“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair Birinci Dövlət Proqramı” 2023-2026-cı illəri əhatə edir. Proqramda azad olunan ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəallığın təmin olunması üçün bir sıra addımların atılması nəzərdə tutulur. Proqramın əsas prioritetlərindən biri ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulmasıdır. Sənəddə qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Proqramdan aydın olur ki, ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından effektiv istifadə, əhalinin ehtiyacları və bu infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mümkün təsirləri nəzərə alınacaq.
Proqramın əsas prioritetlərindən biri də dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyasıdır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı iqtisadi canlanmanın yaradılması, iqtisadi aktivliyin təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, su və torpaq ehtiyatlarının səmərəli idarəedilməsi mexanizminin yaradılması və bölgədə regional ixtisaslaşmanın artırılması məqsədilə tədbirlərin icrasını əhatə edəcək.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, habelə innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək.
Dövlət Proqramına dair tədbirlərin icrası dövlət büdcəsi, Dövlət Neft Fondu, büdcədənkənar fondlar (Qarabağ Dirçəliş Fondu və digər fondlar), Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti, habelə yerli və xarici investisiyalar, dövlət ‒ özəl sektor tərəfdaşlığı nəticəsində yaranan maliyyə vəsaiti, beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək. Hökumət proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq etmək niyyətindədir. Proqramın icrası üçün tərtib olunan Tədbirlər Planından aydın olur ki, 2023-2026-cı illərdə geri qayıdışın ilkin mərhələsində həyətyanı və yaşayış sahələri üzərində istifadə hüquqlarının tanınması ilə bağlı tədbirlər görülməsi, həmçinin torpaq islahatlarının aparılması ilə bağlı təkliflər veriləcək. Torpaq islahatı aparılana qədər isə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ilə bağlı tədbirlər görüləcək. Bundan əlavə, ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə resurslarına çıxışı imkanlarının genişləndirilməsi, cəlb edilmiş resursların maya dəyərinin azaldılması, onlara veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi kimi addımların atılması planlaşdırılır. Tədbirlər Planına əsasən Azərbaycan hökuməti azad olunan ərazilərə yatırılan investisiyaların sığortalanması mexanizmini yaradacaq.
Bashlibel.az