![]()
Qəbul imtahanlarının tarixi artıq açıqlanıb. İmtahanlara sayılı günlər qaldığı bu dövrdə şagirdlərin necə hazırlaşmalı olduqları daha da aktual mövzuya çevrilib. Bəs imtahanda uğur qazanmaq üçün şagirdlər nələr etməlidirlər?
Bashlibel.az Zefer.media-ya istinadən məlumat verir ki, bu haqda Elm və təhsil üzrə ekspert, “Elm” ictimai birliyinin sədri Səbuhi Abdullayev qeyd edib ki, artıq buraxılış imtahanları geridə qaldı və abituriyentlərimiz üçün növbəti həlledici mərhələ — blok imtahanları başlayır:

“Birinci cəhd imtahanlarının vaxtı artıq təyin edilib və buraxılış imtahanlarından fərqli olaraq, blok imtahanlarının iki dəfə keçirilməsi abituriyentlərimizə daha diqqətli, eyni zamanda psixoloji cəhətdən daha rahat şəkildə hazırlaşmaq imkanı yaradır. Bu mərhələdə yüksək nəticə toplamaq üçün ən vacib nüanslardan biri vaxtın düzgün bölünməsi və hər bir suala ayrılan zamanın qabaqcadan planlaşdırılmasıdır. Qarşıdakı müddət ərzində sırf imtahan proqramına düşə biləcək suallar ətrafında intensiv çalışmaların aparılması, sınaq imtahanlarının işlənilməsi və qəbul tipli test tapşırıqlarının müzakirə edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu müddətdə sistemli şəkildə, gün ərzində ən azı üç və ya dörd saat məşğul olmaq uğurun əsas açarıdır. Xüsusilə, onuncu və on birinci sinifdən müntəzəm hazırlaşmağa alışan abituriyentlərin bu qaydalara riayət etməsi, daha çox sınaq tipli testlərə üstünlük verməsi onların həm vaxtı düzgün idarə etməsinə, həm də arzuladıqları yüksək balı toplamasına şərait yaradacaqdır”.
Psixoloq Elmir Əkbər isə qeyd edib ki, imtahanlarda uğur yalnız dərslərin yaxşı öyrənilməsindən asılı deyil, psixoloji hazırlıq da çox böyük rol oynayır:

“Hər abituriyentin psixoloji xüsusiyyətləri, xarakteri və güclü-zəif tərəfləri fərqlidir, buna görə yanaşma fərdi olmalıdır. Bununla yanaşı, bütün abituriyentlər üçün bəzi ümumi qaydalar mövcuddur. Məsələn, kifayət qədər yuxu rejimi saxlamaq vacibdir, çünki yuxusuzluq beynin effektiv işləməsini əngəlləyir və məlumatın yadda qalmasını çətinləşdirir.
Düzgün qidalanma da həm fiziki, həm də zehni sağlamlıq üçün önəmlidir. Həyəcan səbəbindən bəzi abituriyentlər iştahalarını itirsələr də, zülal, vitamin və amin turşuları kimi beynin fəaliyyətinə kömək edən qidaları qəbul etməlidirlər.
Bəzi abituriyentlər həyəcan və panikaya daha çox meylli olurlar. Bu halda peşəkar psixoterapevtik dəstək almaq faydalıdır, çünki psixoterapevtik yanaşma həyəcanın idarə olunmasına və diqqətin düzgün yönləndirilməsinə kömək edir. Psixiatr və ya nevroloqa müraciət isə bəzi dərmanların beyin fəaliyyətini zəiflədə biləcəyi səbəbindən imtahan zamanı mənfi təsir göstərə bilər.
Valideynlərin də rolu çox önəmlidir. Onlar övladlarının sağlamlığı və psixoloji vəziyyətini hər şeydən üstün tutmalıdırlar. Uşaqlara qorxuducu sözlər demək və başqaları ilə müqayisə etmək stressi artırır, motivasiya yaratmır və bəzən ciddi psixoloji problemlərə səbəb ola bilər. Valideynlər övladlarına güvən hissi verməli və onları qeyd-şərtsiz sevdiklərini göstərməlidirlər ki, uşaqlar dəyərini topladıqları balla ölçməsinlər.
Eyni zamanda, hər abituriyent üçün imtahan strategiyası fərdi olmalıdır. Xarakter və temperamentə uyğun olaraq hansı fəndən başlamaq, fənlər arasında keçidi necə qurmaq və vaxtı necə bölüşdürmək kimi məsələlər fərdi şəkildə müəyyən edilə bilər. Bu cür fərdi yanaşma imtahan nəticələrinə müsbət təsir göstərir və abituriyentin potensialını tam ortaya çıxarmağa kömək edir”.
Aytən Yalçınqızı
Bashlibel.az