Hindistandan Ermənistana silahların İran ərazisindən göndərilməsi faktının ortaya çıxması Bakı-Tehran münasibətlərini bir az da gərginləşdirəcək. 44 günlük müharibədə də min tonlarla silah məhz İran ərazisindən Ermənistana daşınmışdı.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ötən gün Hindistandan Ermənistana İran üzərindən silah daşınması faktının ortaya çıxması və bundan az sonra Azərbaycan və İran XİN başçıları arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistana silahın İran üzərindən daşınması, çox güman ki, telefon danışığı zamanı Azərbaycan tərəfindən qaldırılıb:
“Son vaxtlar İran rəhbərliyi Azərbaycan tərəfi ilə münasibətləri inkişaf etdirməyə çalışdığını göstərmək istəyir. Digər yandan isə İran Ali rəhbərinin müşaviri Əli Vilayəti Zəngəzur məsələsinin İran üçün əhəmiyyətini qabardır və Azərbaycanın guya İranın Ermənistanla sərhədini kəsmək istəməsi ilə bağlı iddia ortaya atır. Əslində belə deyil. Bütün bunlar yenə Azərbaycana qarşı müharibə təhdidi, müharibə şantajının ortaya qoyulmasıdır. Bununla yanaşı Ermənistana növbəti silah partiyalarının İran ərazisindən göndərilməsi faktı üzə çıxdı. XİN-in yaydığı rəsmi açıqlamada bu məqama toxunulmasa da, düşünürəm ki, ötəngünkü telefon danışığında həm İran ərazisindən Ermənistana silah daşınması, həm də Vilayətinin Azərbaycanı ittiham edən açıqlamaları ilə bağlı Azərbaycan tərəfi öz mövqeyini və bunun qonşuluq prinsipinə uyğun olmadığını Tehranın diqqətinə çatdırıb”.
T.Rzayev son vaxtlar İranın Azərbaycanla münasibətləri düzəltmək istəyi ilə Bakıya qarşı əməli siyasəti arasında təzad olduğunu xatırladaraq, Tehranın ənənəvi düşmənçilik siyasətini davam etdirdiyini də vurğulayıb:
“Biz 30 il ərzində bircə dəfə də “Azərbaycanın sərhədi qırmızı xəttimizdir” deməyən İranın 44 günlük savaşdakı Zəfərimizdən sonra öz ordusu ilə Ermənistanı qorumağa hazır olduğunu nümayiş etdirməsini də, “Ermənistan sərhədləri qırmızı xəttimizdir” sözlərini də, müsəlman təəssübkeşi kimi çıxış etməsinə rəğmən, torpaqlarımızın işğalda qalması, bir milyon müsəlmanın qaçqın-köçkün olmasında Ermənistana hər cür dəstək göstərməsini də, məscidləri dağıdıb, müqəddəs yerlərdə donuz saxlayan ermənilərə qucaq açmasını da – ümumiyyətlə, heç nəyi unutmuruq. İnanıram ki, dövlətimiz İranın bu məkrli siyasətini də izləyir və buna qarşı hazırlıqlıdır”.