• Şb. Apr 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

BAŞLIBEL ZİYALILARI-MOLLA MƏHƏMMƏD

Dek 28, 2022
Müdrikcəsinə deyilmiş bir ifadə var: Ömrunu xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir.

Loading


(Əvvəli saytımızın 25.12.20022 –ci il tarixli buraxılışında)
Molla Məhəmməd ali təhsilini başa vurub doğma kəndi Başlıbelə qayıdanda müəllimləri ona neçə-neçə qədim Quran kitabları bağışlamışdılar. Həmin kitablar ölçüsünə görə böyük, üzləri isə dana dərisindən cildlənmiş kitablar olduğudan çəkiləri də xeyli ağır idi. Deyilənə görə atası Mirzə kişi piyada onu qarşılamağa gedib, kənddən xeyli uzaqda oğlunu qarşılayır. Molla Məhəmməd mindiyi atdan düşüb atasına ata minməyi təklif edir. Lakin Mirzə kişi ata minmir, təkidlə oğlunu ata mindirir, atın yüyənini isə əlində tutub atın qabağı ilə piyada kəndə yaxınlaşır. Kənddə qarşılaşdığı adamlar Mirzə kişini qınayıb oğlunun ata minməsini, özünün isə, heç olmasa, atın tərkinə minməyib piyada gəlməsini pisləyirlər. Mirzə kişi camaata : “Oğlum elmli adamdır, onun yeri həmişə məndən yüksəkdədir! Hətta onun elminin çəkisi o qədər ağırdır ki, bir at onu güclə daşıya bilər! “-deyə cavab verir.
Molla Məhəmməd uzun illər Sovet hökumətinin ciddi qadağalarına baxmayaraq Başlıbel kəndində dini mərasimləri icra etmiş, hətta qonşu rayonlarda yaşayan insanlar da uzun illər onun dini xidmətlərindən yararlanmışdılar. Molla Məhəmməd öz elmini həvəslə ona müraciət edənlərə öyrədirdi. Odur ki, Başlıbel və ətraf kəndlərdə onun neçə-neçə yetirmələri var idi. Sovet hökumətinin yerli strukturları dəfələrlə ona dini elmləri yaymaması barədə xəbərdarlıq etmişdi. Edilən bütün xəbərdarlıqlara baxmayaraq Molla Məhəmməd öz fəaliyyətindən qalmamış, xalqına xidmət edərək dinin ayinləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Ona görə də hakimiyyət orqanları Molla Məhəmmədi cəzalandırmaq üçün ilk fürsətdən səmərəli istifadə etdilər. Molla Məhəmmədin əmisi oğlu Əlini (Ələsgərov Hüseyn müəllimin atasını) kolxoza məxsus bir neçə kiloqram şorun əskik gəlməsi ucbatından həbs edirlər. Molla Məhəmməd onu buraxdırmaq üçün rayon prokurorunun yanına xahişə gedir. Prokuror onun xahişini rədd etdiyindən Molla Məhəmməd xahişini təkrarlayır və ona bunun müqabilində pul vermək istəyir. Belə vəziyyətin yaranmasından dərhal istifadə edən prokuror Molla Məhəmmədi rüşvət vermək üstündə təqsirləndirərək həbs edir. Molla Məhəmməd altı il Şuşa qalasında həbsxanada qaldıqdan sonra ona dini fəaliyyətlə məşğul olmamağı tapşıraraq azad edirlər. Lakin bütün bunlara baxmayaraq, Molla Məhəmməd ömrünün sonunadək yaşadığı Başlıbel kəndində dini ayinləri vaxtlı-vaxtında yerinə yetirirdi. Onun Xorasandan gətirdiyi iyirmiyə qədər iri həcmli dəri üzlüklü Quranlar həmişə evindəki ən əziz yerdə saxlanılırdı. 1969-cu ilin payızında Molla Məhəmməd vəfat etdikdən sonra onun oğlu İbrahim Mirzəyev atasının sənətini davam etdirməyə başladı. Kəlbəcər işğal olunanda Molla Məhəmmədin Quranlarından bir neçəsini Molla İbrahim xurcuna yığıb çiyninə alaraq piyada Başlıbeli tərk etmiş, digər Quranlar isə işğal altında olan Başlıbeldə qalmışdır.
Molla Məhəmməd elmə və elmli adamlara xüsusi məhəbbətlə yanaşmışdır.

Odur ki, onun böyük oğlu Hacı Mirzəyevə xüsusi məhəbbəti var idi. Hacı Mirzəyev ali təhsil alıb doğma Başlıbeldə müəllim işlədikdən sonra ailə qurmasına baxmayaraq atası ilə birlikdə on ilə yaxın yaşamışdır. Hacı müəllim Molla Məhəmmədin elmə, eləcə də təhsilli insanlara münasibəti haqqında danışarkən deyərmiş ki, atam təhsilli insanlara xüsusi hörmətlə yanaşırdı. Ailə qurandan sonra atamla birlikdə yaşadığımız 10 ildə mən evə gəlməmiş atam çörək yeməzdi. Mən evə gələndə həmişə çalışardı ki, ayağa dursun, lakin mən ona imkan verməzdim, deyərdim ki, mən sənin övladınam, əziyyət çəkib ayağa durma. Lakin onun cavabı belə olardı : “Elmli adamlara hörmət etmək hər bir kəsin borcudur! ”Hacı Mirzəyev Kəlbəcər işğal olunan günə qədər Başlıbel kənd orta məktəbində müəllim, direktor müavini və məktəb direktoru işləmiş, öz həmkəndlilərinə, eləcə də qonşu kəndlərdən bu məktəbə oxumağa gələn şagirdlərə elmin sirlərini öyrədirdi. 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğal edildikdən sonra Hacı Mirzəyev pedoqoji fəaliyyətini Bakı şəhərində təşkil etdiyi məcburi köçkün məktəbində davam etdirmişdir.
( Ardı var…)

Oqtay SALAHLI

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »