qasım kişinin faciəli şəkildə həlak olduğunu eşitmişdilər. Cavad müəllimlə Həsən Bağırov hadisə barədə kəndə məlumat göndərmişdi. Onlar mərhumun dəfnindən sonra Əzimovlar ailəsinin axtarışına çıxsalar da, yenə nəticə əldə edə bilməmişdilər.
Qasım kişinin ölümü həm ailəsi, həm də Başlıbel camaatı üçün uzun müddət sirr olaraq qalıb. Mərhumun ailə üzvlərinin harada, hansı şəraitdə və şərtlər altında yaşadıqlarını heç kəs bilmirdi…
Əbdüləzim oğlu Qasım Zülfüqarlıda selə qərq olanda onun böyük qızı Zinyət ailəli idi, o, Ağqaya kəndindən Şahmalı adlı şəxslə evlənmişdi. 1943-cü ilin payızında isə oğlu Məhəmməd həmin kənddən Püstə xanımla ailə qurub, onların izdivacından 6 övladları dünyaya gəlib-Şükufə, Məhyəddin, İslam, Nurəddin , Yasin və Cahangir.
İxtisasca müəllim olan və hazırda Bərdədə yaşayan İslam Seyid Məhəmməd oğlu Əzimov atasından eşitdiklərini xatırlayır: “Atam erkən yaşlarında valideynləri və bacıları ilə birlikdə kənddən didərgin salınmışdı, uşaqlıq və gənclik illəri qəriblikdə, çox ağır çətinliklər içərisində keçmişdi. O, öz xatirələrini heç vaxt bizimlə bölüşmək istəmirdi. Hətta bu barədə soruşanda müxtəlif bəhanələrlə mövzudan yayınırdı, bütün ömrünü nisgil içərisində yaşadı. Atamın dediyinə görə Seyid Qasım babam çox varlı və imkanlı adam imiş, onun 8 at, 40-50 baş sağılan inəyi, 100-ə yaxın subay malı, 12 öküzü və qoyun sürüsü olub. Bir neçə il davam edən amansız təqiblərdən sonra kəndə gələn hökumət nümayəndələri onun mal-qarasını, var-dövlətini əlindən alıb, özünü və ailəsini sürgün ediblər. Mircəfər Bağırovla təsadüfi görüş babamı uzaq Sibirə göndərilməkdən, hətta güllələnmək təhlükəsindən xilas edib. Onlar “Pələngə” meşəsində yeraltı zirzəmidə gizli yaşamaq məcburiyyətində qalıblar. Həmin yeraltı sığınacağı Seyid Qasımın bacısının əri, rayonda böyük nüfuz sahibi olan mərciməkli Mədət kişinin vasitəsilə tapıblar. Onların gizli yaşayışı uzun illər davam edib. Yalnız Stalinin ölümündən sonra repressiyalara məruz qalmış sovet vətəndaşlarına bəraət verilməsi ilə əlaqədar atamgil də gizli yaşayışdan yavaş-yavaş azad həyata keçiblər.
1959-cu ilin payızında Ağqayadan Çərəkdara köçdük. Çərəkdarda yaşayan vaxt, səhv etmirəmsə, 1963-cü ildə atamdan yaşca xeyli böyük olan bir kişi at belində bizə qonaq gəlmişdi. O, tövlədəki buxarının qabağında oturub atamla xeyli söhbət etdi. Onda mən və bacım kiçik olsaq da çox şeyi başa düşürdük, onların arasında gedən söhbətə qulaq asmaq istəyəndə bizi qovurdular. Gələn qonağın kim olduğunu bilmirdik, amma anam bizə “atanın həmkəndlisidir”,-demişdi. Onların söhbətinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyirdik, dərdli danışdıqlarını, tez-tez kövrəlib ağladıqlarını görürdük. Həm də qərib olduğumuza görə o kişini özümüzə doğma adam hesab edirdik. Hərdən çıxıb “Ev damı”nın bacasından onlara qulaq asmaq istəsək də, nə danəşdıqlarını eşidə bilmirdik. Həmin kişi gecənin yarısınadək atamla söhbət elədi, gecədən xeyli keçmiş atam da atını minib onunla birlikdə Çərəkdarı tərk etdi. Üç-dörd gündən sonra atam iki atla geri qayıtdı, atın birini minmişdi, digərinə isə arı godu (o dövrdə arı yeşiklərini içi oyularaq nehrə şəklində hazırlanan ağac qabığı əvəz edirmiş və adına “arı godu” deyərmişlər) və başqa şeylər yükləmişdi. Arı godunun işərisində silah-sursat, o cümlədən beşatılan tapança da vardı. Seyid Qasım “qulak” edilməzdən əvvəl evdəki silah-sursatı, qızıl-zinyət və digər əşyaları keçəyə bükərək kənddə “Armudun boynu” deyilən yerdə torpağa basdırıb. O vaxt biz uşaq idik, sonradan anladıq