![]()
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, sədr müavini Nurəddin Həşimov, Birliyin Nəzarət Təftiş Komissiyasının sədri Səbuhi Ağayev, İdarə Heyətinin üzvü Rövşən Həşimov Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyevlə görüşüblər. Bashlibel.az xəbər verir ki, iyulun 2-də Kəlbəcər şəhərində baş tutan görüşdə cənab Bəşir Hacıyev Kəlbəcərdə tikinti-quruculuq işləri barədə Birlik təmsilçilərinə məlumat verib, həmçinin rayonun ən böyük kəndlərindən biri olan Başlıbelə şəxsən səfərlər etdiyini bildirib. Ölkə Prezidenti Cənab İlham Əliyevin Kəlbəcər rayonun yenidən qurulmasını xüsusi diqqətdə saxladığını nəzərə çatdıran Xüsusi Nümayəndə rayon sakinləri ilə mütəmadi görüşdüyünü, onları qəbul edib təkliflərini dinlədiyini söyləyib.
Başlıbel kəndi ilə bağlı “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təklif və ideyalarının nədən ibarət olduğu ilə maraqlanan Bəşir Hacıyev Birlik təmsilçiləri ilə səmimi atmosferdə müzakirə aparıb. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov Prezidentin Xüsusi Nümayəndəsi Bəşir Hacıyevə onları qəbul edib dinlədiyi üçün təşəkkürünü çatdırıb və öncə Birliyin indiyə qədər həyata keçirdiyi işlər barədə məlumat verib. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin kəndin içərisində Başlıbeldən olan şəhidlərə simvolik abidə ucaltmasına razılıq verilməsi Xüsusi Nümayəndədən xahiş edilmişdir.
Bəşir Hacıyev, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinə Başlıbel qətliamının tanıdılması, Başlıbel və ümumən Kəlbəcər rayonunda təbiətin qorunması işində göstərdiyi aktiv ictimai fəaliyyətə görə təşəkkürünü bildirib.
Sonra Prezidentin Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyinin rəsmisi Seymur Məmmədovla “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin nümayəndələrinin Başlıbel kəndinə səfəri həyata keçirilib. Kənddə arıçılıq və heyvandarlıqla məşğul olan sakinlərlə görüş keçirilib. Başlıbel qətliamı şəhidlərinin məzarlığı ziyarət edilib.




Bashlibel.az
Bashlibel.az