![]()
12 sentyabr 2026-cı ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əsas binasında “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
Öncə iştirak edən Birlik üzvlərinin və qonaqların qeydiyyatı həyata keçirilib. Yetərsay alındığı üçün Ümumi yığıncaq baş tutmuş sayılıb.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Ümumi Yığıncağının Gündəliyi səsə qoyularaq qəbul olunub.
Gündəliyə “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 3-cü Ümumi Yığıncağı katibliyinin (sədr, katib) və say komissiyasının seçilməsi, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin 15 sentyabr 2024-cü ildə keçirilmiş 2-ci Ümumi Yığıncağında qarşıya qoyulmuş fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi vəziyyəti barədə məlumat verilməsi, Birliyin son iki ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə, Birliyin ümumi fəaliyyəti barədə məlumatlandırma və qarşıdakı dövrdə həyata keçirəcəyi işlər barədə məlumat verilməsi, Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlərinin seçilməsi və cari məsələlər daxil edilib.
Ümumi yığıncağın katibliyi və say komissiyası seçilib.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov hesabat məruzəsi ilə çıxış edib. Hesabatda ötən Ümumi yığıncaqda qarşıya qoyulmuş fəaliyyət planının uğurla həyata keçirildiyi bildirlib. Həyata keçirilmiş işlər sadalanıb.
Birliyin sədr müavini Nurəddin Həşimov həyata keçirilmiş işlər barədə məlumat verməklə yanaşı, bundan sonrakı mərhələdə çox əhəmiyyətli işlərin reallaşdırılacağının nəzərdə tutulduğunu bildirib.
Birliyin üzvləri Qalib Əbdüləliyev, Hüseyn Şahbəndəyev, Osman Mirzəyev, Yusif Salahov, Natiq Salahov və digərləri çıxışlarında Birliyin və reallaşdırdığı işlərin əhəmiyyətindən söz açıblar, fəaliyyəti müsbət qiymətləndiriblər. Birliyin bundan sonra aktiv fəaliyyət göstərməsinin Başlıbel kəndi üçün vacib olduğunu bildiriblər.
Ümumi Yığıncaq Birliyin İdarə Heyətinin 5 nəfərdən ibarət tərkibdə, Nəzarət Təftiş Komissiyasının isə 3 nəfərdən ibarət təşkil olunması barədə qərar verib.
Sonra İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası üzvlüyünə namizədlərin irəli sürülməsi həyata keçirilib. İdarə Heyəti üzvlüyünə Vüqar Şükür oğlu Həşimovun, Nurədddin Aydın oğlu Həşimovun, Etibar Rafiq oğlu Ağayevin, Rövşən İsrafil oğlu Həşimovun, Qoşqar Bahadur oğlu Babayevin və Pərvin Asəf oğlu Muxdarovun namizədliyi irəli sürülüb. Qoşqar Babayev namizədliyini geri götürüb. Səsvermə ilə Vüqar Həşimov, Nurəddin Həşimov, Etibar Ağayev, Rövşən Həşimov və Pərvin Muxdarov İdarə Heyətinin üzvləri seçiliblər. İdarə Heyəti isə Vüqar Şükür oğlu Həşimovu “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri seçib.
Sonra Birliyin Nəzarət Təftiş Komissiyasına namizədlər irəli sürülüb. Vüqar Həşimov Səbuhi Rafiq oğlu Ağayevin, Yusif Sadıq oğlu Salahovun, Dağlar Müzəffər oğlu Həsənlinin və Şəhriyar Nuşirəvan oğlu Muxtarlının namizədliyini irəli sürüb. Səbuhi Ağayev namizədliyini geri götürüb. Səsvermə ilə Yusif Salahov, Dağlar Həsənli və Şəhriyar Muxtarlı NTK üzvü seçiliblər. NTK sədri Yusif Salahov seçilib.
Sonda cari məsələlər müzakirə edilib.
İrəli sürülən təkliflər qeydə alınıb və Ümumi Yığıncaq işini yekunlaşdırıb.

Bashlibel.az