• Ç. Apr 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Məhəmməd Əmin Rəsulzadə-140” Sosial-Fəlsəfi Görüşlərinə Qısa Elmi Nəzəri Baxış

Yan 15, 2024

Loading

MƏQALƏNİN İLHAM QAYNAĞI M.Ə.RƏSULZADƏNİN ANADAN OLMASININ 140-Cİ İLDÖNÜMÜNÜN RESPUBLİKADA GENİŞ QEYD  EDİLMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN 30 DEKABR 2023-CÜ İL TARİXLİ SƏRƏNCAMIDIR.                       

ÖN SÖZ

XX əsr Bakıda siyasi coşqunluq, inqilabi mübarizənin ən qızğın dövrü kimi qarşılandı.Çar istibdadı və mövcud qayda-qanun əleyhinə Bakının hər nöqtəsindən etiraz məşəli alovlanırdı, istismarın hər formasına məruz qalmış xalq çar üsul idarəsindən, sıxıntı, boğuntu mühitindən hər yolla uzaqlaşmağa çalışırdı.

Yeni əsr köhnənin yerinə gələndə onun 16 yaşı var idi. Qaynayan Bakı mühiti, gördükləri, eşitdikləri, oxuduqları onu belə qənaətə gətirmişdi: Xalqın talehindən keçib gedən XlX əsr camaata əsarət, kölə vəziyyətində yaşamaqdan başqa heç nə gətirməyib. Cəhalət, savadsızlıq, avamlıq, siyasi şüurca yetkin olmamaq xalqın düçar  olduğu dəhşətli bəlalar idi. İndi bu xəstəlikləri sağaltmaq, hansı vasitə ilə olursa-olsun müstəmləkə çirkabından təmizləmək lazım idi. Təzə əsr girəndə o, müəyyən təhsil alıb bilik qazanmışdı. Öncə öz savadına yiyələnmiş, sonra məhşur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci rus müsəlman məktəbində, bir müddət də Bakı Texniki məktəbində oxumuşdu. Lakin onu ən çox siyasi mübarizə, xalqı qəflət yuxusundan oyadıb düçar olduğu xəstəliyi anlatmaq istəyi maraqlandırırdı. Bu işdə ilk fəaliyyət addımı təşkilat yaradıb müəyyən adamları dövrəsinə yığmaqda görürdü. Dünyanın birinci neft mərkəzi sayılan Bakıda çoxlu inqilabçılar, çar əleyhdarları toplaşmışdı. Onlar fəhlələr arasında geniş təbliğat işləri aparır, adamları tətilə, əmək haqqını artırmaq, iş saatını azaltmaq tələbi ilə çıxışlar etməyə çağırırdılar. Camaatı çar əleyhinə monarxiya üsul idarəsini devirməyə hazırlayırdılar. Hələlik təbliğatda yayılan bəyannamələr daha çox fəhlələrin yaşayışı, dolanışığı ilə bağlı tələblərə üstünlük verirdi. Bakıda ilk ən güclü etiraz tətili 8 il əvvəl olmuşdu. Həmin etiraz tətilində fəhlələrdən biri özünü saxlaya bilməyib ağacla polisi vurmuşdu. Sonra fəhlələri sakitləşdirmişdilər. XX əsrin ilk ili idi. Bakının havasından belə siyasi mübarizə iyi gəlirdi. İmpeiya və monarxiya zülmü ilə barışmayanlar çar Rusiyasının əksər əyalətlərindən bu şəhərə toplaşıb dayaq yerləri yaradırdılar.

….1902-ci ildə 18 yaşlı Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatını – müsəlman gənclik təşkilatını yaratdı. Bu, bir əsrə yaxın müstəmləkə rejimi altında inildəyən xalqın  ağrılarını  sağaltmağa çalışan  ilk siyasi təşkilat idi. O vaxta kimi də mövcud üsul idarəyə etiraz edənlər monarxiya qaydası ilə barışmayıb müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Daha çox qəzet yazıları və ədəbi əsərlərlə xalqı əsarətdən xilas etməyə çalışan çoxlu şəxsiyyətlər olmuşdu. Lakin vahid proqramlı, işıqlı məqsədə xidmət edən geniş formalı bir təşkilat yaratmaq hünərini ilk dəfə 18 yaşlı Məhəmməd Əmin Rəsulzadə göstərdi.

MÖVZU

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri,  görkəmli ictimai siyasi və dövlət xadimi, istedadlı alim jurnalist və publisist olmuşdur. Məmməd Əmin Rəsulzadə çox cəhətli fəaliyyətini, zəngin ədəbi siyasi  irsini elmi nəzəri görüşlərini dərindən, obyektiv  və sistemli şəkildə öyrənmədən Azərbaycan tarixini XX əsrin birinci yarısı, xüsusilə Rusiyada üç inqilab 1905-1907,1917 fevral və oktyabr dövrü və milli, müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini tədqiq etmək, işıqlandırmaq mümkün olmaz. Məmməd Əmin Rəsulzadənin irsi, əsərləri məlum səbəblər üzündən bu vaxta kimi aranıb toplanmamış, tədqiq və təhlil edilməmişdir. İndi vəziyyət dəyişmiş, xalqın bu böyük və qeyrətli oğlu sahibinə – Azərbaycan xalqına qaytarılmışdır. Qarşıda hər şeydən əvvəl Məmməd Əmin Rəsulzadənin zəngin ədəbi mətbu irsini arayıb toplamaq, ərəb əlifbasından istifadə etdiyimiz əlifbaya köçürmək, lüğət və elmi qeyd və şərhlərlə nəşr edib xalqa, oxuculara çatdırmaqdır. Göstərək ki, geniş dünya görüşünə, hər tərəfli biliyə və qüdrətli qələmə sahib olan Məmməd Əmin Rəsulzadənin mətbu irsinin coğrafiyası çox genişdir. Əlbəttə, Azərbaycan burada həlledicidir. Lakin Zaqafqaziya və Rusiya, İran və Türkiyə Qərbi Avropa və Amerikada baş verən hadisələr, ümumiyyətlə, planetimizin mənzərəsi, demokratiya və tərəqqi, azadlıq və milli istiqlaliyyət uğrunda mübarizə məsələləri, hadisələr onun diqqətini cəlb etmişdi. Bu xüsusiyyət onun, Azərbaycan mətbuatı səhifələrində dərc olunmuş yazılarında açıqca görülməkdədir. Məmməd Əmin Rəsulzadənin sadiq silahdaşlarından Mirzə Bala Məmmədzadə şahidlik edir və yazır: “Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi. ”Tarix Məmməd Əmin Rəsulzadənin peyğəmbərcəsinə dediyi sözləri təsdiq etdi. Azərbaycan xalqı vicdanına endirmiş olduğu, ruhunda, qəlbində və bağrında mühafizə etdiyi üçrəngli istiqlal bayrağını yenidən yüksəltməyə müvəffəq olmuşdur. ”Bir kərə yüksələn bayraq bir daha enməz! ” şüarı və fikri qalib gəlmiş və yaşamaqdadır. İndi Azərbaycan Cümhuriyyəti ağılasığmaz çətinliklərə, açıq-gizlin təcavüz və fitnələrə baxmayaraq müstəqillik, həqiqi suverenlik yolu ilə inamla addımlamaqdadır. Azərbaycan istiqlaliyyətini artıq dünyanın 120-dən artıq ölkəsi rəsmən tanımışdır. Suveren Azərbaycan dövləti BMT-nin tam hüquqlu üzvüdür. M.Ə.Rəsulzadə və onun  məsləkdaşlarının birgə  qaldırdıqları istiqlal bayrağı indi Nyu-Yorkda BMT-nin əzəmətli binası qarşısında dünyanın digər suveren dövlətlərinin milli bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycanın uzaqgörən, dünyanın və tarixin inkişaf meyillərini və perspektivlərini dərk edən görkəmli siyasət və dövlət xadimləri 1918-1920-ci illərində milli istiqlalımızı yenidən bərpa edərkən parlamentin, çoxpartiyalı demokratik respublika dövlət  formasını seçmişdilər. Nəinki, Rusiyada, o zaman bütün İslam Şərqində belə bir dövlət, hakimiyyət forması, üsuli-idarəsi yox idi. Mütləqiyyət və totalitar rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət və mübarizə meydanında ilk müstəqil addımlar atan, uzun əsrlər boyu öz dövlət istiqlalını itirmiş bir xalqın və məmləkətin parlamentin, çoxpartiyalı,  demokratik dövlət formasını seçməsi tariximizin ən böyük nailiyyəti və hadisəsidir. Tarixçilər haqlı olaraq yazırlar ki, ”Azərbaycan siyasi tarixinin qədərini əllərində tutanlar tam zamanında çox hazırlıqlı dövlət xadimləri olduqlarını göstərərək, istiqilal hərəkatını  yerində və zamanında qiymətləndirə bilmişdilər. ”İlkin araşdırmalara görə M.Ə.Rəsulzadənin 1903-1954-cü illərdəki yazılı ədəbi-siyasi irsi, əsərləri təxminən 12-15 cilddən ibarət ola bilər. Məsələn, təkcə, 1903-1920-ci illərdə Azərbaycan dövri  mətbuatinda  onun 1200-dən artıq müxtəlif  janrlı yazısı, həmçinin nitqi, çıxışı və s.dərc olunmuşdur. Oxuculara təqdim olunan əsərlərin  1-ci cildinə onun 1903-1909-cu illərdə “Şərqi-Rus”, ”Hümmət”, ”Dəvət”, ”İrşad”, ”Təkamül“, ”Yoldaş”, ”Tərəqqi“ qəzetləri “Füyuzat” və ”Volna” jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilmişdir. Azadlıq mücahidi M.Ə.Rəsulzadənin cəmiyyətin bütün sahələrini əhatə edən baxışları sosial-fəlsəfədən də yan keçməyib. Konkret olaraq bu sahəyə həsr etməsə də sosial fəlsəfəsinin predmetlərinə, problemləri olan  cəmiyyət, xalq, millət, milliyyət, dövlət, hakimiyyət, dövlətçilik, din, dil, mədəniyyət, milli-mənəvi dəyər və s. haqqında bütün dövrlər üçün dəyərli və maraqlı elmi fikirlər, mülahizələr irəli sürmüşdür. M.Ə.Rəsulzadənin fəaliyyəti imkan və əsas verir ki, ona Böyük Öndər, Milli Magikan, Millət fədaisi kimi uca adlarla müraciət edək. Çünki o, ictimai-siyasi xadim, ideoloq, mütəfəkkir həmçinin multikultural düşüncəli millətçi olub. Böyük mütəfəkkirin sosial-fəlsəfi, ideoloji-siyasi məsələlərə baxışı dəqiq və sadə olmalıdır. Ən əsası odur ki, dövlət, millət, milliyyət, vətənpərvərlik kimi ideyalar kor-koranə yox, ağlın, zəkanın gücü ilə müəyyən edilsin. Milli-demokratik dövlətin əsasında xalq hakimiyyətinin durması, onun uğur və inkişafının başlıca səbəbdir.

Cəmiyyətin fəlsəfi, hüquqi, əxlaqi, dini, milli dünyagörüşü, şüuru nə qədər yüksək səviyyədə olarsa, bu zaman dövlət də yaxşı inkişaf edər. Bu nöqteyi-nəzərdən Böyük Öndərin öz yaradıcılığında sosial-fəlsəfi problemlərə önəm verməsi tamamilə təbii haldır. Həmçinin dövrün siyasi, milli-ideoloji problemləri də Böyük Öndəri sosial fəlsəfə ilə maraqlanmağa sövq edib və o, bir sıra dünyagörüşü məsələlərinə cavab tapmaq istəmişdir. Onun yaradıcılığındakı cəmiyyət, onun quruluşu, dövlət, hakimiyyət, millət, milliyət, dil, din, solidarizm və s. məsələlər onun sosial-fəlsəfi görüşlərinin əsasını təşkil edir. Məhz buna görə də onun bu məsələlərə baxışlarını tədqiq etmək maraq doğurmaya bilməz… Millət, dövlət, dil, din məsələlərə ilk dəfə elmi-fəlsəfi tərif verən böyük mütəfəkkirlərimizdən biri, bir çox hallarda birincisi elə məhz M.Ə.Rəsulzadə olmuşdur. Onun millət və milliyyət anlayışları ilə bağlı görüşləri “Dirilik nədir” məqaləsində xüsusilə diqqət çəkir. Bu məqalədə deyir ki, diriliyin, yəni varlığın əsasında millətin özünü tanıması, namusunu qoruması və bu gücdə olacaq bir qüvvənin olmasıdır. Ona görə diriliklərin ən qiymətlisi milli dirilik-milli varlıqdır. Varlığın ictimai-siyasi və fəlsəfi anlamını verən Milli Magikan yazır ki, avropalılarda dirilik-varlıq hər şeydən üstündür: “Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki şərqdə, ələlxüsus şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor “(50,s.462). M.Ə.Rəsulzadənin sosial-fəlsəfi baxışlarındakı millət təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidirsə, o millət təbiətdən alınan qənimətdən daha çox istifadə edə bilmək iqtidarındadır. Eyni zamanda bununla kifayətlənməyib, dünyanın nemətlərini bölüşdürərkən,  diri millətlər özlərinə hər kəsdən daha artıq və faydalı pay götürürlər. Ona gorə dirilik hər şeydən əvvəl bəşəriyyətə fayda vermək, ictimai inkişafa təkan vermək, dünya mədəniyyətini zənginləşdirməkdir. Böyük Öndər dirilik nədir sualına cavabında qeyd edirdi ki, ümumi dirilikdən başqa, insanlar arasında bir də xüsusi dirilik vücudə gətirilir ki, bu xüsusi dirilklərin ən kamil bir şəkli olan milli dirilik, yəni milli varlıqdır.  Rəsulzadə təəssüflə qeyd edirdi ki, dövründə millət kəlməsinin mənası çox yanlış ifadə edilir: “Nə qədər ali təhsil görmüş, mədəni həyat, mədəni ölkələr görmüş adamlarımıza təsadüf edərsiniz ki “hansı millətdənsiniz?” – deyə verəcəyiniz suala “müsəlmanam ” – deyə cavab verər və bu cavabının əsla düzgün olmadığını düşünməz. Halbuki həmin adam özü bir nəfər rusa “tı iz kakoy narsii?” – deyə verdiyi suala “xristianam” cavabını alsa, məzkur (bəlli söhbət)  cavabı olduqca gülünc və cavab verən şəxsin cəhalətə dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də, qədimdə ümmət ilə millət arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət camesini andıran millət kəlməsi həmkeş, həmdinlik camesinə ümmət kəlməsilə qarışmış və millət-islam təbiri məşhur olmuşdur. Milləti nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Böyük Öndər fikirlərini sübut etmək üçün deyirdi: “Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşı bilmək üçün əvvəlcə millətin nə olduğunu anlamaq lazımdır”. O, milli varlığı dar, məhdud çərçivədə yox, geniş mənada götürür: “Öz özlüyündən məlumdur ki, diriliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən  və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor. “Qövmiyyət-narodnost  yalnız nəsil və dil birliyi,” milliyət-nasionalnost dil və mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə-qövmiyyət sözü ilhaq olunar. Şahsevən kimi, Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevənə milliyyət deyilməz.  Bir çoxu bu kimi qövmiyyət və və tayfalar cəm olub, bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılarda bir milliyyət kimi bəhs etmək olar”.

Onun millətə verdiyi tərifində  deyir ki, :”Milli mədəniyyət və yaxud millət dil birliyi, adət və əxlaqi birliyi, ənənati-tarixiyyə və nəhayət, etiqadati-diniyyə birliklərinin məcmuyundan mütəşəkkil bir məhsuldur”. Deməli, M.Ə.Rəsulzadəyə görə milllət dili, dini, adət-ənənələri, ədəbiyyatı və tarixi bir olan toplumdur. Yalnız din birliyi müasir məna ilə bir millət təşkil edə bilməz. Milliyyəti təşxis edən müştərək əlamətlərin başlıcası dil, din adət və ədəbiyyatdır. Bu nöqteyi-nəzərdən türklər bir millətdir.  Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə  bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal”. Milli Magikanın millət anlayışına verdiyi tərif, şərh, bu gün də öz orijinallığını saxlayır. Onun millətə verdiyi tərif, çoxsaylı təriflərdən yalnız biridir. Bu tərif maraqlı olduğu qədər də, tənqidə də əsas verir. Misal üçün, millətə verdiyi təriflərdə mübahisə yaradan məqamlardan biri din amilidir. Qeyd etməliyik ki, milli məsələdən daha çox,  bəşəri əxlaqi-mənəvi xarakter daşıyır və bir millətin həyatı ilə məhdudlaşa bilməz. Bu prizmadan yanaşdıqda görürük ki, bəzən din hər hansı bir millətin bütövləşməsi, vahidləşməsi, milli dövlət yaratması və s. məsələlərdə mənfi rol oynayır. Rəsulzadə də dəfələrlə din faktorunun millətlə qarışdırılması problemini qeyd etmişdir. O, millət nədir, türk milləti nə deməkdir şərh edərkən yazırdı ki : Sairə yerlərin  müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən daha əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkatı tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq-adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik-ünvanlarına müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi adını verdik…Cəmiyyətlərimizin sifəti yenə “müsəlman” kəlməsindən ibarət oldu. Əslində isə elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsl milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həmən müsəlman adına qənaət eləmişdik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və ” persiyan” demişlər, lakin onda da etiraz etməmişik. Bu, tamamilə ondan irəli gəlmiş ki, biz özümüzü necə lazımdır tanımamışıq “.

Böyük Öndər milli varlığın fəlsəfəsini şərh edərkən öz konsepsiyasına iki anlayış daxil etmişdi: milli vicdan və milli iman. Burada milli vicdan milli özünüdərk mənasındadır. O, millətin həyatını milli vicdanın inkişafına bağlayırdı. Milli vicdanın sahəsində milli iman əmələ gəlir. Milli imanın yaranması ilə millətlər özlərinə şanlı və şərəfli yol seçirlər. Qeyd edir ki, milli varlığın yaranmasında milli vicdan və milli iman mühüm rol oynayır: “Milli vicdan və yaxud milli iman, milli dirilikdəki əməl və arzunun möcudiyyətindən və onun surəti-hiss və bəyanatından hasil oluyor. Hər millət deyil, hətta hər bir şəxsin özünə görə əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlar bunu, “məfkurə” deyə tərcümə edənlər də vardır”. Rəsulzadə qeyd edir ki, hər şəxsin arzu və əməli, onun bacarığı və məsləki ilə eynilik təşkil edir və bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcud oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməksiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud halim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar… Şəxsi əməllər hər nə qədər müşkül istehsalı çətin də olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal milyoner olmaq fikrinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət, bir fərd öz mühitin faydasını düşünərək şəxsi üçün deyil, qövmü və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud nəfkurəçi ismi verirlər “.

Rəsulzadə daha sonra yazır ki, millətlərin həyatı da ancaq  bu vicdanın inkişafı sayəsində  mümkün olub, ancaq bu vicdanın təsirləridir ki, milli ideal hasil olur. Milli idealın (imanın) hökmləridir ki, millətlər özlərinə şanlı və şərəfli bir dirilik təmin edə bilirlər. O, milliyət və millət məsələlərini araşdırarkən Qərb alimləri Madzi və Durkheymin təhlil edərək: “Millət anlamını ifadə etmək üçün dilimizdə iki söz vardır: Milliyyət və Millət. Bunlardan birincisi insani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. İkincisi isə bu topluluqdan doğan ümumi bir iradəni anladır. Madzinin məhşur tərifinə görə, millət torpağın, mənşəyin, əxlaq ilə adətlərin və dilin birliyindən başqa, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan kütləsinə deyilir. Durkheymin nəzərində isə etnik amillər və yaxud tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan kütləsinə millət deyilir. Madzinin tərifi ilə Durkheymin tərifi arasında ifadə fərqinə diqqət etmək lazımdır: Birincisində millət ünsüri və tarixi bir hadisədir. İkincisində millət ictimai və iradi bir hadisədir. O, rüşeymdir, bu, uşaqdır. O, ağacdır, bu, meyvədir. O, anadır, bu, baladır. O, milliyyətdir, bu, millətdir”. M.Ə.Rəsulzadə milləti təşkil edən, formalaşdıran komponentlərdən ən böyük üstünlüyü dilə verirdi. Çünki dil millətin böyük hissəsidir. O, millətin həm zahiri, həm də beynidir. Millətləri bir -birindən ayıran ən böyük əlamət məhz dildir. O, haqlı olaraq dili bir millətin varlığının əsas meyarı sayır, milliyyətin ümdə rüknünü təşkil edən şey dildir deyirdi. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milləti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsl bunun üçündür ki, təmsil( assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dildə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Dil bir millətin yeganə rüknü deyildir. Bir millət vücuda gəlmək üçün dil ilə bərabər digər iştirakı şeylər də vacibdir. Fəqət dil bunların ən mühümüdur. Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir, millət dil vasitəsilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilər. Dil millətlə bərabər doğar, onunla bərabər yaşar və tərəqqi edər..

Onun fikrincə, dil milyonlarla insanların və bir çox nəsillərin müştərək vücuda gətirdikləri bir anlayışdır. Dil qanlı və canlı, adətən üzvi və zihayət bir vücuddur. Dil millətin canıdır, dil millətin məntiqi, ruhu və onun şəxsiyyəti-müştərəkəsidir, iştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir. Dil durduqca millətdə durur, öldüsə millət də ölər. Rəsulzadəyə görə dil daim iki mühüm cəbhəyə, danışıq dili və ədəbi yazı dili… Dilimizi həqiqətən də millətimizin ruhu və onun vasiteyi-bəqası məqamında görmək istəmiriksə və onu cameyiyyəti-milliyəmizdə ən mühüm bir ittihad və tərəqqi  amili ilə danışıq ilə yazılış arasında olan fərqi azalda bilərik. Onun filrincə dil ilə yanaşı dinin də  millətin formalaşmasında rolu az deyildir. Din nə hər nə qədər dildən sonra gələn bir amil olsa da bəzi şərait daxilində ondan daha təsirli qüvvət şəklini də ala bilər. O, millətin formalaşmasında islam dininə mühüm yer verməklə yanaşı, dəfələrlə bildirmişdir ki, millətlə Din arasındakı fərqlər nəzərə alınmalıdır. Çox təəssüf ki, bu hal özünü indiyə qədər biruzə verir. Din ilə milləti qarışdırmaq olmaz. Millət və dini bir-birindən ayrı mürəkkəb, anlaşılmaz şəkildə yox, aydın olaraq tamamlanması lazımdır. Müsəlman ilk növbədə milli kimliyini tanımalıdır. Lakin dinlərin millətlərin  həyatı üzərində təsirləri vardır, heç bir millət dinsiz yaşaya bilməz.

Millətlərin formalaşmasında, tarixində adət-ənənələrin də mühüm rol oynadığını deyən Rəsulzadə: “Keçmişini yaxşıcasına tədqiq etmiş olan millətlər daima mazinin ölüb torpaqlar altında çürümüş olan qəhrəmanlardan birər ideal modeli yapıb da, onu gələcəyin bir nümuneyi-gəmasəti kəsdirirlər ” deyə vurğulayırdı. Onun fikrincə bir millətin tarixini bilməsi qədər qüvvətli birlik və amal ola bilməz, eyni zamanda vətən tarixi, millət tarixi öyrənilməli olan ən vacib dərslərdən biridir. Tarixi öyrənmək, millət arasında tarix dərsini təmin etmək ittihad və  İttifaqı mövcib olduğu qədər, bəlkə ondan daha artıq, vüqüati-tarixiyyə özü də millətləri qaynadıb qarışdıran bir amildir. Bu xüsusda başqaları üzərinə hücumlar icra edən təcavüzkar tarixdən ziyadə, başqalarının  hücumunu dəf edib də müdafiədə olan tarix daha faydalıdır.

Böyük Magikan yaradıcılığında dövlət, hakimiyyət, idarəetmə və parlament anlayışına da toxunmuşdur. O, sosial-demokrat olarkən dövləti belə təsəvvür edirdi: “Dövlət işlərində firqə, millət, məzhəb deyil, mülkiyyət, dövlət və padşahlıq cəhətləri gərək nəzərdə olsun. Əyalətləri mərkəzi müttəsil etmək üçün, mənəvi,maddı ittisal üçün, ancaq ayırmağa, qaçırmağa və  qeyri-məzun fikri-təşəbbüslərə sövq etməyə mövcib qüvvəyyi-qəhriyyə deyil, ittihada, birliyə, müvafiqətə səbəb olan qüvveyi-mənəviyyeyi hüquqiyyə gərək meydanə gəlsin”. Daha sonra qeyd edirdi ki, dövlətlə millət arasında təzad bir mübarizə gedir, dövlət və millət kəlmələrini mütəzad və mütəbariz mənada işlədirik, çünki dövlət də millətin bir şəkli-digəridir. Millət özək, dövlət qabıqdır. Fəqət bu tərif şümuli (daxil olma, şamil olma, dəlalət) bir millətə aid olan dövlətlər haqqında səhihdir.

Dövlət anlayışını izah edərkən M.Ə.Rəsulzadə böyük mütəfəkkirimiz N.Gənvəvinin yaradıcılığına müraciət edərək qeyd edir ki, dahi şairə görə  dövlət başçısı “sürüyə  cavabdeh  bir çobandır”, hətta bundan da məsuliyyətli bir mövqedədir. Başdakı beyin bədənin bütün üzvlərini idarə etməkdə hansı mövqedədirsə, dövlət başçısı da onun kimidir. Əl ayağın fəaliyyətindən razı deyilsə, cavabdeh başdır! Fərd dövlətə münasibətdə müəyyən vəzifələri icra etməyə borcludur. Amma fərd hər hansı dövlətdə yalnız vəzifə daşımağa borclu deyil, həm də bir sıra hüquqlara malikdir. Dövlət başçısı dövləti idarə edən bir şəxs kimi fərdə nisbətən daha məsuliyyətli olmalıdır. Lakin bu o demək deyil ki, fərd məsuliyyəti dövlət başçısının və yaxud vəzifə sahiblərinin üstünə ataraq tamamilə geri çəkilməlidir. Ona görə də Rəsulzadə də N.Gəncəvi kimi dövlətin idarə olunmasında məsləhətləşmələri önəmli sayır. Nizamiyə görə dövlətin idarə olunmasında iqtidar ilə təmkin bir-birini tamamlayan şeylərdir: “Güclü ol, amma təmkinini əldən vermə”. Ümumiyyətlə, böyük mütəfəkkir dövlətin idarə olunmasında məsləhətləşmə tərəfdarıdır. Qeyd edək ki, türk xalqlarında elin, obanın, tayfanın idarə olunmasında həmişə belə məsləhətləşmələrin  (toy, kenqəş, yığıncaq, qurultay, məşvərət, hərbi demokratiya) olduğu tarixdən məlumdur. Ona görə dövlət başçılarını başqa ölkə üçün dost və düşmən təsəvvür etmək olmaz. Millət öz vəzifəsini yerinə yetirsə, düşmənlər də dost olacaqlar, yerinə yetirə bilməzsə dostlar da düşmən olacaqlar…

Millət Fədaisinə görə, ideal cəmiyyətdə zor heç nəyi həll etməməlidir. Ümumiyyətlə, demokratik cəmiyyət Rəsulzadənin dövlət siyasətinin tərkib hissəsi olub. Bu onun düşüncələrinə  hakim kəsilib, sosial-fəlsəfi dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun baxışlarında demokratik respublika ideası birdən-birə  meydana gəlməmişdir. Özünün dediyi kimi ”misli” Avropada olmayan AXC demokratik əsaslara söykənən sosial sistemli bir dövlət idi..

Onun fikrincə, Nizaminin ideal cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə bərabər tutula bilər.Bu baxımdan M.Ə.Rəsulzadənin  tarix qarşısında ən faydalı xidmətlərindən biri də Azərbaycanın dövlətçilik məsələsini irəli sürməsidir : “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Liberal dövlətin mahiyyətinə gəlincə, M.Ə.RƏSULZADƏ yazır: ”Liberalizim, dövlətin vətəndaş üzərindəki hakimiyyətini ən az dərəcəyə endirib, onu yalnız daxili asayiş ilə xarici əmniyyət təmin edən cəmiyyət xidmətində və nəzarətində bir müəssisə görmək istəmiş; dinin dünya işlərindən ayrılığını tələb ederək, vicdanların hər cür təzyiqdən azadlığını gözə almış…. Liberalizmdə əsas ideal, fərdin ən çox hürriyyəti və dövlətin vətəndaşlar arasındakı qarşılıqlı münasibətə ən az müdaxiləsidir”. Rəsulzadəyə görə liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm isə bunu sinfi eqizm ilə təbdil-dəyişilmək edir, solidarizm (sinfi rəqabətin rədd edilməsi) isə mədəniyyəti fərdi eqoizmlə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir. Liberal cəmiyyətdə başqasını düşünmək (alturizm) qəhrəmanlıqlar. Solidarizm də isə bu bir vəzifədir. Kültür və tarix bağlarıyla mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəətlərini qorumaq üçün  öz şəxsi istək və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər. Topluluğun mənfəətlərini təmsil edən müəssisə dövlətdir! Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı milli camiə, onu təmsil edən də dövlətdir! Böyük Öndərin son olaraq ortaya qoyduğu milli təsanüd sistemidir ki, onun da mahiyyətində məhz türkçülük-sosial, demokrat-islam düsturu, yəni milli təsanüd (solidarizm) ideyası dayanır. Onun dövlət-millət-din-dil-milli əxlaq-etik-estetik və s. məsələlərlə bağlı fikirləri onun sosial-fəlsəfi baxışlarının mühüm hissəsini təşkil edir və dünyagörüşünün mahiyyətində milli, dini, demokratik, çağdaş dəyərlərin hamısı öz əksini tapıb. Millətin fəlsəfəsini özünə qaytarmaq, həmçinin bu fəlsəfənin əsasında cumhuriyyət qurmaq həm tarix, həm də fəlsəfə tarixi üçün dəyərli örnəklərdəndir. Ölkələin əksəriyyətində milliləşmə yalnız müstəqil dövlətin mövcudluğu daxilində baş vermişdir. M.Ə.Rəsulzadə isə öz ölkəsinin imperiya müstəmləkəsində olduğu bir zamanda, mənəvi aşınmanın son həddə çatdığı bir dövrdə ideya silahdaşları ilə birlikdə bu müqəddəs işə başlamış, milli  dövlət, milli mövcudluğumuzun sübuta yetirən AXC – ni qurmuşdur. Məhz bunlar Böyük Öndər, Milli Magikan, Millət Fədaisinin sosial-fəlsəfi , milli və milliyyət fəlsəfəsinin əsasını təşkil edir.

NƏTİCƏ

Azərbaycan xalqının və Türk dünyasının böyük mütəfəkkiri, görkəmli dövlət xadimi, Millət Fədaisi M.Ə.Rəsulzadə ictimai-siyasi, elmi-fəlsəfi yardıcılığı ilə yanaşı, Azərbaycan tarixində ilk siyasi partiyanın yaradıcılarından biri, həm də müasir Azərbaycan dövlətinin başlıca ideyalarını təşkil edən ideologiyanın yaradıcısı və qurucusudur. Azərbaycan dövlətinin əsas atributlarından olan bayrağımızın simvolları-türkçülük, çağdaşlıq, islamçılıq, eyni zamanda aypara, səkkizguşəli ulduz onun ideyalarının nəticəsidir. Yaradıcılığında türkçülüyün çox böyük fəlsəfi-siyasi anlamı var və bu yalnız bir millətin azadlığı uğrunda mübarizəsi ilə məhdudlaşmayıb,  bütün Azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. O, AXC-ni yaratmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, həmçinin dünyaya sübut edib ki, müstəqillik yalnız zorakılıq, inqilab yolu ilə deyil irəli sürülən siyasi-ideoloji, elmi-fəlsəfi prinsiplərin, aparılan düzgün siyasət nəticəsində də əldə edilə bilər. Onun dövlət, hakimiyyət, millət, din, dil və digər məsələlər ilə bağlı fikirləri, verdiyi kateqorik təriflər bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Özünün ictimai-siyasi, elmi-fəlsəfi görüşləri ilə tariximizdə müasir, hüquqi, demokratik dövlətçiliyimizin əsasını qoymuş, dövlətçilik məsələsinin üzərində dərindən işləyərək yeni bir ideyaya gəlmiş, milli təsanüd sistemini önə çəkib sırf solçuluqla yanaşı , qatı millətçiliyi də qəbul etməmiş, millətçiliyin nasionalizm yox, patriotluq  mənasında qəbul edilməsini önə çəkmiş, milli dövlətçiliyi  sosial məsələlərlə uzlaşdırmışdır. Sonda bu qənaətə gəlmək olar ki, AXC dövrünün ədəbiyayatına, tarixinə, mədəniyyətinə, milli fəlsəfi, etno psixoloji təfəkkürün oyanmasına M.Ə.Rəsulzadə qədər diqqət yetirən, bunları qələmə alan, qiymətləndirən və nəzəri əsaslarını işləyib hazırlayan ikinci bir şəxsiyyət yoxdur. Mədəniyyət, adət-ənənələrimizin unudulmamasında, milli şüurun formalaşmasında əlindən gələni etmiş, dövlətçiliyimizin nə qədər önəmli bir şey olduğunun aşılanması üçün yeni nəslin yaddaşında böyük və silinməz bir iz buraxmış, ən əsası isə bütün bunları edərkən heç bir fədakarlıqdan, əzab, əziyyətdən çəkinməmiş, həyatda yeganə varlığı olan ailəsini də bu yolda qurban vermişdir.

Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru Kərim Novruzov

Ədəbiyyat siyahısı.

İstifadə edilmiş ədəbiyyat;

Ş.Hüseynov”M.Ə.Rəsulzadə” Bakı-1992, səh.3

A.Acalov”M.Ə.Rəsulzadə” Bakı-1991, səh.11

F.Ələkbərov”M.Ə.Rəsulzadənin Dünya Görüşü ” Bakı-2007, səh.205,216,221

N.Yaqublu”M.Ə.Rəsulzadə” Bakı-1991, səh.12

S.Qəndilov”Politoligiya” Bakı-2007,səh.37

N.Yaqublu”Müsavat Partiyasının Tarixi ” Bakı-1997.səh 327

İ.Ə.Rüstəmov”XX əsrin əvvəllərində Azərbaycanda təbi-elmi və fəlsəfi fikrin vəhdəti” Bakı-1992.səh 120

V.Sultanlı”Məmməd Əmin Rəsulzadənin ədəbi dünyası”  Bakı  1993.səh.144

S.Süleymanova”Azərbaycanda ictimai-siyasi hərəkət(XIX əsrin sonu-XIX əsrin əvvəlləri) Bakı-1999.səh.419

07.01.2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »