Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. 106 il öncə Məmmədəmin Rəsulzadənin başçılığı ilə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurublar. O dövrdə sahəsi 114 min kvadrat kilometr olan ərazidə müsəlman şərqində ilk demokratik dövlət elan edilib. Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə, hətta ABŞ və Avropa dövlətlərinin bir çoxundan da əvvəl cümhuriyyət dönəmində qadınlara seçmək və seçilmək hüququ verilib. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin-Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyulub.
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi. Bu gün bayrağımız, gerbimiz, himnimiz o dövrdəkidir. Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
28 Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə bir sıra ölkələrin rəhbərlərindən, o cümlədən ABŞ, Çin, Rusiya, Britaniya, Türkiyə kimi böyük dövlətlərin liderlərindən təbriklər gəlib.
Bashlibel.az