Başlıbel – mənim doğulduğum, boya-başa çatdığım doğma kəndimdir. Ata-baba yurdumdur. Kəlbəcər rayonunun, Dəlidağın ətəyində yerləşən ən böyük, ən zəngin bir kəndi idi. Vətən deyəndə yadıma düşən ilk söz, ilk qəlb döyüntüsü, ürək göynərtisi, çəkdiyim ilk ahdı Başlıbel! Hələ uşaqlıq xəyallarımda Başlıbel üçün çox şey eləməyi düşünürdüm. Amma heç nə edə bilmədim, hətta düşmən tapdağından da qoruya bilmədim, indiyənə qədər də heç nə edə bilməmişəm Başlıbelim üçün, heç nə…
Nə yazıqlar olsun ki, hələ də başlı-belli Başlıbelsizəm! Əslində canlı yaşar hamının az-çox düşünməyə başı da var, bu başı layiq oldu, olmadı “yuxarı tutub” saxlamağa beli də. Amma hərdən düşünürəm, Başlıbelsiz bu baş nəyi düşünüb, bu bel nəyi daşıya bilər ki?…
Başlıbelim!
Mənim yurdum, mənim elim,
Bükülübdü Sənsiz belim,
Əyilibdi Sənsiz başım,
Ah! Nə deyim, nə danışım!
Qələm gücsüz, baş dumanlı
Tarixinin dəryasına,
baş vurmağım nə gümanmı?
Bu dəryanın hay-harayın,
duyduğum tək necə yayım?
Hansı sözlə, hansı dildə,
Nə üslubda, nə ölçüdə
Yazım ki, SƏNİ
Olduğun tək, duyduğum tək
Yaza bilim, duya bilim?
Günahımın bircəsini
Barı belə yuya bilim.
Ceyran gözlü bulaqların,
nərə çəkən gur çayların,
Mürəkkəbim olsa belə…
Meşələrdən, çəmənlərdən yarpaqların
düzüm-düzüm düzülüb
kağızlarım olsa belə,
Yenə Sənin tarixini
yazmaq üçün bəs eləməz.
Heç ağlımın kəsəri də
yozmaq üçün bəs eləməz…
Başlıbelim!
Oylaqların ən gözəli,
Min bir kəndin, elin başı,
Səndən uzaq bu bel, bədən
Necə gəzdirir bu başı?
Sənsiz həyat nədir mənə?
Cəhənnəmdir, cəhənnəm…
Sənsiz axı nə olacaq
Bu vətənə, söylə məndən?
Damarımda axan bu qan
Tər çiçəklər şirəsidir.
Bu haqq səsim haraylarım
Dəlidağın nərəsidir.
Başlıbelim!
Mənim girov Vətənim,
Mənim əsir ürəyim.
Səndən uzaq, Sənsiz, Sənli
Şoranlarda yarpaq kimi
əsin, əsir ürəyim.
Sənin qara torpağından
Mən boy atmış bir pöhrəyəm,
Anam Sənsən!
Küləyinin, nəfəsinin,
quşlarının xoş səsinin
laylasında uyumuşam.
Atam Sənsən!
Dağlarının vüqarından
Vüqar duyub böyümüşəm,
Torpağının mayasından,
sıldırımlar qayasından…
Xəmirimi yoğurmusan.
Mənliyimi mənliyindən doğurmusan.
Başlıbelim!
Ruhum Sənsən!
Bəm-bəyazlı süd kimi bir qış gecəsi,
Gecələrin gör necəsi…
Səma aydın, səma təmiz…
Səma sanki yatmış dəniz.
Ulduzların göydə naxış,
Nur toxuyur naxış-naxış.
Bürünübdü Dəlidağım
Göylərinin ay nuruna,
Bütün aləm heyran olub
bu diyarın Aynuruna!
Parıldayır göydə ulduz
Yerdə ulduz kimi qar, buz.
Ulduzları nuru ilə
öpür yerdə qarı, buzu
Göy altında milyon nemət
Kəm olarmı dadı, duzu.
Qarışıbdı nur nuruna
Üç yüzdən çox, çox evlərin
Hər küncündən işıq gəlir,
Hər daşından nur süzülür.
Bu torpağın neçə minlik övladının
Baxışından nur süzülür,
Ürəyindən işıq gəlir.
Başlıbelim, yurdum, yuvam,
elim mənim!
