Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub. Başlıbel kəndinin tarixi xeyli qədim olsa da, tam öyrənilməyib. Kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırki sakinlərinin babaları kənd ərazisinə təxminən XVII əsrdə məskunlaşıb. Belə ki, 1993-cü ilin aprelinədək kəndin köhnə qədristanlığında qədim bir qəbir vardı. Qəbrin üstündə ərəb əlifbası ilə həmin şəxsin 1660-cı ildə vəfat etdiyi göstərilmişdi. Amma kənddə bundan əvvəl də yaşayış olub. Belə ki, ötən əsrin 80-ci illərinin ortalarında kəndin sakinlərinin sayı artdığından Başlıbelin yuxarı və aşağı hissəsində yeni evlər tikilməyə başladı. Bu zaman kəndin aşağı hissəsində yamacda ev yerləri hazırlanarkən torpağın təxminən 3-4 metr dərinliyində qəbrlər aşkarlanırdı. Bəzi qəbrlərdə insan skiletləri gildən hazırlanan xüsusi əşyaların içərisində olub. Həmçinin, qəbrlərdən müxtəlif bəzək əşyaları, dəmir sikkələr tapılıb. Həmin əşyalar Kəlbəcər Diyarşunaslıq müzeyinə təhvil verilib. Amma bu tarixi eksponatlarının böyük bir hissəi Kəlbəcərin işğalı zamanı dağıdılıb.
1993-cü ilin aprelində Başlıbel Ermənisan tərəfindən işğal olunan dövrdə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğala qədər kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası olub. Həmin texniklar işğal zamanı kənd ərazisində qalıb və ermənilər tərəfindən qəsb edilib. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. O cümlədən, 4500 iri buynuzlu, 12 000 xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi kənd ərazisində qalıb və ermənilər tərəfindən qarət edilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Başlıbel kəndinin də azad edilməsi ilə nəticələnib.
Etibar Ağayev