Regional İnsan Hüquqları və Media Mərkəzinin 4, 5 və 6 iyun tarixlərində Bərdədə təlimi olacaq. Bashlibel.az xəbər verir ki, bu barədə Mərkəzin sədri Xalid Kazımov bildirib. Onun sözlərinə görə, həssas qrupdan olan region sakinlərinin məşğulluğuna dəstək məqsədi ilə Bərdə rayonunda işsiz və işaxtaran şəxslər üçün 3 günlük təlimdə iştirakçılara özünüməşğulluq proqramına müraciət, biznesə başlamaq üçün sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, işğaldan azad olunan rayonlarımızda sahibkarlıq fəaliyyəti üçün mövcud imkanlar, bizness-plan hazırlanması, kiçik biznesin təşkili və inkişaf etdirilməsi yolları öyrədiləcək. Təlim zamanı iştirakçılar kreativ ideyalarının reallaşdırılması üçün layihələrin yazılması və maliyyə tapılması imkanları ilə bağlı bilgiləndiriləcək, nəzəri bilikləri təkmilləşdirmək üçün praktiki tapşırıqlar icra edəcəklər.
Biznes-plan hazırlamaq və özünüməşğulluq proqramına müraciət etmək istəyən iştirakçılara nəticə əldə olunanadək konsultasiya xidmətinin göstərilməsi nəzərdə tutulur.
4, 5 və 6 iyun tarixlərində Bərdə rayonunda keçiriləcək təlimdə Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında yaşayan aztəminatlı şəxslər iştirak edə bilər. Təlim iştirakçıları təlim zamanı nahar yeməyi ilə təmin olunacaqlar. Təlimdə sonadək iştirak edənlərə sertifikat veriləcək. Təlimin 3-cü günündə “Yelo bank”ın nümayəndəsi ilə görüşmək imkanı yaradılacaq.
Bashlibel.az