– Başlıbel faciəsi şahidlərin dilində
Son günlər Başlıbel faciəsinin bütün respublikamızda tanınması, faciənin iştirakçılarınin başlarına gələn ürək ağrıdıcı hadisələrin xatırlanması oxucuların xeyli marağına səbəb olmuşdur. Lakin bəzi oxucilarımız hadisələrin birtərəfli işıqlandırıldığını iddia edirlər. Onlar bildirirlər ki, Çovdar kənd sakini Tapdıq Muradovun, Şahkərəm kənd sakinləri İsmayıl Əzimovun, Yapon Mustafayevin, Bağman Baxşəliyevin və Başlıbel kənd sakini Tutu Əliyevanın başlarına gələn hadisələr yetərincə mətbuatda öz əksini tapmayıb. Bunu nəzərə alaraq apardığımız araşdırmaları silsilə məqalələr şəklində oxucularımıza təqdim edirik:
İkinci hekayət
Abuzərin dedikləri: Abuzər Salman oğlu Məmmmədov 1974- cü ildə Kəlbəcər rayononon Ağcakənd kəndində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti Kəlbəcərdəki 712 saylı hərbi hissədə keçirib. Əvvəlcə Kəlbəcərlə Göyçə arasındakı “Dik Yurd” zastavasında, sonra İstisu qəsəbəsində, daha sonra Laçın rayonunun Haxnəzər kəndində xidmət etmişdir. İşğal hadisələrini və mühasirə həyatını belə xatlrlayır: Kəlbəcərin işğalı ərəfəsində Kəlbəcər rayonunun Qılışlı kəndində xidmət edirdim. 1993-cü il aprel ayının birində mənimlə bir yerdə xidmət edən həmkəndlim İnqilab Əsədovla Ağcakəndə getməyi qərara aldıq. Çünki Kəlbəcərin, demək olar ki, bütün kəndlərindən olan əhalisinin gəlib Qılışlı kəndindən keçərək Murov aşırımına doğru irəlilədiyini görürdük. Ona görə də qərara aldıq ki, Ağcakəndə gedib valideynərimizi kənddən çıxaraq. Ayın birində kəndə gəldik ki, kənddə xeyli adam qalıb. Onlara xəbər verdik ki, Kəlbəcər camaatı rayonu tərk edir. Camaatı kənddən yola saldıq, amma biz bərk yorulduğumuz üçün gecəni kənddə qaldıq. Səhər açıldı, oyananda gördük ki, kənddə üç nəfər qalmışıq: Faiq Nuriyev, İnqilab Əsədov və mən. Biz radioya qulaq asanda eşitdik ki, artıq Kəlbəcər işğal olunub. Gəldik Moz kəndinə, orada dörd nəfər Laçın sakini ilə görüşdük. Laçınlılar Kamran bəy, oğlu İman, digər ikisinin adları Vüqar və Etibar idi. Kamran bəy yaralı idi. Ermənilərlə qarşılaşıblar, atışmada ermənilərdən öldürsə də, onu da qıçından vurmuşdular. Ona görə də piyada yeriyə bilmirdi. Atlı idi. Onlarla bir yerdə gəldik Başlıbel binəsinə (Başlıbel binəsi Başlıbel kəndindən 4 kilometr yuxarıda yerləşir- Müəllif). Orada xeyli adam var idi. Axşam düşdüyündən qaranlıqda onları tanıya bilmədik. Dedilər ki, Başlıbeldənik. Gecəni orada qalıb səhər tezdən laçınlıların məsləhəti ilə Laçın istiqamətində getməyi qərara aldıq. Çünki Kəlbəcər tərəfdə çox qarışıqlıq idi. Fikirləşirdik ki, Laçın istiqamətində gedib Güləbird kəndindən keçə bilərik. Biz Başlıbeldən çıxanda gördük ki, arxadan üç nəfər kişi gəlir, onlar bizi çağırdılar ki, bizi də gözləyin. Biz onları tanımırdıq. Dedilər ki, Şahkərəm kəndindənik – İsmayıl Əzimov, Yapon Mustafayev və Bağman Baxşəliyev.
İsmayıl Əzimov
Onların üçü ilə də getdik Şahkərəmə. Həmin gün aprelin 3-ü idi. Gecəni Şahkərəmdə qaldıq. Ayın 4-də Şahkərəmdən çıxıb Laçın rayonunun Qovuşuq kəndinə getdik. Təxminən bir ay yarım Laçın rayonunda yaşadıq. Seyid İbrahimin zağası deyilən yerdə 18 nəfər laçınlı qaçaq da yaşayırdı. Gedib Güləbirddən keçmək üçün iki dəfə cəhd etdik. Lakin hər tərəfdə ermənilər qarətlə məşğul olduğundan yollarda hərəkət, gedən-gələn çox idi. Ona görə də keçə bilmədik. Laçın tərəfdən keçməyin qeyri-mümkün olduğunu görəndən sonra qərara aldıq ki, Kəlbəcərə qayıdaq. Biz qayıdanda Kamran bəy yaralı olduğundan onlar bizimlə qayıtmadılar. Çünki Kamran bəy yaxşı yeriyə bilmirdi. Biz, üç nəfər ağcakəndli və üç nəfər şahkərəmli iyun ayında Kəlbəcər rayonuna tərəf qayıdası olduq.
İki-üç gün Şahkərəmdə dincəldikdən sonra qərara aldıq ki, Çərəkdar istiqamətindən keçməyə cəhd edək. Meşələrlə irəliləyərək Çərəkdara qədər gəldik. Özümüzlə atlar da götürmüşdük, rahat yerlərdə atlarımızı minirdik, uçqun və çətin yerlərdə atlardan düşüb piyada gedirdik. Çərəkdar kəndinin qarşısındakı meşə ilə gedirdik. Kənddəki itlər hənirtimizi alıb hürüşdü. Kənddəki ermənilər yerimizi görüb bizi güclü atəşə tutdular. Güllələr yan-yörəmizdə ağacların yarpaqlarını və budaqlarıni qırıb üstümüzə tökürdü. Atları tərgidib gəldiyimiz tərəfə qaçdıq. Qayıdıb gəldik Tirkeşəvənd kəndindəki Ağzıbir binəsinə. Üç gün binənin yanındakı geoloqların qazdığı tuneldə dincələndən sonra yenidən Şahkərəm kəndinə gəldik. Şahkərəmin meşəsində “Armudlu Tala” deyilən yerdə Mustafanın zağasında bir müddət qaldıq. Arada biz ağcakəndlilər Ağcakəndə gedib kənddən halı olurduq. Ermənilər bizim kənddə də qarətçiliklə məşğul olurdular. Qarət etdikləri evləri də yandırırdılar. Bir gün Şahkərəm kəndinə ərzaq gətirməyə getmişdik. Gördük ki, 2-3 gün bundan qabaq biz içərisindən ərzaq götürdüyümüz evin qapısı bağlıdır. Halbuki, biz bu evin qapısını açıq qoymuşduq. Ehtiyatla içəri girdik. Müəyyən etdik ki, burada gecələyən olubdur. Onların izlərini araşdıranda gördük ki, beş nəfər olublar, içərisində biri 9-10 yaşlı uşaqdır. Onların izlərini araşdırdıq- Şahkərəmdən çıxıb dağ yolu ilə Başlıbel kəndinin qarşısından keçərək çay yuxarı getmişdilər. İz bizi aparıb Barudlu kahalarına çıxartdı. Biz aprelin 3-də Başlıbeldə olanda Başlıbel camaatı bizə demişdi ki, əgər kəndə ermənilər gəlsə biz kəndin üstündəki kahalara çıxacağıq. Ona görə də həmin kahalara gəldik. Kahalarda yerlə yeksan olan yorğan-döşək və ərzağı görəndə başa düşdük ki, burada atışma olub, araşdıranda yaxınlıqdakı qəbirləri gördük. Qəbirlərdən birinin başdaşına qırmızı bağlamışdılar, üzərinə də bir qabda su qoymuşdular.