ki, Çərəkdardakı evimizə qonaq gələn kişi Seyid Qasım babamla əlaqəli adam olub, deyəsən, babamgilin subay naxırına çobanlıq edirmiş. Babam 30-35 baş subay mal-qaranı aparıb Şuşada satıb geri qayıdarkən həmin adam kəndin girişində onun qabağına çıxaraq hökumət adamlarının Başlıbeldə olduğunu xəbər verib. Babamın ölümündən bir neçə il keçəndən sonra atam Başlıbelə gedib onun “Armudun boynu”nda gizlətdiyi əşyaları, o cümlədən “Mauzer” tapançasını və patronları gətirmişdi. Atamın gətirdiyi arı godunun içərisindəki külçələr uzun müddət ailəmizin əlindən tutdu. Bununla belə, atam ömrünün sonuna qədər sovet hökuməti ilə barışmadı, onun heç əmək kitabçası da yox idi. Repressiya qurbanlarına bəraət veriləndən sonra onu Gözlübulaq kənd orta məktəbinə Azərbaycan dili-ədəbiyyat müəllimi təyin etsələr də, cəmi bir neçə gün işlədi, məktəbdə sovet təbliğatını görəndən sonra işdən imtina etdi. Deyirdi ki, sovet hökuməti atamın mal-mülkünü əlindən alaraq bizi didərgin salıb, indi mən hər şeyi unudub hökumətin təbliğatını apara bilmərəm…”
Məhəmməd kişi Başlıbelə gedib-qayıdandan sonra ailənin dolanışığı xeyli yaxşılaşıb. Lakin Seyid Qasımın (1884-1943) “Armudun boynu”nda gizlətdiyi qiymətli əşyaları gətirməkdə ona kömək edən adam haqqında heç kəsə danışmayıb, onun kimliyini övladlarından da gizli saxlayıb. Yalnız ortancıl oğlu İslamla hərdən söhbət edər, beşinci-altıncı sinifdə oxuyanda ona maraqlı əhvalatlar danışarmış. O, keçmişdə olanlar barədə susmağı daha üstün tutub.
İslam Əzimov atasının Abdulla və Şəfi adlı ləzgi dostlarını da xatırlayır. Onlardan biri Dağıstandan, digəri Ağdərənin Canyataq kəndindən olub. “Atam babamın gizlətdiyi qiymətli əşyaları gətirəndən sonra onları Abdulla və Şəfi kişinin köməyi ilə sataraq uzun illər ailəsini dolandırdı. Hər il yazda ləzgi dostları gələndə Başlıbeldən gətirdiklərindən onlara verirdi ki, aparıb satsınlar. Onlar isə bir neçə gün sonra Çərəkdara qayıdaraq satdıqları qiymətli əşyaların pulunu atama verirdilər. Çox qiymətli əşyalar idi, birini satanda az qala bir illik ehtiyacımızı ödəyirdi. 1986-cı ildə dəmir parçasını xatırladan sonuncu qızılı satmaq üçün mənə verərək dedi ki, qoy bu miras evdən qurtarsın. Həm də artıq böyümüşdük, dolanışığımız pis deyildi. Sonuncu qızılı mənə verdiyini bəlkə də evdə heç kəs bilmirdi.
Babamdan bizə qalan qiymətli əşyalar arasında daş-qaşla, gümüş pullarla bəzədilmiş kəmər də var idi. Qadın üçün bel kəmərinin üstündə dəmir pullar da vardı-qızıl onluq və iyirmibeşlik. Həmin pulların hamısını xərcləmişdik, biz böyüyəndən sonra atam kəməri də satdı. Təəssüf ki, qiymətli əşyaların gətirilməsində atama kömək edən adamın kimliyini öyrənə bilmədik, heç olmasa, onun övladları ilə ünsiyyət qurmaq istəyərdik. Amma atam həmin sirləri bizimlə bölüşmürdü. Görünür, hələ də nədənsə ehtiyat edirdilər. Çünki atamgil çox çətinliklər görmüşdü. Sonralar da qardaş-bacı bir kənara çəkilib öz aralarında danışıb ağlaşırdılar. Əsasən də Zinyət mamamla gizlinə çəkilib saatlarla söhbət edirdilər. Bizi görən kimi söhbəti dəyişib başqa mövzuya keçirdilər.
Atam deyirdi ki, Seyid Qasım babam Başlıbeldə gizlətdiyi əşyaları üç bərabər hissəyə bölübmüş. Birini öz adına, birini atamın, digərini isə həmin əşyaların gətirilməsində atama kömək edən kişinin adına. Heyif ki, babamın pay ayırdığı həmin adamı bir daha görmədik, onları bir-birinə hansı tellər bağladığını öyrənə bilmədik. O qədər kədər və ağrı-acı görmüşdük ki, keçmişdə olanları bir daha həyatımıza gətirmək istəmirdik, böyüyəndən sonra isə atam icazə vermirdi.
1960-cı illərdən sonra kəndlə əlaqələrimiz qismən bərpa olundu. Hətta Çərəkdara köçəndən sonra babamın qohumlarından bizə gəlib-gedənlər var idi : Həsən Bağirov, Cəlil Qasımov, atamın xalası uşaqları Fəttah oğlu Müzəffər, Sadıq, Məhəmməd, Əyyub qardaşları, Səməd kişi və oğlu Ələkbər, Aşıq İmran…
Qasım babamın Başlıbelə gedərkən Zülfüqarlıda selə qərq olması və bir gün sonra meyitin çayın qırağında tapılaraq dəfn olunmasını da Həsən əmi Çərəkdara gələndə söyləmişdi. O, Kəlbəcərdə işləyərkən Bakıdan rayona qayıdanda yolüstü Çərəkdara dönüb bizə baş çəkər, hal-əhval tutardı. Onu özümüzə doğma əmi hesab edirdik. Ən çətin məqamlarda o, əlimizdən tutub, bacıma elçi gələndə, mənim elçiliyimdə ağsaqqal kimi başda oturub. Kəlbəcərdə Başlıbel kəndindən olan vəzifə sahibləri – Qənimət Rzayev, Aydın Əzimov, Məhəmməd Salahov, həmçinin ictimai-iaşə xidmətində çalışan Zöhrabla məni Həsən əmi tanış eləmiş, ata-babamın el-obadan niyə uzaq düşdüyünü onlara söyləmişdi. Səməd kişi də tez-tez gələrdi, kiçik yaşlarımda “Qurani-Kərim”dən ayələr oxumağı ondan öyrənmişdim. Həmçinin Aydın Əzimovla çox yaxın münasibətlərimiz vardı, o da Qarabağa gedib-gələndə yolüstü bizimlə görüşürdü. Bir şey lazım olanda atam onları kağıza yazıb verər, o da alıb göndərərdi”.
1980-ci illərdə Seyid Qasımın Çərəkdarda yaşayan övladları ilə Başlıbel camaatı arasında əlaqələrin bərpası üçün yeni imkanlar yaranıb. Məhəmməd kişi oğlanlarından birinin öz ata-baba yurdunda –“Əbdüləzim oğlu Qasımın dəyirmanı” adlanan yerdə ev tikməsini və orada yaşamasını arzulayıb. O,1985-ci ildə Həsən Bağırovun tövsiyyəsindən sonra arzusunu həyata keçirmək istəsə də, sovet hökumətinin dağılması, Qarabağda erməni separatizminin baş qaldırması Əzimovlar ailəsinin planlarını pozub.
“Atam çox istəyirdi ki, babamın yurdunda bir komamız olsun, camaatla qaynayıb-qarışaq. Amma bir dəfə də olsun, ora gedə bilmədik. O, içindəki nisgili heç kəslə bölüşmürdü. Atamgil faciəli, ağrılı-acılı həyat yaşamışdılar, 6 nəfərlik ailənin hamısı pərən-pərən düşdü. Doğma yurdundan didərgin salınandan sonra babamın həyat yoldaşı Əziz nənəm xəstələndiyinə görə onu öz istəyi ilə Qubadlının Mollu kəndində yaşayan qohumlarının yanına aparıblar. Aradan bir ay keşməmiş oradaca dünyasını dəyişib, məzarı da Molludadır. Güllü mamam çöldə-biyabanda yaşadıqları dövrdə çətinliyə, şəraitsizliyə tab gətirməyərək erkən yaşlarında dünyasını dəyişib, Seyid Zinyət mamam ailə qurandan sonra Ağqayadan Çərəkdara köçdülər. Babamın kiçik qızı seyid Tamam isə Tərtərin Böyük Mamırlı kəndinə gəlin köçmüşdü. Tamam mamam ildə bir neçə dəfə Qubadlının Pircahan sovetliyində yaşayan xalasıgilə gedər, anasının məzarını ziyarət edib qayıdardı. Sovet hökuməti dağılandan sonra başımız təzəcə açılmışdı ki , əvvəl Kəlbəcər, ardınca da Qubadlı işğal olundu. Uşaqların bəzisi Əziz nənəmin məzarını bir dəfə də ziyarət edə bilmədilər “, – deyə İslam Əzimov kədər və təəssüf hissi ilə bildirir.
Elxan Salahovun qələmə aldığı bu ürək dağlayan insan taleyinə aid sənədli hekayəni həyəcansız oxumaq mümkün deyil. Bütöv bir ailənin başına gətirilən faciəni qələmə almaq jurnalist üçün o qədər də asan başa gələn bir iş deyil. Jurnalist bu hadisələri qələmə alarkən bir daha həmin ağrı-acını daxilən yaşayır və hadisələrin iştirakçısına çevrilir. Uzun illər böyük bir kənd əhalisi üçün qaranlıq qalan Seyid Əbdüləzim oğlu Qasımın özünün və ailə üzvlərinin gizli həyat səhifəsinin aydınlaşdırılmasında göstərdiyi xidmətlərə görə Elxan Salahova dərin təşəkkürümüzü bildiririk.

Oqtay SALAHLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bashlibel.az