Məcburi köçkünlərə verilən aylıq müavinətin artırılmaması müzakirələrə səbəb olub. İddia edilir ki, rayonların azad olunması bu məsələni gündəmdən kənarlaşdırıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov isə pravda.az-a açıqlamasında deyib ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin hazırda artırılmaması ilə bağlı səslənən fikirlər əsassızdır. Deputat bildirib ki, narahatlığa əsas yoxdur: “Bu məsələyə baxıla da bilər, baxılmaya da. Müəyyən məsələlər var ki, bunları ardıcıllıqla, mərhələli şəkildə həyata keçirmək lazımdır. Birdən-birə desək ki, bütün sahələr üzrə artımlar edin, bir az uyğun gəlməzdi. Keçmiş məcburi köçkünlərin aylıq müavinətlərinin artırılıb-artırılmaması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Ola bilər, cənab Prezident, bəlkə də, bir-iki ay sonra bu məsələyə toxunsun. Əvvəllər də bu barədə müzakirələr olmuşdu ki, məcburi köçkünlər ata-baba yurdlarına qayıtdıqdan sonra da bir neçə il vahid aylıq müavinətlərini alacaqlar. Ölkə başçısı artıq bununla bağlı anons verib. Yəni vahid aylıq müavinətin dərhal kəsilmə ehtimalı hələlik yoxdur. Düzdür, müəyyən məqamlar bunu göstərir ki, ola bilsin, torpaqlarımızın işğaldan azad edilməsi müavinətin artırılmamasına təsir edib. Amma bunu biz fikirləşirik. Ölkə rəhbəri sabah hansısa dəyişiklik edə bilər”.
Bashlibel.az