Bədənimdə əyilməyən baş yaratmış
başım mənim!
Qamətimə bükülməyən bel toxumuş
belim mənim!
Sən yaratdın Səndən məni.
Hər zərrəmi, hər incimi.
Qamətimin hər daşını
Əzəmətdən yaratmısan.
Əyilməyən, qırılmayan, sınmayan
Vüqarından yaratmısan.
Damarımda axan qanın
saflığı pək bulaq suyu,
Coşan çağı daşan çayın
nərə çəkən hayı, hoyu.
Mayam halal, südüm halal,
Dağ vüqarlı, sel hikkəli
əzəmətdən yaranmışam.
Yaxantıyla, “malış”la yox,
Öz anamın döşlərindən,
Dağ çiçəyi zülalından
çəkilmiş süddən əmmişəm.
Böyümüşəm, dirçəlmişəm.
Halal çörək, halal maya
Hopub yatıb sümüyümə,
Əzələmdə dağ vüqarı,
Qoca palıd əzəməti.
Sənin axı yaratdığın
qorxaq, əfəl olmaz qəti!
Bəs niyə mən qorxaq oldum,
əfəl oldum?!
Qürbət, qərib diyarlarda çürüyən bir
səfil oldum?!
Torpağına ayaq basan
Alçaq, rəzil, murdar, iyrənc…
D ü ş m ə n l ə r i n
Alçaq, rəzil murdar, iyrənc…
Başlarını üzmədim,
Ayaqların kəsmədim?
O müqəddəs ocaqlara dürtülən
Burunları ovmadım.
Alçaqları yurdumuzdan
süpürmədim, qovmadım?…
Niyə axı heç olmasa,
Bir tikana dönmədim?
Sənin məlhəm yerlərinə,
Kalan-kalan ellərinə dikilmiş
O gözlərə batmadım,
O gözləri deşmədim?
Güllələrin, atəşlərin alovunda
ərimədim bişmədim?
Və yaxud bir daşa dönüb
murdar başa düşmədim?
Niyə fərsiz oldum axı?
Bir atəşdən yaranmışkən
Niyə bir od olmadım?
Alışmadım yanmadım,
Düşməni yandırmadım?
Mənimin kim olduğun,
mənsizə qandırmadım?
Külək olub, çovğun olub, qar olub,
Kəsməliydim alçaqların yolunu.
Bir əmuda, bir toppuza dönərək,
Qırmalıydım düşmənlərin qolunu.
Dönməliydim, dönmədim,
Qırmalıydım, qırmadım…
Ömrün o müdhiş günü
Mən MƏN olmalıydım, olmadım.
Niyə? Ən ağır, ən mühüm sual budur, bu!
Ömrün axırına çıxan budur, bu
Məni qürbətlərə atan budur, bu!
Başlıbelim!
Mənim başsız bədənim…
Mənim bədənsiz başım…
Nədən deyim, nə danışım?!
Nədən Səndən olub
Sənə layiq olmadım?
Axı nəyin ucbatından
Fərli oğul olmadım?
Üstündən keçməliydi leşimin ancaq,
O məğrur dağlara göz tikən nakəs.
Yaşamaq haqqını necə alacaq,
Torpağa xor baxıb, xar olan nakəs?
İndi mən neyliyim səndən uzaqda?
Sözümün kəsəri yox, qolumun gücü.
Həsrətin qəlbimə dəli dağ çəkib,
Nəyimə lazımdır həsrətin gücü?
Mən necə yuyaram min bir günahı?
Min borcun altından necə çıxaram?
Ey elim, ey yurdum, obam Başlıbel!
Oğul tək üzünə necə baxaram?
Bağışla, Başlıbelim,
Məni bağışla!
Əfv olum, günahsız torpağa dönüm.
Yox, yox bağışlama, bağışlama Sən
Güc ver, qüvvət ver ki, yurduma dönüm,
Öz oğul borcumu verim Vətənə,
Sonra qucağında torpağa dönüm.
Bakı. 17 oktyabr 1998-ci il.
Dirçəliş günü.
Hüseyn Mİrzə
Qələminə və ruhuna qüvvət, canına sağlıq arzulayıram, Hüseyn müəllim! Əla ifadə etmisən!
Ellerinize sağlık çok güzel bir yazı harika bir şiir olmuş, inşallah gelir bu güzel kentinizi beraber gezeriz.
Sevgilerle
Fatih