Azərbaycanlı ictimai fəalların “Eko-terrora son!” şüarı ilə Laçın-Xankəndi yolunda etiraz aksiyası 12-ci günə keçdi. Ermənilərin əks-təbliğat kampaniyasına baxmayaraq, dinc aksiya uğurla davam edir. Eyni zamanda, uzandıqca düşmən tərəfin böyük yalanlarını da faş edir.
Məsələn, separatçılar iddia edirdilər ki, guya Rusiya hərbi kontingentinin nəzarətindəki anklavda 120 min (!) erməni humanitar fəlakətlə üzləşib. Elə isə nədən ötən 12 gündə onların heç olmasa, 5-cə mini Xankəndindəki meydanda toplaşmadı, oktyabrın 30-dakı kimi “50 minlik” bir mitinq reallaşmadı?
Ona görə ki, orada 120 min yox, uşaqlı-qocalı 10-15 min erməni qalıb. Laçın yolu isə nəzarətə götürüldüyündən Ermənistandan Xankəndinə “etirazçı” daşımaq mümkün deyil. Belə hoqqalar daha keçmir. Oliqarx-dələduz Ruben Vardanyanın çirkli pulları işə yaramır.
Ermənistan baş naziri Nikol Paşinyan isə yaranmış vəziyyətə görə bu gün utanmazcasına Rusiyanı ittiham edib. Sülhməramlı kontingentin öz missiyasını yerinə yetirmədiyini söyləyib. Moskvadan cavab gecikməyib. Amma Rusiyanın günahı öz yerində, əsas suç əlbəttə ki, Laçın yolunu qeyri-humanitar məqsədlə, qanunsuz istifadə edən Ermənistanın, separatçı ünsürlərin üzərindədir. Pasinyan yaxşı olardı ki, öncə bu barədə düşünsün.
Heç bir ölkənin sərhədləri, onun keçid yolları bazar yolu ola bilməz. Ermənilər bu yolla separatçı niyyətlərini həyata keçirə bilməyəcəklərini Azərbaycan ortaya qoyub və sərvətlərimizin talanına imkan verilməyəcək. Bu dünyaya önəmli mesaj oldu. İndi aksiyanın davamı olaraq nələri həyata keçirəcəyimizi düşünməliyik. Ermənilər özlərini parçalayırlar ki, Azərbaycanın məqsədi Qarabağda yaşayan əhalini bu yolla yerlərindən çıxarmaqdır. Bəli, onlar bizə tabe olmayacaqlarsa, ölkəmizi tərk etməlidirlər! Harada görünüb ki, düşmənçilik edən bir toplum rahat nəfəs alsın və istədiyi zaman təxribatlarla sənə təhlükə törətsin?!
Şəraitə görə, öncə Laçın yolunda bizim postların qoyulmasına nail olunmalıdır. Bunun olması üçün əlimizdə yetərli əsas var. Bu yolla Qarabağa heç də humanitar yüklərin daşınmadığı gerçəyi ortadadır. Azərbaycanın qızılının, misinin, molibdeninin qanunsuz istismarı faktları da bizim haqlı olduğumuzu ortaya qoyur. Davam edən aksiyalarımızı dövlət orqanlarının qərarlı addımları əvəz etməlidir.
Bu arada Rusiya yenə bəyan edib ki, məsələ ilə bağlı tərəflər arasında müzakirələr davam edir. Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məsələ ilə bağlı telefon danışığı olub. Rəsmi Bakı bir daha öz prinsipial mövqeyini Moskvanın diqqətinə çatdırıb.
Ermənilər isə qaldırdıqları hay-küyə rəğmən, ümidlərini itirmiş kimi görünürlər. Onlarda artıq əminlik hasil olmaqdadır ki, Azərbaycanın tələbi reallaşmayınca yoldan rahat gediş-gəliş mümkün olmayacaq. Bunun təzahürlərindən biri də iki gün öncə aksiyaçıların hətta sülhməramlı qüvvələrə məxsus şübhəli yüklərin yoldan keçidini əngəlləməsidir. Yəni aksiya faktiki həm də Azərbaycanın nəzarət-yoxlanış postu funksiyasını yerinə yetirməkdədir.
Ermənilərin ən çox ümid bəslədiyi BMT TŞ də onları bərk məyus edib. Ümumi ovqatı ifadə edən politoloq Sergey Melkonyan isə TŞ-dəki məlum müzakirələri İrəvanın diplomatik fiaskosu adlandırıb. Onun sözlərinə görə, verilən bəyanatların heç bir mənası yoxdur, çünki hüquqi qüvvəsi yoxdur. “Vəziyyətə yalnız qəbul edilmiş qətnamə təsir edə bilərdi, o da yoxdur”, – deyə erməni ekspert qeyd edib.
Etibar Ağayev