• Ça. Apr 30th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Düşmən bu torpağa ancaq mənim və oğlumun meyidi üzərindən keçə bilər”…

Noy 8, 2023

Loading

Azərbaycan xalqı həmişə çətin sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Yadelli işğalçılara qarşı döyüşən oğullarımız nə qədər işgəncəyə məruz qalsalar da düşmən qarşısında əyilməyiblər. Bu gün yaşadığımız müstəqil respublikamız və başımızın üstündə dalğalanan üçrəngli bayrağımız da tökülən qanlar hesabına qazanılıb. Minlərlə igid, cəsur övladlarımız vətən torpağının toxunulmazlığı uğrunda canlarından keçiblər. Həmin oğullardan biri də Ağdam rayon Başgüney kənd sakini Novruzov Əvəz Əli oğludur. O, 1940-cı il oktyabrın 18-də Ağdərə, indiki Ağdam rayonunun Başgüney kəndində dünyaya göz açmışdı. 

Hamı kimi orta məktəbdə oxumuş, orduda xidmət keçmiş, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub oranı fərqlənmə diplomu ilə bitirmişdi. Uzun illər təsərrüfatda çalışan Əvəz dəfələrlə rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdi. Əməksevərliyi ilə fərqlənən Əvəz işdə qazandığı müvəffəqiyyətlərə görə dəfələrlə fəxri fərman və medallarla təltif olunmuşdu.

O, həm də idmanın sərbəst güləş növü ilə məşğul olurdu. Məhz bu sevgi onu dəfələrlə SSRİ çempionatlarında qalib kürsüyə yüksəltmişdi.

Qarabağ müharibəsi başlayanda Əvəz özünümüdafiə dəstəsinə yazıldı. Əvəzin özünümüdafiə dəstəsi 1990-1992-ci illərdə çoxlu mühüm əhəmiyyətli əməliyyatları uğurla yerinə yetirdi. Bu əməliyyatlar sırasına Ağdərə-Xankəndi yolunda yerləşən üç körpünün partladılması, Umudlu kəndinin mühasirədən çıxarılması, Qazançı kəndinin erməni quldurlarından azad olunması zamanı ermənilərin Xankəndi istiqamətindən hücuma keçən hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsi və onlarla təxribat xarakterli əməliyyatları daxil etmək olar.

Əvəzin döyüş yolu ilə daha yaxından tanış olmaq üçün onunla birlikdə dəfələrlə ölümlə qarşılaşmış döyüş yoldaşları ilə görüşdüm.

Müsahibim, Qarabağ müharibəsi veteranı və əlili, “Azərbaycan Bayrağı” Ordenli İmanov Nağı Novruz oğlu dedi: “Əvəz haqqında danışmaq mənim üçün şərəfli olduğu qədər də çox çətindir. İnana bilmirəm ki, o, bu gün aramızda yoxdur. O, təkcə cəsur döyüşçü, ağıllı və tədbirli komandir yox, həmçinin, müdrik ağsaqqal idi. O, heç vaxt “erməni xalqı” ifadəsini işlətməzdi. Deyərdi ki, ermənilər xalqa, millətə xas olan mənəvi, əxlaqi və s. keyfiyyətlərə malik deyillər. 1991-ci ilin avqust ayı idi.  Erməni quldurlarının qəfil hücumu zamanı atam və qardaşım həlak olmuşdu. Bu zaman Əvəz əmi hamıdan əvvəl əlində ov tüfəngi ilə köməyə gəlmişdi. Məni qucaqlayaraq təskinlik verdi və dedi ki, qisas yerdə qalmayacaq.

1992-ci il fevral ayının əvvəli idi. Ermənilər növbəti dəfə Sırxavənd kəndinə hücuma keçmişdi. Bu dəfə də Əvəz əmi bizi köməksiz qoymadı. Onun dəstəsi Sırxavəndi mühasirəyə alan erməni quldurlarının arxasına keçərək ermənilərin bir iri çaplı pulemyotunu, bir dənə artilleriya qurğusu gəzdirən hərbi maşınını və on yeddi nəfər erməni quldurunu məhv etdi. Bundan sonra ermənilər geri çəkildi və qaçmağa məcbur oldular. Əvəz özünü, oğlunu, qardaşını bu torpaq uğrunda qurban vermiş vətənpərvər bir azərbaycanlı idi.”.

