Son günlər sosial mediada daşınmaz əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılıb. Bildirilib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada işləyib əldə etdiyi gəlirlə Azərbaycanda əmlak almaq istəyən, o cümlədən qeyri-rəsmi, muzdlu işləyən vətəndaşlar topladıqları vəsaitlərlə bağlı gəlir deklarasiyası təqdim etməkdə çətinlik çəkirlər. Bu isə əmlak alqı-satqısına, ümumilikdə isə daşınmaz əmlak bazarına mənfi təsir edir. Bəs bu tələb nə ilə bağlıdır və problem necə həll edilməlidir?
“APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Monitorinqi Xidmətindən (MMX) bildirilib ki, sözügedən tələb hələ 2009-cü ildə qəbul edilmiş qanunla müəyyən edilib. Belə ki, 2009-cu ilin 10 fevral tarixində qəbul edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı” mübarizə haqqında qanun notariusları öhdəlik daşıyan şəxs, yəni monitorinq və uçot aparan şəxs kimi müəyyən edib. Notariuslarla yanaşı maliyyə institutları, rieltorlar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər də bu kateqoriyaya daxildir. 2023-cü ilin 1 fevralından onu əvəz edən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda da bu tələblər təsdiqlənib.
Qanunun 4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslər digər hallarla yanaşı, daşınmaz əmlakın alqı-satqısı zamanı iyirmi min manat və ya ondan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı əməliyyatdan əvvəl müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər.
Müştəri uyğunluğu tədbirləri müştərinin eyniləşdirilməsi, eyniləşdirmə məlumatlarının verifikasiyası, işgüzar münasibətlərin məqsədinin və mahiyyətinin aydınlaşdırılması, mənbəyinin öyrənilməsi və bu barədə müştəridən məlumat və sənədlərin əldə edilməsi və digər tədbirləri əhatə edir. Qeyd edilib ki, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə olunan məlumatlar müştəri profilində uçotun aparılması üçün istifadə olunur və hər hansı hüquqi nəticə yaratmır.
MMX əlavə edib ki, qanunun tələbləri beynəlxalq standartlara uyğun müəyyən edilib: “2009-cu ildən etibarən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qəbul edilən normativ aktlar FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) Tövsiyələrinin implementasiyası məqsədi daşıyır. FATF Tövsiyələri bu sahədə dünyanın bütün ölkələri tərəfindən tətbiq edilən beynəlxalq standartlardır”.
Maraqlıdır ki, sözügedən qanun 2009-cu ildə qəbul edilsə də, notariuslara qanunun tələblərinin icrası bu ildən tapşırılıb. Bunun səbəbinə gəlincə, Ədliyyə Nazirliyindən “APA-Economics”ə bildirilib ki, yaxın günlərdə məsələ ilə bağlı məlumat veriləcək.
Əmlak məsələsi üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır və bunu illik, 2 illik və s. fəaliyyət proqramlarına daxil edirlər.
“Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına mübarizə proqramı çərçivəsində diqqətli olmağı və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya formasında deyil. Bu baxımdan notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında narahatçılıq, ləngimə, gecikmə halları nəzərə alınmır və narahatçılıq üçün əsas yoxdur” – R.Osmanlı əlavə edib.
Bashlibel.az