Ötən gün Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağı ucaltması imperialist dairələrin yüz illər boyunca ölçüb-biçərək addım-addım həyata keçirdiyi planlarını birdəfəlik iflasa uğratdı. Bununla rəsmi Bakı bütün suveren əraziləri üzərində öz hakimiyyətini de-fakto və de-yure bərpa etdiyini, Azərbaycan ərazilərində separatizmin perspektivinin olmadığını bütün dünyaya nümayiş etdirdi.
Tarixən xanlıqlar dövründə başlayaraq Azərbaycanın yenidən vahid bayraq altında birləşdirilməsi ideyası mövcud olub. Quba xanlığı, Qarabağ xanlığı, eləcə də Cənubi Azərbaycandakı bir sıra xanlıqlar bu milli ideyanın gerçəkləşməsi məqsədilə müxtəlif cəhdlər göstərmişdilər. Bu cəhdlər uğursuz olsa da, belə bir arzunun hələ də qaldığı sübut edilmişdi. Bu isə yenidən vahid və güclü Azərbaycanın ortaya çıxması ehtimalından çəkinən kənar qüvvələri narahat etməyə bilməzdi və onlar bu ehtimalın aradan qaldırılması üçün hərtərəfli fəaliyyətə başladılar.
1805-ci ildə “Kürəkçay” müqaviləsinin imzalanması ilə Qarabağın faktiki olaraq müstəmləkəyə çevrilməsinin və gələcək hərbi-siyasi toqquşmaların əsası qoyulmuşdu. 1828-ci ildə “Türkmənçay”, 1829-cu ildə isə “Ədirnə” müqavilələri ilə bölgədə separatizm və etnik münaqişələrin ortaya çıxması üçün münbit şərait yaradıldı. “Türkmənçay” müqaviləsinin XV maddəsinə əsasən, şah İrandakı ermənilərin maneəsiz tarixi Azərbaycan ərazilərinə köçməsi üçün bütün hüquqi-iqtisadi imkanları yaratmağı öhdəsinə götürürdü. Azərbaycan xalqının iştirak etmədiyi, lakin onun taleyi ilə birbaşa əlaqəli olan bütün bu razılaşmalar sayəsində Osmanlı İmperiyasından və İran ərazilərindən tarixi Azərbaycan torpaqlarına 200 minədək erməninin köçməsi üçün dövrün ən əlverişli imkanları yaradıldı. Bu ermənilərin İrəvan xanlığının torpaqlarına, Qarabağa, Qarabağ xanının kəndinə, yaylasına, qışlasına köçürülməsi ilə bölgədə demoqrafik dəyişikliyə, aborigen xristian albanların qriqorianlaşdırılmasının, erməniləşdirilməsinin tamamlanmasına çalışılırdı.
Bununla belə, ötən dövrdə erməniləri sözügedən bölgələrin əksəriyyətində çoxluq etmək mümkün olmadı. İstər Qarabağda, istər Zəngəzurda 80-ci illərin sonlarında başlayan etnik təmizləmə siyasətinədək azərbaycanlılar çoxluq olaraq qaldılar. Azərbaycan xalqı ermənilərin öz dədə-baba yurdlarını zəbt etməsinə baxmayaraq, baş verənlərə səbirlə yanaşdı və ötən dövrdə hətta iki xalq arasında dostluq əlaqələri belə yarandı. Lakin bu əlaqələr SSRİ-nin dağılma ərəfəsində olduğu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Fransadakı imperialist mərkəzlər də daxil olmaqla, xarici dairələr tərəfindən ifrat millətçi ermənilərin, daşnakların Azərbaycan xalqına nifrəti körüklənənədək davam etdi. Separatçı ermənilərin Xocalıda, Meşəlidə, eləcə də digər kənd və qəsəbələrdə müasir tarixin ən qəddar kütləvi qətliamlarını törətməsi, azərbaycanlıları min ildir yaşadıqları ev-eşiklərindən didərgin salması ilə siyasi münaqişə etnik səviyyəyə qaldırıldı. Azərbaycanda 90-cı illərin əvvəllərində mövcud olan anarxiya, siyasi səriştəsizlik sayəsində erməni separatizmi keçmiş DQMV-nin inzibati sərhədlərini də aşaraq azərbaycanlıların yaşadığı ətraf 7 rayonun işğalınadək inkişaf etdi.
Müharibənin ağrı-acısını yaxşı dərk edən Azərbaycan xalqı münaqişənin həllində sülhdən yana oldu, təxminən 30 il boyunca vasitəçilərə ümid etdi. Lakin indi gəldiyimiz nöqtədə belə anlaşılır ki, bu vasitəçilərin fəaliyyəti əslində ötən müddət ərzində tarixi ədaləti bərqərar etmək deyil, münaqişəni donduraraq, onun həllini təxirə salaraq regiona təsir rıçağını əlində saxlamağa hesablanıbmış. Anlaşıldı ki, vasitəçilik institutu özü əslində ən başından bəri münaqişənin həllinin bir nömrəli düşməni olub. Bu baxımdan ötən dövrdə hər bir Azərbaycan əsgərinin, zabitinin, mülki şəxsin həlak olmasına görə məsuliyyəti həm də bu vasitəçilər daşıyırlar. 2020-ci ildə Azərbaycanın səbir kasası daşdı və xalq-hakimiyyət dəmir yumruğu separatizmin başını əzdi. Ehtimal ki, bu, həm separatçılar, həm də onların havadarları üçün gözlənilməz idi, çünki onlar səbir anlayışını artıq qorxu kimi başa düşməyə başlamışdılar. İşğalın son illərində İrəvanda, Şuşada, Xankəndidə səsləndirilən bəyanatlar da bunu göstərirdi, onlar öz tanklarını artıq Bakının küçələrində xəyal edir, Azərbaycan xalqını hər fürsətdə alçaltmağa çalışırdılar. Nəhayət, 44 günlük müharibə və sonrasında baş verən hərbi-siyasi fəaliyyətlər sayəsində xalqımızın ləyaqəti bərpa edildi. Ötən 3 ildə Azərbaycan 300 ildə ondan alınanları öz biləyinin gücü ilə geri qaytarmağa başlayıb və bütün bu hadisələr sübut edir ki, Azərbaycan xalqının dövlətçilik və hərbi ənənələri min il əvvəlki kimi iri və diridir. Üstəgəl, bu dəfə daha güclüdür, çünki indi xalq-hakimiyyət vəhdəti tarixin istənilən mərhələsi ilə müqayisədə daha möhkəmdir. Dünən Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına faktiki olaraq son verildi və bu cür “liderləri”ə layiq olduqları yerin istintaq təcridxanası olduğu xatırladıldı. Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə güclü mesaj idi ki, Azərbaycan hər nə bahasına olur-olsun öz ərazilərindən əsla vaz keçməyəcək və bu cür fəaliyyətlər gec-tez ən rəzil məğlubiyyətlə üzləşəcəklər.
Dünən bir daha aydın oldu ki, Azərbaycan ərazisində yaşamağın yeganə yolu onun suverenliyini, Konstitusiyasını, bayrağını, qanununun aliliyini qəbul etmək, onu ali tutmaqdır. Azərbaycan Prezidentinin vaxtilə separatçıların oturduğu və Azərbaycan əleyhinə əxlaqsız bəyanatlar səsləndirdiyi binanın qarşısında hərbi formada dayanaraq qətiyyətli mesajlar verməsi bizim xanlıqlar dövründən başlayan arzumuzun gerçəkləşdiyi an idi. Bu baxımdan Prezident İlham Əliyev ötən gün Xankəndidə həm şanlı bayrağımızı, həm də milli qürurumuzu göylərə qaldırdı.
Bashlibel.az