Digər müsahibim isə Əvəzin özünümüdafiə dəstəsinin ən azyaşlı üzvlərindən biri olmuş Kərimov Azər Şahmar oğludur. Azər qəhrəman komandirini belə xatırlayır: “Bizim könüllü dəstəmizdə Əvəz dayıdan yaşca böyük olanlar, ondan çox kiçik olanlar da var idi. Lakin o, hamıyla dil tapmağı bacarırdı, heç kim ondan incik olmazdı. Məndən başqa Göyüşov Alim,  Həsənov Sərvər, Mustafayev Ayaz və Əvəz dayının oğlu Novruzov Ziya da var idi ki, bizim hələ 18 yaşımız  tamam olmamışdı. O, həmişə oğlu Ziyaya deyirdi: “Hamıdan tez gəl, hamıdan gec get”.

Əvəz dayı ilə birlikdə bir çox əməliyyatlarda iştirak etmişəm. 1992-ci il fevral ayının 5-də  Qazançı  kəndi  erməni quldurlarından azad edilməli idi. N saylı özünümüdafiə alayının komandiri, Milli Qəhrəman Şirin  Mirzəyev Əvəz dayını Ağdama qərargaha çağırmışdı. Ş.Mirzəyev Əvəz dayıya çox inanır və güvənirdi. Ona görə də Qazançı kəndində olan erməni quldurlarına Xankəndi istiqamətində gələcək qüvvənin qarşısının alınmasını Əvəz dayıya tapşırmışdı. Həmin gün sabaha kimi qarın içində gözlədik. Əvəz dayı dedi ki, ilk gülləni mən atacam. Biz erməniləri çox yaxına buraxmışdıq. Bu, komandirin əmri idi. Döyüşdən sonra başa düşdük ki, komandir düzgün taktika seçib. Erməniləri elə bir yerdə qarşıladıq ki, onların mövqe tutması və müdafiə olunması baş tutmadı. Bu döyüşdə iri çaplı pulemyotçu Ziya və Alim xüsusi rəşadət göstərdi. Düşmənin 30-a yaxın canlı qüvvəsini və iki BMP-2 texnikasını məhv etdik. Əvəz dayı ilə son döyüşümüz 1992-ci il martın 12-də oldu. Hələ bundan əvvəl 1 fevral 1992-ci il tarixində ermənilərin Manik kəndinə hücumu zamanı komandirlə birlikdə mən də Manik kəndinə köməyə getmişdim.

Bu döyüşdə mən qolumdan yaralandım. 1992-ci il martın 12-də hələ tam sağalmamış mən də hamı kimi döyüşə atılmışdım. Həmin vaxt erməni hərbi birləşmələri Başgüney kəndinə qəti hücuma keçmişdilər. Saatlarla davam edən qeyri-bərabər döyüşdə ermənilərin bir neçə hücumunu dəf etdik. Hər dəfə onlarla cəsəd buraxaraq geri çəkilirdilər. Lakin ətraf kəndlər boşaldığı üçün biz tam mühasirəyə düşmüşdük. Komandir dedi ki, mühasirəni yarıb qocaları və uşaqları çıxarmalıyıq. Mühasirənin yarılması çox uzun çəkdi. Bu döyüşdə Ələddin, Həmzə, Əsəddin, Nizami, Möhü, Qurban, Qəzənfər, Qoşun, İsa, Nərgiz kimi döyüşçülər misilsiz qəhrəmanlıqlar göstərərək şəhid oldular. Topxananın yerləşdiyi strateji əhəmiyyətli mövqenin müdafiəsini qardaşı ilə öz öhdəsinə götürən komandir yaralıları və dinc əhaliyə çıxmağı əmr etdi. Özü isə düşmən əlinə keçməsin deyə iki ədəd döyüş topunu partladıb məhv etdi. Bu son döyüşdə igid komandir öz həyatına da son qoydu. O, həmişə deyirdi: “Düşmən bu torpağa ancaq mənim və oğlumun meyidi üzərindən keçə bilər”. Elə dediyi kimi də oldu.  Əvəz dayı və oğlu Ziya şəhid olaraq doğma yurdlarında əbədiyyətə qovuşdular. Onların cəsədlərini  çıxarmaq mümkün olmadı.

Qarabağ müharibəsinə həsr edilmiş bir neçə kitabda – X.Rzaquliyevin “Ağdərədə nələr oldu”, R.Quluzadənin “Qan çilənən torpaq”, Ş.Səlimbəylinin “Şaxta vurmuş çiçəklər”, Q.Bəndalıoğlunun “Ağdərədən gələn var” kitablarda və bir çox qəzetlərdə Əvəz Novruzovun döyüş yolundan və qəhrəmanlığından bəhs edilib.

Əlbəttə, Əvəz Novruzov kimi vətənpərvər oğullar öz ölümləri ilə ölümsüzlük və əbədilik qazanırlar. Məşhur Qazax maarifçisi, şair Cambul Cabayev bu məşhur fikrini sanki Əvəz üçün deyib: “Vətən uğrunda ölüm həyatın davamıdır”.

Qəhrəman atanın oğlu, Qarabağ Müharibəsi veteranı, bir çox döyüşlərdə atası kimi qəhrəmanlıqlar göstərən Novruzov Hikmət Əvəz oğlu ilə də görüşduk. O, bunları dedi: “Bu barədə onun döyüş dostları danışsa daha münasibdir. Atamın qəhrəmanlığı və yaxud necə döyüşçü olmağını hər kəs yaxşı bilir.

1992-ci il aprel ayında Azərbaycan Respublikasının Milli Qəhramanı Allahverdi Bağırovun (Allah rəhmət eləsin) Ağdərə (kemçmiş Mardakert) rayon Çıldıran kəndinin sakini Qançaryan Serjiklə danışdıqları…

… Serjik: Dəfələrlə edilən kəşfiyyatdan sonra 1992-ci il 12 mart səhər tezdən 2 batalyon, 11 zirehli texnika ilə hücuma keçdik. Mən orda heç kim idim.

Məni zorla bələdçilik etməyə aparmışdılar.

Sual: Novruzov Əvəzi gördünmü?

Serjik: Mən Əvəz dayı olan tərəfdən gələn rotaya bələdçilik etmirdim. Mən Əvəz dayının döyüşdüyü puşka (top) olan yerə saat 3-4 radələrində gəldim. Mənim bələdçilik etdiyim rota mühasirəyə düşdü və tamamilə məhv edildi. Mən kəndi tanıdığım üçün aradan tez çıxdım. Mən Əvəz dayı olan yerə gələndə artıq hər şey bitmişdi. Bir neçə saat təkbaşına döyüşdən sonra Əvəz dayı həlak olmuşdu. O, əvvəlcə kəndin ən yüksək zirvəsinə çıxıb və orda bizdən 2 nəfər öldürdükdən sonra puşkanın yanına gəlib. Orda İsa kişi tək qalmışımış ona köməyə gəlib. İsa kişi 4 nəfər bayavik öldürmüşdü. Onu snayperçi qız vurmuşdu. Əvəz dayı puşkaya tərəf gələndə onu uzaqdan Çıldırandan olan bələdçilər tanımışdı. Qorxulu halda polkovnik Manuçaryana deyib ki, Əvəz odur. Polkovnik gülüb deyib ki, indi nədən qorxursan ki? Sonralar uşaqlar ona lağ edib gülürdülər ki, əlində avtomat yenə Əvəzdən qorxursan. Əvəz dayı bizi heç vaxt adam yerinə qoymurdu. Da ara, elə bizə həmişə deyirdi ki, 16kq veşlə burdan çıxmalısınız. O, istəsəymiş qaça bilərmiş, amma puşkanın yanında manevr etmişdik. Əvəz dayı güclü, hündür boylu şəxs idi, onun nətər güclü olduğunu çox görmüşdüm. Bir dəfə Seqonu elə döymüşdü ki, bir həfdə qaranlıq otaqda saxladı həkim. Çıldıranın ən güclü adamı Ayı Qırışa bir qapaz vurdu kolxozun idarəsinin qabağında Qırış divara dəyib yıxıldı. İclasda kolxoz sədri Muratı qapazla vurdu sədr stolla bərabər yerə yıxıldı. Əvəz dayı istəsəymiş sağ qala bilərmiş. Polkovnik Manuçaryan ona möhkəm səslə deyib ki, sən komondirsən sən təslim ol, səninlə akrujeniyada olan rotanı dəyişək. Puşkanın yanında döyüşdə məsafə 30-40-50 metr idi. Əvəz dayı Manuçaryana deyib ki, sən özünü göstər görüm sən kimsən, həqiqətən polkovniksən? Manuçaryan ağacın arxasından çıxan kimi Əvəz dayı onu başından vurub öldürmüşdü. Əvəz dayı bir neçə saat döyüş vaxtı 8 güllə almışdı. O, 16 bayavik öldürmüşdü, 11-ni yaralanmışdı, Püşkanı isə partlatmışdı. Mən puşkanın yanına çatanda Əvəz dayı həlak olmuşdu. O, ağaca söykənmişdi, qollarını nazik budaqlara keçirmişdi ki, yıxılmasın. O, əsl Samuray kimi həlak olmuşdu ayaq üstə. Avtomatın lüləsi yerə söykənmişdi, amma əlindən buraxmamışdı. Əvəz dayı bizim planları tamamilə pozmuşdu, çünki istiqamətdə kəndə girə bilmədik. Ancaq Əvəz dayının meyidinə hörmətlə yanaşmışdılar. Onun əyaq üstə olmuş şəkili çəkildi və qəzetlərdə verildi və yazılırdı ki, erməni (hay) xalqının ən böyük düşmənləri üzərində qələbə. Əvəz dayının patronu qurtarsada yenə qaçmamışdı. Öldürdüyü bayavikin avtomatın götürüb yenə də atışmışdı.

Sual: Niyə N. Əvəz haqqında heç bir məlumat ala bilmirdik?

Serjik: Biz mart ayının 12- də kəndə girə bilmədik. 13-də kənddə tam sakitçilik idi. Dedik ki, yəqin istəyirlər yenə aşağı düşək bizi mühasirəyə salıb qıralar. Axşam çay tərəfdən (qabartı) razvetka kəndə girdi və məlumat gətirdi ki, heç kim yoxdur. Martın 14-də kəndə girdik. Əvəz dayının evinə girəndə vayenniyə aid çoxlu dakumentlər, seyf tapdıq və orada göstəriş verildi ki, Novruzov Əvəz haqqında heç bir yerdə, heçnə danışılmayacaq!!!!

Sual: Niyə Novruzov Əvəz və başqa döyüşçülərin meyidlərin dəyişmədiniz?

Serjik: Komandanlıq dedi ki, onların meyidləri həlak olmuş hayların qəbri üstündə yandırılmalıdır. İsa kişinin meyidi Çıldıranda yandırıldı. O, biriləri başqa yerdə.

Sual: Əvəzin meyidi nətər oldu?

Serjik: Onu bilmədim.

Sual: Başqa nələr oldu 14-də?

Serjik: Hamımız maqazinin qabağına toplaşdıq. Burda bir ailə qalmışdı. Qoca kişi və qadın. Onlardan soruşdular ki, başqa kim var? Dedilər heç kim. Elə oradaca onları güllələdilər. Bu vaxt evdən bir qız çıxdı avtomatın bütün patronların bizə atdı. 17 nəfərə güllə dəydi, 8 nəfər orada öldü, 3 nəfər sonra. Qız evə girdi. Qrantamyotla vurdular və qız oldü. (bu qız camaatın gözündən yayınıb xəstə baba və nənəsinin yanında qalmışdı. 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz idi). O, qız avtomatı atıb evə girəndə dedi ki, Əvəz dayım qayıdacaq geri, sizi qırmağa dığa köpək uşağı. Qızın Əvəz dayının həlak olmasından xəbəri yox idi. Kəndin bütün əmlakı orda ölən və yralı olanların ailələrinə paylandı.

Sual: Neçə erməni öldü?

Serjik: 173 nəfər həmin günü öldü. 52 nəfər yaralandı. Yaralılardan sonra ölənlər oldu. 8 texnika minaya düşdü. Kəşfiyyat səhv məlumat gətirmişdi. O Baş Güneyfaya kəndində Azərbaycan ordusundan bir spesnaz rotası olduğunu bilməmişdi. Çünki onlar mülki paltarda imişlər. Martın 14-də Yeravanda mitinq oldu hökümətə qarşı. Kiçik bir kəntdə bu qədər itki verilməsi çox pis idi. (serjik bilmirdi ki, həmin kənddə kənd camaatından başqa heç kim olmamışdı). Hücum vaxtı TŞK pulemyotunun kənddə olması düzgün nəzərə alınmamışdı. TŞK imkan vermədi ki, bizim mühasirəyə düşən bayaviklərə kömək olunsun.

Sual: Niyə N. Əvəzin şəkilin qəzetdə vermişdiniz, niyə ona hay xalqının ən böyük düşmənlərindən biri deyilirdi?

Serjik: Ara hökümət camaatı sakitləşdirə bilmirdi, ona görə şəkli verirdi ki, camaat görsün ki, haylar qələbə çaldı. Əvəz dayı komandir paltarında olduğu üçün onun şəkili verildi ki, yəni ki, komandir həlak olubsa, deməli həqiqətən Baş Güneyfaya alınıb. Camaat inanmırdı ki, kəndi haylar ala bilib. Əvəz dayı bizə nifrət eləsə də kişi kimi də həlak oldu. O, elə plan qurmuşdu ki, o həlak olsa da, soldatlar camaatı mühasirədən çıxartmışdılar.

Sual: Bəs sən niyə gəlmişdin?

Serjik: Ara and içirəm ki, məni zorla gətirmişdilər. Mən o kəndə çox cörək yemişəm, mənim elə atam da o kənddə çox çörək yemişdi. Mənə dedilər ki, getməsən səni öldürəcəyik, arvadını da aparacağıq kazarmaya.

Sual: Biz bir dəfə eşitdik ki, N. Əvəz yaralanıb və əsir düşüb.

Serjik: Yalan məlumatdır. Əvəz dayı həlak oldu.

Sual: N. Əvəz yaralanıb əsir düşsəydi əgər, onu dəyişərdiniz?

Serjik: Ara yalandan nə deyim ki, komandir mən olsam dəyişərəm. Amma onlar heç vaxt dəyişməzdilər. Ona görə ki, Baş Güneyfayada ölən bayaviqlərin yaxınları buna icazə verməzdilər. Həm heç Əvəz dayı heç vaxt bizə əsir olmazdı. Öz özünü öldürərdi. Onun bizdən xoşu gəlməsə də amma təmiz adam idi. Sizlərdən hamısı oğurluq edirdi. Əvəz dayı heç vaxt elə iş görməzdi. Ara inan ki, Çıldıranda hamı onun həlak olmasına pis oldular. Əvəz dayının döydüyü Seqo belə ağladı. Seqo dedi ki, ara Əvəzi də öldürmək olarmış. Serjik dedi ki, mənim atam Murad Əvəz dayının qapısında işləyəndə çox çörək yeyib.

Allah rəhmət eləsin!

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »