![]()
Başlıbel kəndi tarix boyunca həm təbiəti, həm də mərd və vətənpərvər insanları ilə seçilmişdir. Uzun illər düşmən tapdağı altında qalan bu qədim yurdun hər daşı, hər təpəsi bir həyat hekayəsi yaşadıb, yaddaşlarda silinməz izlər qoyub. İşğaldan azad olunmasından sonra kəndin yenidən qurulması və əvvəlki ruhuna qaytarılması istiqamətində bir çox mühüm işlər görülməkdədir. Bu quruculuq işləri sırasında kəndin aşağı və yuxarı qəbiristanlıqlarının təmizlənməsi və abadlaşdırılması xüsusi mənəvi əhəmiyyət daşıyır.
Zahirən sadə görünən, lakin mənəvi dəyəri çox böyük olan bu işlər Başlıbelin mərd övladlarının könüllü əməyi sayəsində həyata keçirilmişdir. Belə dəyərli təşəbbüslərdən biri də 2–5 iyul 2025-ci il tarixlərində kənd sakinləri — Məmmədov Saməddin Əhəd oğlu, Məmmədov Nizaməddin Əhəd oğlu, Məmmədli Elsevər Saməddin oğlu və Məmmədli Məhəmməd Saməddin oğlu tərəfindən görülmüşdür. Onlar kəndin yuxarı və aşağı qəbiristanlıqlarını alaq otlarından təmizləmiş, ərazini abadlaşdırmış və yuxarı qəbiristanlığı tam şəkildə çəpərləyərək daha səliqəli və qorunan hala gətirmişlər.
Bu xeyirxah işlər kəndin yaddaşını, keçmişini və dəyərlərini yaşatmaq üçün atılmış böyük bir addım olmaqla yanaşı, vətənə və ata-baba ruhuna olan sonsuz ehtiramın bariz nümunəsidir. Məmmədovlar bu işi sadəcə bir vəzifə deyil, mənəvi borc olaraq qəbul etmiş, əllərindən gələn hər şeyi səylə yerinə yetirmişlər. Onlar üçün bu təşəbbüs daxildən gələn ruhani bir çağırış, vicdani bir məsuliyyət idi.
Bu əməkləri ilə Məmmədovlar, təkcə doğmalarının deyil, Başlıbelin bütün şəhidlərinin və əcdadlarının ruhuna sayğılarını göstərmiş, kəndin yenidən dirçəlişində nümunəvi bir iz qoymuşlar.
Yalçın Ağayev
Bashlibel.az

Bashlibel.az