• Ç. Apr 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Avq 4, 2023

Loading

Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndərin abidəsini ziyarət edib, tər gül dəstələri düzüblər. Daha sonra Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, məlum olduğu kimi, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini,əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən bu siyasəti uğurla davam etdirilir.
Daha sonra çıxış edən natiqlər jurnalist, “Qanlı kaha” və “Tanrı yoxuşu”kitablarının müəllifi Elxan Salahov,, GDU-nun müəllimi, kafedra müdirinin müavini Gülüstan Fərəcova, Vətən müharibəsi iştirakçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi, şair Eyvaz Əyyub vurğulayıblar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80 ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə nail olunmasıdır. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirmişdir ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verərək qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında “ 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-I ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi , habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri,necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »