• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

HEÇ VAXT UNUDULMAYAN ƏZABLI YOLLAR

Apr 1, 2023

Loading

1 aprel 1993-cü il Kəlbəcər rayonun Başlıbel kəndini məcburən tərk etməyimizdən 30 il ötür. O vaxt mənim 10 yaşım var idi. Heç vaxt yadımdan çıxmaz, mart ayının 31-i günü idi. Axşama yaxın qohumlarınız bizə gəlmişdilər gedib-qalmaq barədə söhbət edirdilər, deyirdilər bu qədər mal qaranı, ev-eşiyi qoyub gedə bilmərik. Aprel ayının 1-i günü səhərə yaxın saat 3-4 olardı. Atam gəlib dedi ki, qalmaq olmaz, ermənilər tuneli tutublar, mütləq gedəcəyik. Atam, rəhmətlik babamla nənəmi maşına mindirdi, özümüz isə atam,anam, bacım və mən kənd camaatı ilə birlikdə dağ yolu ilə Kəlbəcər rayonu istiqamətinə yola düşdük. Mən yolda yorulduğum üçün atam, anam məni kürəyinə alıb yolumuza davam edirdik. Gəlib Qaraçanlı kəndini keçib İstisu yoluna çıxdıq. Bir qədər yol getdikdən sonra mən yenə yoruldum. Həm də əynimdə gödəkcə var idi, hava da bir az isti olduğu üçün soyunub verdim anama dedim ki, istidi, geyinmirəm. Yenə bir qədər getdikdən sonra arxadan bir maşın (səhv etmirəmsə, QAZ-53) gəlib yanımızda dayandı. Qohumlardan biri maşından düşüb dedi ki, Altayı verin mənə, görürəm, yorulub. Qılınçlı kəndində sizi gözləyəcəm. Məni də mindirdi maşına. Qılınçlı kəndinə çatanda hərbiçilər maşının qarşısını kəsərək, orada olan kişilərə Kəlbəcərin müdafiəsinə getməyi tələb etdilər. Qarışıqlıq yarandı və həmin qohumumu itirdim. Qaldım tanımadığım adamların yanında. Əynimdəki gödəkçəni soyunub anama verdiyim üçün əynim nazik idi. Mən tanımadığım adamlara qoşulub Nadirxanlı kəndini keçib, Sarıdaş kəndi istiqamətinə yola düşdük. Mən Nadirxanlı kəndində kəndçimiz Kərim Həsənovu gördüm. Məndən valdeyinlərimi soruşdu, mən də itirdiyimi dedim. Mənə çörək verdi, mən də yeyə bilmədim, çörəyi qoydum daşın üstünə. Əynim nazik olduğu üçün tanımadığım bir nəfər (kəndçimiz deyildi) mənə pencək verdi, geyindim, o da əynimə böyük idi. Biz piyada yol gəlib, gecə yarı bir kəndə çatdıq. Gecə həmin kənddə qaldıq. Səhv etmirəmsə, Zallar kəndi dedilər. Aprel ayının 2-si günü səhər tezdən qaldığımız evin yanında bir KamAZ markalı maşın gördüm. KamAZ-ın yanında Oqtay əmimi görub ağladım, Əmim məni görəndə təəccübləndi. Dedi, Altay, atangil hanı? Dedim ki, itirmişəm. Mənə çörək verdi, yedim, mindik KamAZ-ın kuzasına. Bir az gedəndən sonra maşından düşdük yerə, Murovdağdakı 1-ci yol evinə çatdıq. Hava çox soyuq, çovğun idi. Əmim məni içəri keçirdi, özü qaldı çöldə. Yol evində atamın əmisi qızı Fəxrəndə mamamı da tapdım, amma evdə adamlar çox olduğu üçün onu da itirdim. Gecə yol evindən çölə çıxanda Oqtay əmimi tapa bilmədim. Yenə qoşuldum tanımadığım adamlara. Onu da qeyd edim ki, Kərim Həsənovu da itirmişdim. Gecə çovğun və boranda Murovdağı piyada tanımadığım adamlarla birlikdə çıxaraq səhərə yaxın zirvəyə çatdıq və yenə də piyada, günorta təxminən saat 2-3 radələrində axrıncı yol evinə çatdıq. Ora çatanda Ənvər əmimi tapdım. Mənə yemək verdi. Çox ac idim, bir az dincələndən sonra atam tək gəldi. Axşam qaranlıq düşəndə də anamı və bacımı tapdıq. İndi mənim 40 yaşım var, Allaha şükürlər olsun, torpaqlarımız azaddır. Allah Şəhidlərimizə rəhmət eləsin !

Altay SALAHOV, Başlıbel kənd sakini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »