• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ermənilərin müharibə hazırlığı – Fasiləsiz silah daşınır: İran və Rusiya dayanmadan…

Mar 22, 2023

Loading

Avropa İttifaqının “mülki missiyası”nın regiona gəlişindən sonra Ermənistan ordusunun silahları susmaq bilmir. Missiyanın Ermənistana gəlişinin ertəsindən (21 fevral) etibarən Azərbaycanla sərhəddə erməni tərəfinin silahlı insidentlərinin səngimədiyi faktdır.

Aİ missiyasının regiona gəlişinə qədər regionda nisbi sakitliyin hökm sürdüyünü nəzərə alsaq, görünür Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına töhfə vermək adı altında regiona gələn missiya əslində mövcud vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. 

Ermənistanın hansısa dövlətlərin, təşkilatıların arxasına sığınması heç nə ifadə etmir. Bunun ən bariz sübutu 44 günlük Vətən müharibəsidir. 

Son bir ayda Xankəndi-Xəlfəli-Turşsu yolundan törədilən təxribatlar, qanunsuz silah daşımaları faktı nəinki səngimir, əksinə daha da mütəşəkkil hal almağa başlayıb. Ermənistan tərəfinin destruktiv əməllərinə şərait yaradan Rusiya, təxribatlarına isə kar-kor və lal olan Qərb bu siyasi riyakarlığına son qoyacaq kimi görünmür. Proseslərin bu cur inkişafı isə regionun daha bir eskalasiyaya doğru getməsi üçün imkanlar yaradır. 

Son günlər sürətli şəkildə istər Qarabağa Rusiya sülhməramlılarının müşayiəti ilə separatçı rejim qalıqlarına məxsus silahı dəstələrin gizli yollarla, istərsə də Ermənistan tərəfinin Azərbaycanla sərhəddə qoşun və hərbi texnika topladığı ilə bağlı əldə olunan materiallardan da havadarlarının yardımı ilə İrəvanın növbəti müharibə hazırlığını sürətləndirdiyini görməmək mümkün deyil.

Hadisələrin bu cür cərəyanı Azərbaycanla Ermənistanın yeni hərbi toqquşma astanasında olduğunu deməyə əsas verir. Digər yandan isə iran öz hərbi imkanlarını Ermənistanın üzünə açıb. İran Ermənistanı hərbi kəşfiyyat məlumatları ilə təmin etmək üçün son vaxtlar xüsusilə canfəşanlıq göstərir. 

Ermənistanın dərhal öz hava məkanını İran üçün açması sıradan bir qərar deyil. İrəvandan belə bir addım imkan verir ki, İranın Azərbaycan əleyhinə kampaniyası hərbi təhdidlərlə davam etsin. İranın Azərbaycanla sərhədə qoşun cəmləməsi haqqındakı məlumatlar təsdiqini tapmasa da, Tehran Azərbaycanla sərhəddə kəşfiyyat uçuşlarının sayının artırdığı dəqiqləşir. 

Bu tərəfdən də artıq Ermənistan İran kəşfiyyat PUA-larının Azərbaycanla sərhəd istiqamətində uçuşlar həyata keçirməsi üçün hava məkanını Tehranın ixtiyarına verməsi İrəvanın müxtəlif cəbhələrdə Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü təsdiq edir. Böyük ehtimalla İran səmadan əldə etdiyi görüntüləri Azərbaycan-Ermənistan hərbi eskalasiyası ssenarisini göz önündə tutaraq İrəvana verməyi hədəfləyir. 

Qarşı tərəfdəki bütün bu canlanma isə Prezident İlham Əliyevin Talışkənd səfərindən sonra müşahidə edilməyə başladı. Görünür İlham Əliyevin işğaldan azad edilən ərazilərdən səsləndirdiyi növbəti bəyanatlar istər Ermənistanı, istərsə də onun havadarlarını ciddi narahat etməyə başlayıb: “Buradan – işğaldan azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran bəzi ölkələrə xəbərdarlıq edirik ki, bu çirkin əməllərdən çəkinin. Heç bir kənar qüvvə Azərbaycanın və Azərbaycan xalqının iradəsinə təsir edə bilməz”.

Bununla da dövlət başçımız Ermənistana son “heç bir havadara arxayın olma, həddini aşsan səni bu dəfə bizim əlimizdən heç kim ala bilməyəcək” xəbərdarlığını etmiş oldu.

Görünür, Avropa İttifaqı missiyasının bölgəyə gəlməsindən sonra arxayınlaşaraq Qərbin müəyyən dairələri ilə Azərbaycan Ordusunu təxribatlara cəlb edib, bununla da ölkəmiz əleyhinə bəyanatların səsləndirilməsinə, qərarların qəbul edilməsinə nail olacağına ümid edən Nikol Paşinyan və komandası 3 il əvvəlki aqibətlərini artıq unudub.

Ermənistanın regionda yeni eskalasiya mühiti yaratmaq istiqamətində havadarlarının hərtərəfli dəstəyi ilə atdığı addımlar, ara verməyən təxribatları Bakının İrəvan üçün verdiyi zamana yenidən baxması ilə nəticələnə bilər. 

Prezidentin son Qarabağ səfəri, oradan verilən mesajlardan hər şey çox aydın şəkildə göründü: Qarabağdakı açıq qalan məsələlərin həlli Azərbaycanın taktiki hədəfinə çevrilməyə doğru getdiyi kimi, rəsmi Bakı sərhədlə bağlı planlarını da əsas strateji hədəfi olaraq qısa zamanda çözmək barədə düşünür.

Təhməz Əsədov
Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »