“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın bashlibel.az-a verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili nəzərdə tutulur: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir. Belə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirməkdədir. Respublikamız müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə ifadə edir. Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağı bəyan edib. Layihə çərçivəsində də Ermənistanla təmas xəttində yaşayan sakinlərlə regionda sülhün təmin edilməsi, ermənilərlə birgəyaşayışın mümkünlüyü ilə bağlı müzakirə aparılacaq. Ağdam, Tərtər, Bərdə və Qazax rayonlarının hər birində bir dəfə olmaqla, ümumilikdə 4 ictimai müzakirə keçiriləcək. Təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün həyata keçirilməsi vacib olan addımlarla bağlı region sakinlərinin rəyləri öyrəniləcək. Həyata keçirilən fəaliyyətin nəticəsi olaraq Ermənistanla sülhə nail olunması, ermənilərlə birgəyaşayışla bağlı keçmiş cəbhə xətti ərazilərdə ictimai rəylə bağlı hesabat hazırlanacaq”.
Bashlibel.az