Yapon Mustafayev
Başa düşdük ki, ən azı adamlardan üç nəfəri salamat qalıbdır ki, buranı ziyarət edirlər. Ona görə də bir məktub yazıb başdaşına bağlanmış qırmızıya keçirdik. Məktubu İsmayılın, Yaponun və Bağmanın adından yazdıq, çünki onlar İsmayılgili yaxşı tanıyırdılar. Onlar həm qonşu kənddən idilər, bir-birin xeyir-şərində yaxından iştirak etmişdilər, həm də İsmayılın həyat yoldaşı Başlıbel kəndindən idi. İsmayəl deyirdi ki, qaynım Qədim də Başlıbeldə qalan camaatla birlikdə kahalarda yaşayır. Məktubu başdaşına bağlanmış qırmızı lentə taxıb Şahkərəmə qayıtdıq. Bir gün keçmişdi, gördük ki, İsmayılı haraylayırlar. Səslərini tanıdılar, hay verdilər. Sönməz Ələkbər, Qədim, Xasay idi. Bir gecə bizim yanımızda qaldılar. O biri gün hamımız birlikdə Başlıbeldəki kahalara gəldik. Burada 30 nəfər var idi. Dedilər ki, aprelin 18-də ermənilər yerimizi bilib bizə hücum etdilər, nəticədə 18 nəfəri öldürdülər,14 nəfəri isə girov götürdülər. Qalan 30 nəfər isə birtəhər qaçıb canımızı qurtara bildik. Mən onlara dedim ki, əsgəri xidmətimi Göyçə zastavasında keçirdiyim üçün Murova yaxşı bələdəm, yol tanıyıram, biz getmək istəyirik. Kim getmək istəyirsə, birlikdə gedək. Onlar da bizimlə getməyə razılaşdılar, amma 93 yaşlı Ələsgər babanın məsləhəti ilə qərara aldıq ki, hamımız bir yerdə getməyək, iki dəstəyə bölünək. Birinci dəstədə az adam getsin,sağ-salamat gedib çıxa bilsələr Azərbaycan radiosunda elan versinlər. Əgər elan verilsə, ikinci dəstə də həmin yolla yola çıxsın. Əvvəlcə onlardan iki nəfər götürüb kəşfiyyata getdik. Qoçdaşdan durbinlə müşahidə edib Murovdağdakı keçidi onlara göstərdim Gedəcəyimiz yolları onlarla dəqiqləşdirdik. Yenidən Başlıbel camaatının yaşadığı Barıtlı kahasına qayıtdıq. Yola düşəcəyimiz tarixi müəyyənləşdirib, yenidən Şahkərəmdəki kahaya qayıtdıq. İyulun 1-də yola düşdük. Başlıbeldəki dəstədən bizə Qədimov Qədim qoşuldu. Əvvəlcə Ağcakəndə gəldik, bir gecə orada qaldıq və özümüzə yol tədarükü üçün çörək bişirdik. Yeddi gün gündüzlər gizlənir, gecələr yol gəlirdik. İyulun 7-də Murovun Daşkəsən üzünə aşdıq. Zivlən kəndinin yaylağında bizi görən yerli sakinlər çox sevinirdilər. Orada bizi tanıyanlar olmasa da bizim gəlişimizin şərəfinə qurban kəsdilər. Bizi bir gecə qonaq saxlayıb o biri gün Gəncəyə gətirdilər.
Bağman Baxşəliyev
Üçüncü hekayət
Ceyhun Əzimovun və Sönməz Ələkbərin dedikləriİ: Şahkərəm kənd sakinləri İsmayıl Əzimovun oğlu Ceyhun Əzimov mərhum atasının xatirələrini belə xatırlayır: Atam İsmayıl Əzimov, Bağman Baxşəliyev və Yapon Mustafayev hadisələrin əvvəlindən axırınadək Abuzər, İnqilab və Faiqlə bir yerdə olublar. Bütün təhlükə və çətinliklərə birlikdə sinə gərdilər. Atamgil mühasirədə qaldıqları dövrdə başlarına gələn hadisələr barədə dəfələrlə övladlarına və onu tanıyanlara danışmış, bununla kifayətlənməyərək xatirə dəftəri də yazmışdır. Atam deyirdi ki, aprel ayının 3-də biz Başlıbeldən Şahkərəmə qayıdanda gecəni öz kəndimizin kənarındakı kahada gecələdik. Aprelin 4-də ermənilər kəndə gəldilər və kənddəki bütün mal-qaranı yığıb apardılar. Biz başa düşdük ki, artıq kəndimizin ərazisində sərbəst gəzib-dolaşmaq təhlükəlidir. Bir neçə gün kahada qaldıq və qərara aldıq ki, Şahkərəm və Çovdar kəndlərinə gələn yeganə maşın yolunu partladaq . Biz bilirdik ki, “Parağın