Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasından 2 il keçdi. 2020-ci ilin 27 sentybarında başlanan hərbi əməliyyatlar Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Rayonlarımız ard-arda işğaldan azd edildi və Ermənistan faktiki olaraq diz çökdü. 10 noyabr 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən:
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir. Atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yaradılır.
Ermənistan 20 noyabr 2020-ci il tarixinədək Ağdam, 15-dək (sonradan 25-dək) Kəlbəcər, dekabrın 1-dək Laçın rayonlarını Azərbaycan Respublikasına qaytarır.
Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən və Şuşa şəhərindən keçməyən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verir.
Məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.
Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsi aparılır.
Bölgədəki iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.
Üçtərəfli bəyanatın əsas əhəmiyyəti qanlı döyüşləri saxlaması və Kəlbəcər, Laçın və Ağdam rayonlarının Azərbaycana döyüşsüz qaytara bilməsi oldu. Bu bəyanat imzalanmasaydı, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün daha çox hərbçimiz həyatını itirə bilərdi.
Siyasi təhlilçilər hesab edir ki, 10 noyabr Bəyanatı Azərbaycana öz qələbəsini qanuniləşdirmək imkanı verib. Üçtərəfli bəyanat əsasında Azərbaycan artıq sərhədlərin delimitasiyası, demarkasiyası, bütün kommunikasiyaların açılması məsələsini qaldırıb. O cümlədən Ermənistan ərazisindən keçərək Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan arasında müstəqil əlaqələrin yaradılması bu sənəddə nəzərdə tutulur.
Amma 10 noyabr bəyanatı tərəflər arasında hələ də sülh razılaşmasına gətirib çıxarmayıb. Ermənistan sülh sazişinin imzalanmasını yubadır və vaxt udmağa çalışır.
Azərbaycanı narazı salan məqamlardan biri 10 noyabr razılaşmasının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.
Daha bir məsələ razılaşmanın hərbi əsir, girovlar və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsinə aid 8-ci bəndlə bağlıdır. Azərbaycan ötən ilki müharibədən sonra saxlanılıb mühakimə edilən bir qrup şəxsdən başqa bütün erməni hərbçiləri qaytarıb. Beləliklə Azərbaycan bəyanatın bu müddəasını da yerini yetirib.
Bəyanatın imzalanmasından keçən iki il müddətində Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə tam əməl edib və etməkdədir. Ermənistandan Qarabağa maneəsiz girişi təmin edən yeni Laçın yolunu Azərbaycan inşa edib və bir neçə ay öncə yol istismara verilib. Lakin Ermənistan 10 noyabr Bəyanatına tam əməl etmir, qeyd etdiyimiz kimi öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atmır.
Üçtərəfli bəyanatı imzalayan Rusiya və Ermənistan bəyanatın 9-cu bəndində nəzərdə tutulan keçmiş Dağlıq Qarabağ bölgəsində məcburi köçkün düşmüş azərbaycanlıların öz yurdlarına qaytarılması tələbinin də yerinə yetirilməsi üçün gərəkən addımları hələ də atmayıb.
44 günlük müharibənin nəticələri, həmçinin 10 noyabr bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, bundan sonra Ermənistanda ictimai-siyasi, iqtisadi böhran dərinləşərək uçuruma yuvarlandı və bu günədək özünə gələ bilmir.
44 günlük müharibəni dayandıran bu sənəd Azərbaycanın əlinin güclənməsini də təmin edib. Belə ki, bu sənəd diplomatik mübarizədə, bütün platformalarda aparılan sülh danışıqlarında da əsas kimi götstərilir və Azərbaycanın əlində ciddi bir təsir vasitəsidir.
Ermənistanın bu sənədə imza atması təsadüfən baş vermədi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Paşinyan yəqin ki, ağlaya-ağlaya, göz yaşları içərisində bu sənədə imza atdı. Harada imza atdığı da məlum deyildi. Ancaq məcbur oldu ki, bu addımı atsın. Biabırçı məğlubiyyət onu bu addımı atmağa vadar etdi: “Rusiyalı ekspertlər də yekdil mövqedədirlər ki, əgər Paşinyan bu addımı atmasaydı, belə olan vəziyyətdə təxminən 20 min əsgəri müharibədə məhv ediləcəkdi. Bunu hətta Nikol Paşinyan da bir neçə dəfə etiraf edərək deyib ki, 10 noyabr üçtərəfli Bəyanatına imza atmasaydı Ermənistanın olan-qalan əsgərlərinin də məhvi gözlənilirdi. Yeganə yol o idi ki, kapitulyasiya aktına imza atsın. Bununla da 10 noyabr sənədi meydana gəldi. Azərbaycan, Rusiya və Ermənistan siyasi liderlərinin imzaladığı bu sənəd postmüharibə dövrünün yol xəritəsi də hesab oluna bilər. 9 bənddən ibarət olan bu sənədin bəzi bəndlərinin tələbləri hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”.
Etibar Ağayev