Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Birliyin üzvlərinə, Başlıbel sakinlərinə təbrik ünvanlayıb. Təbrik mətnində bildirilir:
Əziz Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri, əziz başlıbellilər, 2022-ci il arxada qaldı və yeni ili 2023-cü ili qarşılayırıq. Bu gün həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Sizlər və dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki artıq üçüncü ildir ki, bu bayramları torpaqlarımızın, doğma kəndimizin işğaldan azad edildiyi şəraitdə keçirirsiniz.
Hörmətli həmvətənlər, 2022-ci il Azərbaycan üçün çox mühüm proseslərlə yadda qaldı. Eləcə də işğaldan azad edilən torpaqlarımızda tikinti quruculuq işlərinin yeni mərhələsinin başlanması məhz bu il müşahidə edildi. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Proqramda Kəlbəcər rayonunda bərpa quruculuq işlərinin reallaşdırılması da nəzərdə tutulub.
2022-ci il yəqin ki, sizlərin bir çoxunuzun həyatında Başlıbeli ziyarət etməyinizlə də yadda qaldı. Qəhrəman ordumuzun, şəhidlərimizin, qazilərimizin və müzəffər Ali Baş Komandanın sücaəti sayəsində torpaqlarımıza qovuşmağımız hər birimizin həyatında yeni mərhələnin başlanmasına səbəb olub. 2022-ci il Başlıbelin İnkişafına Dəstək Birliyi üçün də uğurlu il kimi yadda qaldı. Birliyin dövlət qeydiyyatına alınması istiqamətində yarım il müddətində məqsədyönlü iş aparıldı. Nəticədə Birlik Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb və şəhadətnaməsi təqdim olundu. Birliyin İdarə Heyətinin təşəbbüsü ilə 4 dəfə xeyriyyə aksiyası təşkil edildi. İdarə Heyəti üzvləri Kəlbəcər rayon İcra Hakimiyyətinin Başlıbel qətliamının 29-cu ildönümü tədbirində iştirak etdi. İdarə Heyəti üzvləri Başlıbel qətliamının təbliği istiqamətində müsahibələr verdilər, məqalələr yazdılar. Kəlbəcərin deputatı və İcra Hakimiyyəti başçısının birinci müavini ilə 9 apreldə görüşdə iştirak edildi və Başlıbellə bağlı təkliflər irəli sürüldü. 12 kilometrlik Tirkeşəvənd-Başlıbel yolunun gediş-gəliş üçün yararlı hala salınması üçün Birliyin İdarə Heyəti hökumət orqanlarına ünvanladığı müraciətlər, həyata keçirilən görüşlər də müsbət nəticəsini verdi. Aprel ayında bir dəfə, iyul ayında ikinci dəfə yolda təmir işləri həyata keçirildi. 3-6 iyulda Birliyin sədri başda olmaqla İdarə Heyətinin üzvləri bu məqsədlə Başlıbeldə oldular. Həmçinin Başlıbel kəndinin içərisində yolun bərpası, şəhidlərimizin dəfn olunduğu yerə qədər olan yolda bərpa işləri həyata keçirildi. Birliyin İdarə Heyəti kəndə ziyarətə gələnlərin gecələməsi üçün iyulun 3-də böyük alaçıq qurdu. Birliyin sədrinin adından “Azərsell” və “Baksell” Şirkətlərinə Başlıbel ərazisində stansiya qurulması üçün məktublar ünvanlandı. Məktublara ilkin müsbət cavab verildi və gələn il məsələyə baxılacağı bildirildi. Reallaşdırılan ən vacib işlərdən biri Bashlibel.az saytının açılması oldu. 2022-ci ilin 9 oktyabrında Birliyin rəsmi dövlət qeydiyyatına alınmasından sonra ilk ümumui yığıncağı keçirildi. Ümumi yığıncaq Birlik üçün yeni dövrün başlanğıcı oldu. İlin son günündə isə Birliyin xüsusi döş nişanı hazırlandı.
Əziz həmvətənlər, əziz Birlik üzvləri kəndimizim gələcəyi dövlətimizin həyata keçirəcəyi işlərlə yanaşı, sizlərin hər birinizin fəaliyyətinizdən, təşəbbüslərinizdən asılıdır. Həmrəylik günündə Sizləri həmrəy olmağa, Başlıbel naminə bir olmağa, Birlikdə fəaliyyətinizi gücləndirməyə çağırırıq. 2023-cü il hər birinizin həyatında ən xoşbəxt illərdən olsun. Tanrı hər birinizə abad Başlıbeldə yaşamağı nəsib etsin. Həmrəylik Gününüz və yeni ilini mübarək olsun!
Bashlibel.az