• Ç. May 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

BAŞLIBEL ZİYALILARI

Okt 31, 2022
Müdrikcəsinə deyilmiş bir ifadə var: Ömrunu xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir.

Loading

Əziz oxucular , bashlibel.az saytımızda bu gündən sonra vaxtaşırı olaraq Başlıbelimizin ziyalıları haqqında xatirələri və məqalələri dərc etməyi planlaşdırırıq. Bu yöndə dərc edəcəyimiz yazılarımızı ” Başlıbel ziyalıları ” rubrikası altında dərc edəcəyik. Bu rubrikada dərc olunacaq yazılarda Başlıbel kənd orta məktəbinin yarandığı gündən bəri orada işləmiş fədakar müəllimlərimiz,həmin məkrəbin məzunu olan elm adamları,rayonumuzda və respublikamızda tanınan məşhur başlıbellilər haqqında məqalələr dərc edəcəyik.

Bu rubrika altında ilk məqaləmi əlimdən qələm tutub mənə hərfləri yazmağı öyrədən, mənim bu günümə qədər öyrəndiyim bütün biliklərin bünövrəsini qoyan , şəhid müəllimim Qənaət Ağamirova həsr edirəm.

1968-ci ildə Başlıbel kənd orta məktəbinin birinci sinfinə gedəndə məktəbimiz rəhmətlik Əli müəllimgilin evinin yanındakı binada fəaliyyət göstərirdi. Buna qədər Başlıbel məktəbi əvvəlcə dükançı Məhəmməd əminin mağazasının yanında, sonra Qarakişi əmimin evinin yanındakı klubun yerində olmuş, biz 4-5-ci siniflərdə oxuyanda “Çay məktəb” (sonralar həmin məktəbin yerində poçt və ATS üçün bir, hamam üçün iki bina tikilmişdi), 10-cu sinifdə oxuyanda isə çayın o tayında – “Xırman” deyilən yerdə yeni tipli məktəb tikildi.
Bizim sinif 10-cu şinfi (o zaman orta təhsil 10 illik idi) köhnə məktəbdə 1978-ci ildə başa vurdu, növbəti dərs ili o taydakı yeni tipli məktəbdə başladı. Biz məktəbdə oxuduğumuz illərdə direktor rəhmətlik Məhəmməd Şahbəndəyev, 10-cu sinifdə rəhmətlik Hacı Mirzəyev oldu. Birinci sinif müəllimimiz  mamam oğlu rəhmətlik Qənaət Ağamirov idi. Çox savadlı, tələbkar, öz işini sevən bir gənc idi. Hələ evlənməmişdi, son dərəcə həvəslə, canıyananlıqla dərs keçərdi. Dərsdə bütün şagirdlərlə bir-bir vaxt keçirər, yazı yazanda yaxınlaşıb əlimizdən tutar, bizə qələm tutmağı öyrədərdi. Şagirdlərin sayı çox olduğundan siniflərimiz “a” və ” b” siniflərinə bölünmüşdü. “A” sinfinə Qənaət müəllim, “B” sinfinə isə Sona müəllimə dərs deyirdi. Uşaqların çoxluğuna baxmayaraq Qənaət müəllim hamı ilə məşğul olmağa, çətinlikləri adlamağa kömək edərdi. Çox gözəl xətti var idi Qənaət müəllimin. Hərfləri muncuq kimi bir-birinin dalınca elə  düzərdi ki, hamı yazısında ona oxşamaq istəyərdi. Həmişə arzusunda olardım ki, kaş mən də müəllimim kimi səliqəli yaza biləydim. Lakin heç vaxt buna nail ola bilmədim.
O vaxt yazını çernellə yazardıq. Qənaət müəllim yazı yazarkən qələmi vərəqin üzərindəki sətirlərə yaxınlaşdırar, vərəqlə kiçik bir məsafə saxlar, bir neçə dəfə qələmi fırladar (sanki yazı yazacağı nöqtəni tuşlayırdı), sonra yazmağa başlardı. Dərslərimizi bilməyəndə bizi küncə qoyar, əllərimizi yuxarı qaldıraraq üzü divara tərəf, bəzən isə bir ayaq üstündə dayanmağımızı  əmr edər, yorulub əldən düşənə qədər bizi bu vəziyyətdə saxlayardı. Hətta bəzən əlimizə daş verib qolumuzu açıq saxlamağa əmr edərdi. Bu, Qənaət müəllimin tərbiyə üsulu idi və belə cəzalar dərslərimizi bilməyəndə və ya kobud qayda pozuntusu edəndə təkrarlanırdı. Bu cəzanı görən şagirdlər dərsə hazırlıqsız gəlmək vərdişindən birdəfəlik əl çəkirdilər. Əksər vaxtlarda bizi mehribanlıqla danışdırar, dərs oxumayanda isə cəzalandırardı. Onun ən yüngül cəzası sağ əlini yumruq formasına salıb, orta barmağlnı azca irəli çıxarmaqla həmin barmaqla başımıza vurması idi. Qənaət müəllim bu cəza növlərinin hamısını mənim üzərimdə tətbiq etmişdi. Mən dayısı oğlu olduğuma görə dərsə hazırlıqsız gəlməyimi heç vaxt cəzasız buraxmırdı. Tale onu sevdiyi peşədən tez ayırdı. Birdən-birə sevimli müəllimiz bizi tərk etdi. Bunu heç nə onun özü, nə də yeri gələndə əzizlədiyi, zərurət yarandıqda sərt şəkildə cəzalandırdığı şagirdləri istəmirdi. Amma biz 3-cü sinfi başa vuranda Qənaət müəllim xəstələndi. Bir daha məktəbə gəlmədi…
1993-cü ilin aprelində Kəlbəcər işğal olunanda Başlıbeli tərk etmədi, doğma yurdunda ölməyi daha üstün tutdu. İşğaldan cəmi bir neçə gün sonra ermənilər onu yaşadığı evin qarşısındaca qətlə yetirmişdi. Qənaət müəllim ölümü ilə də yüksəldi, Şəhidlik zirvəsinə ucaldı. Allah rəhmət eləsin!

Oqtay SALAHLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »