İyunun 2-də “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Kəlbəcər rayonunun Bəylik-Başlıbel kəndi arası 12 kilometrlik yolunun və Başlıbel kəndi daxilindəki yolların sel daşqınları nəticəsində dağılmış hissələrinin qismən təmiri həyata keçirilib. Bashlibel.az xəbər verir ki, bu məqsədlə “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin rəhbərliyi Kəlbəcərdə yol-tikinti işləri ilə məşğul olan Türkiyənin “Kolin” İnşaat Şirkətinin rəhbərliyi ilə danışıqlar aparıb. Şirkət rəhbəliyi ilə aparılan danışıqlar müsbət nəticələnib. Qeyd olunan tarixdə yolların qismən təmiri işlərinə yerində nəzarəti Birliyin sədri Vüqar Həşimov və İdarə Heyətinin üzvü Rövşən Həşimov həyata keçiriblər.
Vüqar Həşimov bilidirib ki, Kəlbəcərin ən böyük kəndlərindən olan Başlıbelin gələcəkdə dövlətimiz tərəfindən qurulacağı, ən müasir standartlara uyğun yolla təmin ediləcəyi şübhəsiz ki, reallaşacaq. Lakin nə qədər ki, kənddə quruculuq işləri start götürməyib o zamana qədər kəndə təsərrüffatlarını aparan, ziyarətə gedib gələn, xüsusilə də Başlıbel qətliamı şəhidlərinin məzarlığının ziyarətinə gedib-gələn insanların çətinliklərlə üzləşməsinin mümkün qədər azalması üçün yolların qismən də olsa yararlı vəziyyətdə olmasına vaxtaşırı zərurət yaranır. Bu zərurəti nəzərə alan “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi yolların sel dağşqınlarının dağıdıb yararsız hala gətirdiyi hissələrində yenidən qismən təmir-bərpa işlərini “Kolin” Şirkətinin vasitəsilə reallaşıdırıb. Bu məqsədlə Şirkətin 4 ədəd texinkası işə cəlb olunub. Vüqar Həşimov Birlik adından “Kolin” Şirkətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
Bashlibel.az