Darı” deyilən yerdə 15-20 gün bundan qabaq yol idarəsinin işçiləri qayalarda partlayış edərək yolları genişləndirmək üçün deşiklər açmış, lakin hələ partlayış etməmişdilər. Gətirdikləri partlayıcı maddələrin də yerini bilirdim. Odur ki, ilk növbədə “Parağın Darı”nı partlatdıq və bir müddət yolların bağlı olması səbəbindən Çovdar və Şahkərəm kəndlərinə ermənilər yalnız atla gələ bilirdilər. May ayının 15-də Çərəkdar kəndi istiqamətindən mühasirədən çıxmaq üçün yola çıxdıq. Çərəkdar ərazisində “Hümbət bəyin ferması” deyilən yerdən Tərtər çayını keçməli idik. Bu məqsədlə meşədəki cığırla irəliləyirdik. Birdən Çərəkdar kəndindəki erməni hərbçilərinin olduğu yerdən itlər bizim hənirtimizi alıb hürüşməyə başladı. Ermənilər duyuq düşüb bizi atəşə tutdular. Məcbur olduq, atlarımızı tərgidib geriyə, Şahkərəmə qayıtdıq. Mayın ortalarında ermənilər traktor gətirib kəndin partladılmıış yollarını kürütdürdülər. Bundan sonra kəndə qoşqusunda iki lafet olan bir traktor gətirdilər. Evlərdəki əşyaları lafetlərə yükləyəndən sonra qumbaraatanla evləri partladırdılar. Biz ərzağı əsasən kənddəki salamat qalan evlərdən gətirirdik. Şahsəvən kişinin evi kəndin lap kənarında idi. Oraya tez-tez gedirdik. Bir gün oraya gedəndə gördük ki, bizdən başqa da bu evə kimsə gəlib. İzdən müəyyən elədik ki, gələnlər Başlıbel tərəfə gediblər. Başlıbel ərazisinə çatanda izi ilə getdiyimiz adamların yerli camaatın “çoşan” adlandırdığı bitkini soyub yediyini və qabığını yerə tulladığını müəyyən etdik. Başa düşdük ki, bu bitkini yeyənlər bizim camaatdandırlar. Odur ki, axtarışı inadla davam etdirdik. Onların izi ilə gedib Başlıbeldən yuxarı, “Portda Kahaları” deyilən yerə çıxdıq. Kahalarda yoqğan-döşək,qab-qacaq dağılıb-tökülmüş, dəlik-dəlik,qırıq-qırıq olmuşdu. Boş gilizlər ətrafa səpələnmişdi. Kahaların yaxınlığında üzərinə qırmızı bağlanmış qəbirlər diqqətimizi çəkdi. Yaxınlaşdıq. 12 qəbir idi, biri lap kiçik idi. Başa düşdük ki, bu, uşaq qəbridir. Qəbirlərdən birinin üzərinə qabda su qoymuşdular. Deməli, sağ qalanlar var, vaxtaşırı qəbirləri ziyarət edirlər. Ancağ Başlıbel kəndinin ərazisi o qədər böyükdür ki, oranı bir həftəyə də gəzib başa çatdırmaq olmazdı. odur ki,qərara aldıq ki, məktub yazaq, başdaşındakı lentaya bağlayaq. Elə də etdik, belə bir məktub yazdıq: “Qədim,biz Armudlu Taladayıq. Gəlib güneydən məni çağırsan, cavab verəcəyəm. İsmayıl.” Eyni məzmunda məktubu həm də Selaparan Dərəsində qalmış avtobusun şüşəsinə də yazıb yapışdırdıq.
Başlıbeldə qalan dəstənin üzvü Ələkbər Ələsgər oğlu Kazımovun (Sönməz Ələkbərin) dediyinə görə Şahkərəmdən gələn dəstənin Möhübbətin avtobusunun yanında vap-gəl etdiklərini, nə isə eşələndiklərini Habil və yanında olan dəstə üzvləri uzaqdan görüblər. Lakin dəstə üzvləri hərbi geyimdə olduğundan onların erməni olduqlarını və avtobusun ətrafını minaladıqlarını düşünüblər. Əvvəlcə onları vurmaq istəyiblər. Sonra isə güllə səsinə kənddəki ermənilərin gəlməsindən qorxub fikirlərini dəyişiblər. Sən demə, onlar məktubu avtobusun şüşəsinə yapışdırandan sonra əllərindəki ağacla yolun içini dələrək “İsmayıl” sözünü yazırmışlar. Səhər Başlıbeldəki dəstənin üzvləri ehtiyatla avtobusa yaxınlaşırlar. Axtarış zamanı avtobusun şüşəsinə yapışdırılmış məktubu və yerə yazılmış “İsmayıl” sözünü görürlər. Məktubu oxuyan kimi dəstə üzvlərindən Mahir, İsmət, Sönməz Ələkbər, Cəlim və Cəlləd Şahkərəmə yola düşürlər. Sönməz Ələkbərin uşaqlıq və gənclik illəri Çovdar kəndində keçdiyinə görə bu kəndin ərazisini yaxşı tanıyırdı. Hətta bilirdi ki, Armudlu Talaya kənddəki bəzi adamlar “Armud Yerinin Dərəsi” də deyirlər. Odur ki, birbaşa həmin yerin qarşısındakı güneydən cəmi üç dəfə “İsmayıl heeyy…” deyə çağırdı. İsmayıl Ələkbərin səsini eşidən kimi dərhal tanıdı və hay verdi. Görüş olduqca təsirli keçdi. Bir-birlərini qucaqlayıb sevincdən ağlaşırdılar. Özlərindən asılı deyildi, axı,neçə vaxtdır ki, doğma insanların səsinə həsrət qalmışdılar… Ertəsi gün hamı birlikdə Başlıbeldəki Barudlu kahalarına gəldik. İsmayılgilin dəstəsini sağ-salamat tapıb gətirdiyimiz gün kahalarda toy-bayram idi. Hamı sevinirdi. Abuzərin yollara bələd olması hamıda mühasirədən tezliklə xilas olmaq ümidlərini artırmışdı. Qərara gəldik ki, dəstə böyük olduğundan iki yerə bölünməli, birinci kiçik dəstə getməli, sağ-salamat çatarlarsa Azərbaycan radiosu ilə parola müvafiq elan verməli, əgər elan verilərsə, ikinci böyük dəstə yola düşməlidir. Belə də etdik. Uyulun 1-də gecə birinci dəstə yola çıxdı. Dəstəyə İsmayıl Əzimov, Yapon Mustafayev, Bağman Baxşəliyev, Abuzər Məmmmədov, Faiq Nuriyev, İnqilab Əsədov və Qədim Qədimov daxil idi. Onlar əvvəlcədən razılaşdığımız kimi, Muruv aşırımını “İt Cığırı” deyilən yolla, aşırımdakı sarı qayaların dibindən keçməklə Daşkəsən rayonunun Zivlən kəndinə aşmalı, oradan isə Gəncəyə getməli, sağ-salamat gedib çıxa bilsələr əvvəlcədən razılaşdırılmış parolu Azərbaycan radiosu ilə elan şəklində səsləndirməli idilər. Belə də oldu. Birinci dəstə yeddi sutkaya Daşkəsənə çatdı. İyul ayının 10-da biz radioda gözlədiyimiz elanı gün ərzində üç dəfə səsləndirdilər. Kahada yaşayanlar elanı eşidəndə hamı sevincindən ağlayırdı. Ağsaqqalların məsləhəti ilə yola çıxmamışdan qabaq yaxşı yemək və güc toplamağı qərara aldılar. Çünki uzunmüddətli mühasirə və aclıq şəraitində yaşadıqlarından, demək olar ki, hamı xeyli zəifləmişdi. Ertəsi gün kahada yaşayanların yeganə inəyini kəsdilər. Hamısını bişirib doyunca yedilər. Bir hissəsini isə yola götürdük. İyulun 13-də yola çıxmaq üçün əşyalarımızı hazırladıq… Hiss olunur ki, Sönməz Ələkbər söhbətin bu yerinə gələndə çətinliklə danışır. Atası Ələsgər kişinin doğma yurdu son yaşayış yeri seçərək ömürlük Başlıbel dağlarında qalması qərarı gözlənilməz olduğundan onu sarsıtmışdı. “İnəyi kəsib doyunca yedik, əşyalarımızı yol çantalarımıza yığışdıranda getməyəcəyini bildirdi atam”-deyir Sönməz Ələkbər. Ələsgər Kazımov Böyük Vətən Müharibəsinin iştirakçısı idi. Alman faşistlərini Leninqraddan Berlinədək qovmuşdu. Neçə-neçə orden və medalın sahibi idi. Ermənilərin Kəlbəcəri işğal edə biləcəyini heç ağlına da gətirə bilmirdi. Çünki Ələsgər əmi II Dünya Müharibəsindən bəri erməniləri bir qorxaq millət kimi tanımışdı. Ona görə də Azərbaycan ordusunun tezliklə işğalçı erməniləri torpaqlarımızdan qovacağına inanırdı. Odur ki, inəyi kəsəndən sonra oğlu Ələkbərə “Siz tezliklə qayıdacaqsınız, uşaqlardan muğayat ol, mən də sizi burada gözləyəcəyəm”, -deyib qalmaq fikrini qətiləşdirdi. Ələkbər və yoldaşları nə qədər yalvardılarsa, Ələsgər kişi sözündən dönmədi. Dağlar bir ixtiyar qocaya qaldı…
Oqtay SALAHLI