Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin birgə tədbiri keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, əbədiyaşar liderin və qəhrəman Vətən övladlarının əziz xatirələrinə dərin ehtiram ifadə olunub.
İştirakçılar dahi şəxsiyyətin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Tədbirdə çıxış edənlər istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqımızın əzmkarlığından danışıblar.
Bundan başqa, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə xüsusi vurğulanaraq, müharibə dövründə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.