![]()
İnsan hansı yaşa yetişməsindən asılı olmayaraq. Hər zaman uşaqlıq xatirələrini unutmur. Mənim də heç zaman unutmadığım, doğulub boya başa catdığım və 17 yaşında məlum hadisələrdən uzaqlaşdığım Başlıbel kəndinin Novruz ənənələridir. Novruzun gəlişi, aylar öncədən hiss edilirdi. Yanvar ayının ortalarından gizlin şəkildə yumurta döyüşməyə başlayırdıq. Hətta bəzən cantamızda məktəbədə aparırdıq ki, sinif yoldaşlarımızla birlikdə döyüşək. Elə ki, fevral ayı gəldi,bazar günləri kənddən 3-5 km aralıda arduc, gəvən toplayıb ipə bağlıyaraq, qara,tara bata-bata çəkib gətirirdik. Bu hal hər bazar olmaqla axırıncı çərşənbəyə kimi təkrarlanırdı. Artıq mart ayının ilk günlərindən parçanı top kimi büküb,məftillə möhkəm bağlayaraq şar hazırlayırdıq. Hazırladığımız şar,15-20 gün neft bocqasının içərisində qalırdı. Hər kəs məhlədə abadlıq işləri görürdü,bütün evlərdə təmizlik işləri görülürdü,işlənən işləmiyən məişət əşyaları çöldə havalandırılırdı və təmizlənərək yenidən səliqəli şəkildə yığılırdı. Evin təmizliyi ilə yanaşı, hətta mal qara saxlanan yerlərdə əhənglə boyanır,ev heyvanlarının başlarına qırmızı boyalar çəkilirdi. Bayram rəmzi olaraq, insanlar böyükdən, uşaqlara kimi yeni və səliqəli paltarlar geyinirdilər. Hər kəs şən və xoşbəxt idi. Hər bir çərşənbəni özünə məxsus qeyd edirdik.Ancaq sonuncu çərşənbə olan,torpaq çərşənbəsini xüsusi olaraq qeyd edirdik. Çərşənbə günü hər bir evdə qovurğa qovrulurdu,demək olar ki,hər bir evdə sac asmaq bir inaca çevrilmişdi. Təbii ki, şəkərbura, paxlava və diğər şirniyyatlar öncədən hazırlanırdı. Günortadan sonra hər bir ailə, qohumuna qonşusuna bayram payı verirdilər. Elə ki axşam düşdü,tonqallar qalanırdı,hər bir ailə üzvüləri tonqal ətrafına toplaşaraq tonqalın istisinə isinir,sonunda isə tonqalın üstündən atlanaraq,ağırlığım,uğurluğum tonqalda yansın deyərdilər.Tonqal yanıb közü qalanda, ailə toplaşardı evə,uşaqlar isə papaq atmağa gedərdilər.Bəzi uşaqlar var idi ki,kəndin bütün evlərinə demək olar ki, papaq atırdılar. Sonda isə hər kəs öz qrupu ilə qardaş malı kimi topladığı şirniyyatları növünə görə bölüşərdi. Tonqaldan sonra hazırladığımız şarı boş ərazilərdə fırladaraq göyə atırdıq. Hər bir evdə ənənə olaraq çərşənbə axşamı südlü aş hazırlanardı. Səhər tezdən hər bir ailə üzvləri birlikdə cay kənarına gedərək,cay kənarında tonqal qalayar,əl üzünü yuyar, niyyət edər və su gətirərdi. Növdəti gün ailə çərşənbə suyu ilə təmizlənirdi. Sonuncu çərşənbədən ,bayramın sonuna kimi kəndin bütün məhlələrində xüsusəndə mərkəzi məhlədə( ortalıq deyilirdi) yumurta döyüşülürdü. Yeddidən,yetmişə hər kəs. Bayram günü yumurta döyüşərdi. Yumurtanı qaynadıb boyayaraq, qohumlara və qonşulara uşaq sayına görə pay verərdik. Bayram günləri yaxın qohumların bir birinə pay verməsindən əlavə olaraq da, qonaq getməsidə bir adət,ənənə formasını almışdı. Hər bir ailə bayram axşamı plov dəmləyirdilər. Səmənini cücərtməyin isə,özünə məxsus bir gözəlliyi var idi. Bir sözlə o vaxtlar bayramlar ruhən qarşılanırdı və keçirilirdi. Hər bir bayramın özünə məxsus gözəllikləri ruhən keçirilirdi. İndiki qədər bolluq olmasada,ancaq sözlə ifadə edilməyən sevinc,istək var idi.Bir sözlə bayramları keçirmirdik,bayramları yaşıyırdıq. Burda ifadə etmədiyim coxlu sayda ənənə var idi ki,bayrama gözəllik qatırdılar. Arzu edirəm ki,o doğma yerlərə qayıdışımız tək cismani deyil, əcdadlarımızdan gələn adət,ənənə ilə ruhən qayıdaq.Dünya Azərbaycanlılarını Novruz Bayramı münasibətilə təbrik edirəm!
Gözün aydın Azərbaycan novruz tonqalın artıq hər bir şəhərində,rayonunda və kəndində alovlanır!
Bashlibel.az
Bashlibel.az