Fevralın 25-də Bərdə şəhərində məcburi köçkünlər qəsəbəbinə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalılar, ağsaqqalar və gənclərlə (Bərdədə məskunlaşmış) görüşü keçirilib.
Toplantı başlanmadan öncə Bərdə Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət edilib, onların ruhlarına dua oxunub. Toplantı Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Başlıbel şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov toplantının gündəliyini elan edərək bildirib ki, məqsəd Başlıbel sakinlərinə Birliyin bu günə qədər fəaliyyəti haqqında məlumat vermək, Birliyin gələcək fəaliyyətini necə görmək istədikləri barədə sakinlərin fikirlərini və təkliflərini dinləmək, gələcəkdə həmin təkliflərin reallaşdırılması üçün ilkin hazırlıqdır. Bundan öncə eyni məqsədli toplantı fevralın 5-də Bakıda paytaxtda məskunlaşmış başlıbellilərlə keçirilib.
Vüqar Həşimov həmçinin bildirib ki, toplantı eyni zamanda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na dəstək xarakteri də daşıyır.
Vüqar Həşimov Birliyin yaranması prosesi və səbəbləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, əsas məqsədərdən biri Başlıbeldə yeni nəsilə Başlıbelçilik ənənələrini aşılamaq, Başlıbelə qayıdış işlərində sakinlərin imkanlarını səfərbər edib dövlətimizə bu işdə dəstək verməkdir.
Vüqar Həşimov Birliyin dövlət qeydiyyatına alınmasından sonra 9 oktyabr 2022-ci ildə birinci Ümumi Yığıncağından keçən müddətdə gördüyü işlər barədə məlumat verib. Həmçinin dekabrın 12-dən Laçın yolunda ekofəalların keçirdiyi aksiyanın ilk günlərində Birliyin sədri başda olmaqla 4 üzvün iştirak etdiyini, Başlıbelin təmsilçiliyinin təmin olduğunu bildirib. Bundan başqa Kəlbəcər rayon İcra Hakimiyyətinin “Heydər Əliyev ili” çərçivəsində təşkil etdiyi tədbirdə Birliyin sədr səviyyəsində təmsil olunduğunu da V.Həşimov diqqətə çatdırıb. Sədr həmçinin məlumat verib ki, Başlıbel kəndində mobil rabitə stansiyalarının qurulması üçün Azersell və Baksell şirkətlərinə Birliyin rəsmi müraciətləri olub. Həmçinin kəndə ziyarətə gedənlərin gecələməsi üçün ATS binasının təmirinə icazə verilməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə rəsmi məktub ünvanlanıb. Başlıbelə sakinlərin səfərlərinə şərait yaradılması üçün müvafiq hökumət orqanlarına müraciətlər ünvanlanıb, görüşlər keçirilib.
V.Həşimov vurğulayıb ki, bundan sonra da qarşıya qoyulan və qoyulacaq planların uğurla həyata keçirilməsi üçün bütün Başlıbel sakinlərinin Birlikdə təmsil olunması şərtlərdən biridir.
Birliyin sədr müavini Nurəddin Həşimov isə Birliyin il ərzində həyata keçirməyi planlaşdırdığı işlər barədə də toplantı iştirakçılarına məlumat verib. O deyib ki, Bəylik-Başlıbel yolunun dağılan hissələrinin təmiri, kəndi və Başlıbel qətlimanında şəhid olanların məzarlarını ziyarətə gedən insanların gecələməsi üçün ATS binasının təmir olunması, mobil rabitə stansiyasının kənd ərazisində qurulmasına nail olmaq, kəndin Qəbirsanlığının dəmir torla əhatələnməsi, kəndin içərisində dağılmış bulaqların bir neçəsinin bərpası, Başlıbel qətliamının 30-cu ildönümünün keçirilməsi, dövlətimizin görəcəyi işlərə mümkün dəstəyi vermək nəzərdə tutulub.
N.Həşimov qeyd edib ki, 18 aprel Başlıbel qətliamının 30-cu ildönmü ilə bağlı Bakıda tədbir keçirilməsi nəzərdə tutulmaqla yanaşı, Başlıbeldə qətliam baş verən ərazidə anım tədbirinin keçirilməsinə hakimiyyət orqanlarından icazə alınması üçün addımlar atılır.
N.Həşimov həmçinin məlumat verdi ki, Birlik Avropa ölkələrinin birində Başlıbel qətliamının təbliği üçün tədbirlər keçirmək istəyir. Bunun üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ilə üçün elan etdiyi müsabiqəyə layihə təqdim etməyə hazırlıq görülür. Agentlik müsabiqə mövzuları sırasına Başlıbel faciəsinin Avropa ölkələrində təbliğini daxil edib. Birliyimiz müsaqbiqəyə layihə təqdim eləyəcək. Layihə Agentlik tərəfindən dəstəklənəcəyi halda Avropa ölkələrindən birində tədbirlər həyata keçiriləcək.
N.Həşimov 1993-cü ilin 2 aprelindən indiyə qədər dünyasını dəyişən Başlıbel sakinlərinin siyahısını hazırladıqlarını və Bashlibel.az saytında arxivləşdiriləcəyini də qeyd edib.
Birliyin Nəzarət Təftiş Komissiyasının sədri Yusif Salahov isə Birlik üzvlərinin ödədiyi üzvlük haqları ilə bağlı şəffaflıq və hesabatlılıq barədə məlumat verdi. Yusif Salahov hər bir manatın qeydiyyatının bank üzərindən aparıldığı və xüsusi cədvəldə əksini tapdığını bildirdi. Aylar üzrə cədvəli təqdim etdi.
NTK sədri qeyd etdi ki, üzvlük haqqı ödənilməsi həm Nizamnamənin tələbi, həm də bir nizam-intizam məsələsidir. Ona görə də biz Birliyimizin güclənməsi naminə bu məqamı nəzərə almalıyıq.
Birliyin İdarə Heyətinin üzvü Natiq Salahov isə Başlıbel icmasının fonduna ianələrdən toplanmış vəsaitin idarə olunması ilə bağlı iştirakçılara məlumat verdi və sakinlərin bu mövzuda suallarını cavablandırdı. Kənd sakini Təbib Məmmədovun ötən il Bəylik-Başlıbel yolunun gediş-gəliş üçün yararlı vəziyyətə gətirilməsi işinə fondun nə qədər vəsaitinin sərf edildiyi barədə sualına cavabında N.Salahov bildirdi ki, həmin iş üçün fonddan bir manat olsun vəsait xərclənməyib. Natiq Salahov fonddakı vəsaitin idarə olunması və saxlanması ilə bağlı zərrə qədər də olsun narahatlığa ehiyc yoxdur.
N.Salahov sonda təklif etdi ki, Birliyin Qadınlar Şurasının yaradılması vacibdir.
Bashlibel.az saytının redaksiya heyətinin üzvü Yalçın Ağayev isə saytın təqdimatını etdi və saytın imkanları haqda ətraflı məlumatlandırma elədi.
Birliyə yeni üzvlərin qəbulu ilə bağlı isə İdarə Heyətinin üzvü Rövşən Həşimov çıxış etdi. Başlıbeli çox sevdiyini deyən R.Həşimov qeyd etdi ki, kəndimizin və Birliyin gələcəyi üçün əlindən gələni bundan sonra da edəcək. R.Həşimov özün Başlıbelli hesab edən hər bir şəxsin Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə üzv olması kəndin gələcəyinin arzu etdiyimiz kimi olması üçün lazımdır. Biz nə qədər monolit olsaq, nə qədər çəkici bir yerə vursaq kəndimiz bir o qədər tez qurulacaq.
Birliyin sədr mavini, Bashlibel.az saytının redaksiya heyətinin üzvü Etibar Ağayev isə ötən ilin oktyabrından fəaliyyətə başlayan Bashlibel.az saytının həm Birlik, həm də Başlıbel kəndi üçün əhəmiyyətindən danışdı. Təbliğatın və təşkilatlanmanın müasir dövrdə uğurun əsas açarlarından biri olduğunu bildirən E.Ağayev Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin və bashlibel.az saytının Başlıbel kəndinin gələcəyində, qurulmasında, kənd sakinlərinin gələcəkdə istək və arzularının daha asan həyata keçirilməsində rolunun olacağını qeyd etdi.
Sonra toplantı iştirakçılarının-sakinlərin çıxışları oldu. Birliyin gələcək fəaliyyəti barədə təkliflər irəli sürüldü. Təkliflər dinlənildi. Suallar cavablandırıldı.
Başlıbelli ziyalı, ağsaqqal müəllim, Birliyin üzvü Kamil Qədimov çıxışında bildirdi ki, artıq yaşlı nəslin çoxu dünyasını dəyişib. Başlıbeli qurmaq, başlıbelçiliyi yaşatmaq gənc nəslin üzərinə düşür. Gənc nəsil Bilrik ətrafında birləşməli və kəndimizin gələcəyini qurmalıdır, dövlətimizə dəstək olmalıdır.
O qeyd etdi ki, Ali baş Komandanımız İlham Əliyevi Allah qorusun güclü ordumuzun qüdrəti sayəsində Başlıbeli azad etdi. İndi Başlıbeli qurmaq qarşıda dayanan işdir, əminik ki, qurulacaq: “Gənclər Başlıbeldəki ənənələri qorumalıdırlar. Böyük kiçik yeri həmişə bilinib. Biz bu cür ənənələri yaşatmalıyıq. Kənarda qalan bütün Başlıbelliləri Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə qoşulmağa çağırıram. Birliyin gələcəyi ilə bağlı nikbinəm. Başlıbelin qurulması üçün bundan sonra hər bir birimiz aktiv olmalı, əmək sərf etməliyik. Kəndimizin Məscidi dağıdılıb. Həmin Məscidin inşası ən vacib məsələdir”.
Başlıbelli ziyalı Təbib Məmmədov Birliyin fəaliyyətinin güclənməsinin və sıralarına Başlıbel qətliamının tanıdılması işində əməyi olan hər kəsin cəlb olunmasının vacibliyini bildirdi. T.Məmmədov Birliyə üzv qəbul olunmaq üçün müraciət etdi.
Başlıbelin 88 yaşlı ağbirçəyi, şairəsi Bağdat Mirzəyeva isə Birliyə xeyir-dua verdi. Belə bir Birliyin yaradılmasına hədsiz sevindiyini deyən Bağdat Mirzəyeva hər kəsi birliyə, br yerdə olmağa, kəndimizin gələcəyi naminə Birlik ətrafında cəmləşib dövlətimizə dəstək verməyə çağırdı. Bağdat Mirzəyeva çıxışının sonunda Başlıbelə həsr etdiyi şeirlərindən birini söylədi.
Başlıbelli ağsaqqal Pənah Mehdiyev isə kənd sakinlərinin kəndi ziyarət etməsi üçün bütün qanuni imkanlardan istifadə olunmasının vacibliyini bildirdi.
Başlıbelli tanınmış həkim Muradxan Fərzanov isə çıxışında bildirdi ki, Birliyin yaradılmasının və dövlət qeydiyyatına alınmasının çox böyük əhəmiyyəti vardır və bu da kəndimiz adına çox böyük nailiyyətdir. Bundan sonra isə Birliyin fəaliyyətinin gücləndirilməsi hədəf olmalıdır. M.Fərzanov Birliyə müasir tələblərə cavab verən yüksək bilikli, elmli gənc mütəxəssisləri mümkün qədər çox cəlb etməyin vacibliyini təklif etdi.
Başlıbelli ziyalı, ağsaqqal müəllim Əli Cəfərov isə Birliyin kəndin necə qurulması ilə bağlı, sakinlərin öz kəndlərini necə qurulması ilə bağlı təkliflər paketi hazırlayıb hökumətə təqdim etməyin məqsədəuyğun olduğunu bildirdi.
Başlıbel sakini Seyfəddin Yusifov isə Biriyin kəndin köhnə ənənələrini yaşatmaq üçün müəyyən tədbirlər görməsini təklif etdi.
Birliyin üzvü Dağlar Həsənov isə bütün kənd sakinlərinin Birlikdə təmsil olunmasının vacib saydığını dedi, həmçinin qadınların Birlikdə təmsillçliyinin çoxalmasını zəruri hesab etdiyini bildirdi.
Kənd ağsaqqalarından Səttar Tağıyev isə bildirdi ki, Başlıbel kəndi bütün sahələr üzrə mütəxəssislərə sahibdir. S.Tağıyev gələcəkdə kəndin qurulmasında onlardan istifadə olunmasının vacibliyini qeyd etdi və Başlıbelin gələcəkdə istədiyimiz kimi qurulması üçün hər an səfərbər olmağa, dövlətə dəstək olmağa sakinlərin hazır olduğunu bildirdi. S.Tağıyev kənd sakinlərinin fermer təsərrüfatlarının bu il kəndə aparılmasına köməklik edilməsini təklif elədi.
Çıxışlar yekunlaşdıqdan sonra iştirakçıların bir çoxu Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə üzv olmaq üçün ərizə yazıb təqdim etdilər.
Sonda Bilriyin sədri Vüqar Həşimov irəli sürülən təkliflərin qeydə alındığını və gələcək fəaliyyətdə həyata keçirilməsinə çalışılacağını bildirdi.
Toplantının sonunda Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin loqosunun əks olunduğu döş nişanları Birlik üzvlərinə təqdim olundu
Etibar Ağayev
Bashlibel.az
Bərdə şəhərində Başlıbel kəndinin həmin ərazidə məskunlaşmış sakinləri ilə görüşümüz səmərəli oldu. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm.
Başlıbel ictimai birliyinə uğurlar arzulayıram.Başlıbel şəhidlərinə,və eləcə də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.Birliyiniz davamlı və daimi olsun.