![]()
Bu gün Kəlbəcərlilərin uzun illərdən bəri çəkdiyi Vətən həsrətinə son qoyulur. İllərdir doğma torpaqlarının həsrəti ilə yaşayan soydaşlarımız artıq öz yurdlarına qayıdırlar. Bir neçə ailə abad olunmuş, müasir standartlara cavab verən binalarda öz doğma ocaqlarına qovuşaraq, Kəlbəcərdə həyatın yeni nəfəsini hiss etdilər.
Bu tarixi gün sadəcə bir köç deyil, eyni zamanda xalqımızın qələbəsinin və möhtəşəm səbrinin təntənəsidir. Kəlbəcər artıq inkişaf edir, yeni yollar, yeni evlər, sosial obyektlər və müasir infrastruktur qurulur. Bu inkişaf hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Kəlbəcər qısa müddətdə dirçəlməyə başladı. Prezidentin “Kəlbəcəri cənnətə çevirəcəyik” sözləri bu gün artıq real işlərdə öz təsdiqini tapır. Müasir binalar, çəkilən yollar, enerji təminatı, su və kommunikasiya xətləri bu bölgənin gələcəyinin necə parlaq olacağını göstərir.
Kəlbəcər təbiətinin gözəlliyi, mineral bulaqları və zəngin sərvətləri ilə ölkəmizin ən mühüm turizm və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Artıq ailələrin geri dönməsi və həyatın yenidən qurulması həm tarixi ədalətin bərpası, həm də dövlətimizin gücünün göstəricisidir.
Bu gün Kəlbəcərə qayıdan hər bir nəfəs, hər bir addım – qələbənin səsi, gələcəyin işığıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam və firavan ömür nəsib etsin. Kəlbəcərlilər adından Cənab Prezidentimiz İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Prezidentin Kəlbəcər üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyevə dərin təşəkkürümüzü bildiririk.

Səbuhi Kamran (Ağayev)
Bashlibel.az
Bashlibel.az