• Ca. Apr 18th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Məhkəmə qərarlarının icra edilməmə problemi və həll yolları müzakirə edilib

Okt 13, 2023

Loading

Azərbaycanda aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icra edilməmə problemi və həll yolları müzakirə edilib. Onlayn keçirilən ictimai müzakirədə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və aliment ödənilməməsi problemindən əziyyət çəkən vətəndaşlar iştirak edib. 

Keçirilən ictimai müzakirənin məqsədi ilə bağlı məlumat verən “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov bildirib ki, “İcra və Probasiya Xidməti sahəsində şəffaflığın və hesabatlılığın təşviqi” layihəsi çərçivəsində aliment təyini ilə bağlı məhkəmə qərarlarının icra edilməmə probleminin həlli ilə bağlı bir sıra fəaliyyət həyata keçirilib: “İlkin mərhələdə Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi İcra Baş İdarəsi, Ali Məhkəmə, Daxili İşlər Nazirliyinə sorğu verilib. İnformasiya sorğularında respublikamızda məhkəmə qərarlarının icra vəziyyəti, icra olunmayan məhkəmə qərarlarının təsnifi, aliment ödənilməsi ilə bağlı icra edilməyən məhkəmə qərarlarının sayı və icra edilməmə səbəbləri, məhkəmə icraçılarının iş yükü ilə bağlı məlumat əldə etməyə çalışmışıq. İndiyədək yalnız Dövlət Statistika Komitəsindən rəsmi cavab ala bilmişik. Həmçinin, aliment təyini ilə bağlı məhkəmə qərarlarının icra edilməmə səbəbi, problemin həll yolları, məhkəmə qərarlarının icra edilməməsi zamanı onlayn şikayət imkanları, bu sahədə şəffaflığın təmin olunmasının əhəmiyyəti, alimentlə bağlı məhkəmə qərarının icra edilməməsinin borclu şəxs üçün yaratdığı məsuliyyət, bu sahədə beynəlxalq təcrübə ilə bağlı maarifləndirmə xarakterli 5 məqalə hazırlanaraq mediada yayılıb. Aliment ödənilməməsinin yaratdığı problemlərin və aliment ödənilməməsinin səbəblərinin qiymətmətləndirilməsi üçün onlayn sorğu keçirilib. Sorğunun keçirilməsi ilə iki nəticəyə nail olunub. İlkin olaraq aliment ödənilməməsinin uşaqların həyat və sağlamlığı üçün yaratdığı problemlər öyrənilib. Həmçinin, aliment ödəməyən şəxslərin alimentlə bağlı məhkəmə qərarını icra etməmək səbəbləri dəqiqləşdirilib”.

Daha sonra aliment ödənilməməsinin yaratdığı problemlər və aliment ödənilməməsinin səbəblərinin qiymətləndirilməsi üçün keçirilən onlayn sorğunun nəticələri elan edilib.

“600-dən çox müraciətdən 75 faizi həllini tapıb”

Daha sonra çıxış edən “MG Consulting” Şirkətinin rəhbəri Məhəmməd Quluzadə Şəffalıq Naminə Vətəndaş Cəmiyyəti  (ECSOFT) layihəsi barədə məlumat verib: “Layihə çərçivəsində 24 dövlət orqanına texniki dəstək göstərilib və bir çox tədbirlər təşkil edilib. Xüsusən, dövlət qurumlarında çalışan 500 nəfərdən çox əməkdaş, 250 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələri etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə qaydaları ilə bağlı keçirilən tədbirlərə qatılıb. Layihə çərçivəsində 2 sayt yaradılıb. Bu saytlardan biri ictimaishura.az saytıdır ki, bu ictimai şuralar haqqında vahid platformadır. Həmçinin, enezaret.az platforması yaradılıb ki, istənilən vətəndaş öz yaşadığı ərazilərindəki problemin şəklini çəkib qeyd etdiyim platformaya göndərə bilər. Göndərilən müraciətlə bağlı platformanın işçi heyəti fəaliyyətə keçir və əlaqədar orqanlarla birgə iş nəticəsində problem aradan qaldırlır. Bu günədək edilən 600-dən çox müraciətdən 75 faizi həllini tapıb”.

Daha sonra çıxış edən aliment ödənilməməsinin yaratdığı problemlərdən əziyyət çəkər Elnarə Yavərova və Mətanət Məhərrəmova qarşılaşdıqları problem, aliment ödənilməməsinin onlar üçün yaratdığı problemlərlə bağlı məlumat verib.

Borclu şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarına rəğmən aliment ödənilmədiyini bildirən şikayətçilər uşaqların sağlam böyünməsi üçün  dövlətin müdaxiləsinin zəruri olduğunu qeyd ediblər.

“Ədalət mühakiməsinin başa çatması məhkəmə qərarının icrası anında yekunlaşır”

“İcra və Probasiya Xidməti sahəsində şəffaflığın və hesabatlılığın təşviqi” layihəsinin icrası zamanı məhkəmə qərarlarının icra edilməməsi sahəsindəki problemlərə toxunan hüquqşünas Yaşar Ağazadə qeyd edib ki, ədalət mühakiməsinin başa çatması məhkəmə qərarının icrası anında yekunlaşır: “Əgər məhkəmə qərarı icra olunmursa, o deməkdir ki, ədalət bərqərar olmayıb və vətəndaşın pozulmuş hüququ bərpa edilməyib. Alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi bir tərəfdən tələbkarların üzərinə düşən öhdəliyi yerinə yetirməməklə bağlıdırsa, digər səbəb Ədliyyə Nazirliyi İcra Baş İdarəsi və bu quruma tabe yerli icra şöbələrinin öz işini doğru icra etməməsi ilə əlaqədardır. Ötən il bir məlumat açıqlandı ki, bir icra məmurunun icraatında təxminən 1500 iş var. Amma bu real statistikanı əks etdirmir. Əksər icra məmurları qeyd edirlər ki, icraatlarında təxminən 3000 iş var. Xətai, Binəqədi və Yasamal rayonlarında icra məmurlarının iş yükü daha çoxdur. Bu isə o deməkdir ki, həddindən artıq yüklü olan icra məmuru o işləri həll edə bilməz.

Digər tərəfdən icra məmurları təxminən 500-700 manat əmək haqqı alır. Amma iş yükü çox olduğundan bəzi icra məmurları qeyri-rəsmi işçilər saxlayır və onlara pul ödəyirlər. Həmin xərcləri qarşılamaq üçün də icra məmurları borclularla qeyri-rəsmi sövdələşməyə gedirlər. Nümunə üçün deyim ki, bir borclu polis tərəfindən saxlanılıb 3 dəfə Sumqayıt İcra Şöbəsinə gətirilsə də, barəsində bir dənə də olsun protokol tərtib olunmayıb. Burada isə korrupsiya riskinin olması sirr deyil.

Məhkəmə qərarının yerinə yetirilməməsindən Ombudsman Aparatına müraciət edirik. Ombudsman Aparatı isə bizim müraciətləri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yönləndirir və onların cavabını da olduğu kimi bizə göndərirlər. Amma Ombudsman öz səlahiyyətindən istifadə edib problemin həlli üçün Ədliyyə Nazirliyinə göstəriş xarakterli müraciətlər etmir”.

“Aliment Fondunun yaradılmasının Azərbaycanda da müsbət nəticə verəcəyini düşünürəm”

Aliment tələbi ilə bağlı məhkəmə qərarlarının icrasında uğurlu beynəlxalq təcrübəyə toxunan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov aliment ödənilməsi ilə bağlı İsveç, Türkiyə, Rusiya və İsrail təcrübəsi barədə məlumat verib: “İsveçdə alimenti ödəməli olan valideyn bu vəsaiti ödəmirsə (və ya vaxtında ödəməzsə), o zaman İsveçdə sosial sığortanı idarə edən dövlət qurumu olan İsveç Sosial Sığorta Agentliyindən uşaqlara maddi dəstək göstərilir. Hökumət bu dəstəyi bir valideynin ayda 140 ABŞ dollarından az aliment ödədiyi və başqa yolla ekvivalent dəstəyi təmin etmədiyi hallarda da göstərir. Uşaqla yaşamayan valideyn, gəliri imkan verdiyi zaman onun uşaqlarına ödənilən məbləği geri qaytarmalı və dövlətə borcun faizini ödəməlidir.

İsrail də aliment ödənilməsi ilə bağlı maraqlı yanaşma sərgiləyir. Belə ki, İsraildə az tanınan bir qanun, boşanmış İsrail vətəndaşlarına və xarici vətəndaşlara, övladları üçün 18 yaşına qədər olan alimenti əvvəlcədən ödəyənə qədər məhkəmənin çıxardığı ölkədən çıxmamaq qərarı ilə ölkədə saxlanılmasına icazə verir. Həmçinin, hər ödənilməyən aylıq aliment ödənişnə görə borclu şəxs 21 gün müddətinə həbsə alına bilər. Bundan başqa aliment borcunu ödəmək üçün həmin şəxslərin gəlirlərinin 100 faizi və ya daha çoxu tutula bilər.

Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Kişi sürücü yol-hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazasına daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.

Bir sıra Avropa ölkələrində tətbiq olunan Aliment Fondunun yaradılmasının Azərbaycanda da müsbət nəticə verəcəyini düşünürəm”.

Yeni “İcra Məcəlləsi”nin ictimai müzakirəsinin keçirilməsi tezləşdirilməlidir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aliment ödənilməməsindən əziyyət çəkən şəxslərin problemlərinin həlli istiqamətində fəaliyyəti barədə məlumat verən Ombudsman Aparatının nümayəndəsi Adil Eyvazov mütəmadi olaraq bu problemlə bağlı Ombudsmana müraciət edildiyini qeyd edib: “Müraciətlər araşdırılması və müvafiq tədbirlər görülməsi üçün aidiyyatı orqanlara yönəldilir. Aliment ödənilməməsi ilə bağlı əsas problemlərdən biri işsizliklə bağlıdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişik. Həmçinin, Almaniya, Fransa, Macarıstan təcrübəsində tətbiq olunan Aliment Fondunun yaradılması ilə bağlı məsələ Ombudsmanın illik hesabat məruzələrində də əksini tapıb”.  

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev də Aliment Fondunun yaradılmasının tərəfdarı olduğunu qeyd edib: “Dövlət həm də uşaqların sağlam böyüməsinə cavabdehdir. Bu mənada əgər valideynlərin aliment ödəmək imkanı yoxdursa, məhkəmə qərarlarının icra edilməsindən qəsdən yayınma halları mövcud deyilsə, aliment Aliment Fondunun vəsaiti hesabına ödənilə bilər. Həmin fonda vəsait cəlb edilməsi həm dövlət büdcəsi, həm də digər mənbələr hesabına edilə bilər. Həmçinin, dövlət sonradan fonddan ödənilən vəsaitin borcludan geri alınması üçün addımlar ata bilər”.

Son illər özəl icra qurumlarının yaradılması məsələsinin də gündəmdə olduğunu qeyd edən Ə.Nuriyev prosesin surətləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “Çox mühüm yenilikləri özündə əks etdirən yeni “İcra Məcəlləsi”nin ictimai müzakirəsinin keçirilməsi və qəbulu tezləşdirilməlidir. Məhkəmə qərarlarının icrası üçün icra qurumunun vətəndaş cəmiyyəti institutları və məhkəmə qərarlarının tərəfləri ilə mütəmadi işləməsinə ehtiyac var”.

“2020-ci ildə aliment tələbinə dair qərarların sayı 100 min idisə, 2021-ci ildə belə qərararların sayı 110 min çatıb”

Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib ki, aliment tələbinə dair icra sənədlərinin icrası təmsil etdiyi qurumun fəaliyyətində ən problemli məsələdir: “İcra Baş İdarəsinə daxil olan müraciətlərin də əksəriyyəti aliment tələbinə dair icra sənədləri ilə bağlıdır. Aliment tələbi ilə bağlı icra sənədlərinin sayı da ildən-ilə artır. Təkcə 2020-ci ildə aliment tələbinə dair qərarların sayı 100 min idisə, 2021-ci ildə belə qərararların sayı 110 min çatıb. 2020-ci ildə 95 milyon manatdan çox alimentin ödənilməsinə nail olunub. 2021-ci ildə isə icra qurumları 97 milyon manatdan çox alimentin ödənilməsinə nail olub. Alimentlə bağlı icra sənədlərinin icrası həm də uşaqların mənafeyinə toxunduğu üçün mütəmadi olaraq Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir. Aliment tələbinə dair icra sənədlərinin icrasındakı problemin həlli Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin iş planına daxil edilib. Mövcud olan problemlər aşkarlanıb, həll yolları müzakirə edilərək optimal yollar tapılıb və yerli icra qurumlarına xidməti məktublar göndərilib. Təkliflər hazırlanarkən tələbkarların müraciəti də nəzərə alınıb.

“İcra Məcəlləsi” layihəsinin gecikməsi isə digər dövlət qurumları ilə razılaşdırılması və həmin qurumların təklifləri əsasında layihənin təkmiləşdirilməsi ilə bağlıdır. Yəqin ki yaxın zamanlarda tam təkmilləşdirilmiş layihə yuxarı dövlət orqanlarına təqdim olunacaq”.

K.Əhmədova qeyd edib ki, icra məmurlarının yol verdiyi nöqsanların aradan qaldırılması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən mütəmadi tədbirlər görülür: “İcra məmurlarının iş yükü çox olduğundan hər bir icra sənədinin icrasına nəzarət olunması mümkünsüzdür. Buna görə tələbkarların da üzərinə məsuliyyət düşür ki, aliment borcu ödənilmədiyi halda zamanında icra məmurunu məlumatlandırsınlar.

Qeyd edim ki, borcluların axtarışda olması, ölkə hüdudlarından kənarda olması icra işinədə çətinlik yaranır. 2016-cı ilədək sərhədkeçmə zamanı  vətəndaşın FİN məlumatları yoxlanılmadığı üçün borclu ad və soyadını dəyişərək ölkədən çıxa bilirdi. 2017-ci ildən sonra artıq sərhədkeçmədə FİN məlumatları yoxlanıldığından bu hallar aradan qaldırılıb.

Bir çox hallarda vətəndaş öz əmlak durumu, qeydiyyatda olduğu yerlərlə bağlı düzgün məlumat vermir. Bu da icra məmurlarının fəaliyyətində problem yaradır”.

Alimentin təyini mərhləsində məhkəmə tərəflərin durumunu qiymətləndirməlidir

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fərman Nəbiyev qeyd edib ki, vətəndaşların məhkəmə qərarlarının icrasına inamını artırmaq lazımdır: “Məhkəmə qərarları verilərkən tərəflərin mövcud durumları da araşdırılmalıdır. Əgər vətəndaşın inamı olsa ki, ədalətli məhkəmə qərarı verilib bu qərarların icrası da asanlaşaq. Həmçinin, aliment təyini, məhkəmə qərarlarının icrası ilə bağlı maarfləndirmə işinin aparılmasına da ehtiyac var”.

“Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov qeyd edib ki, icra sahəsində müəyyən müsbət tendensiyalar da var: “Düşünürəm ki, məhkəmə qərarlarının icrası üçün alimentin təyini mərhləsində məhkəmə bir qiymətləndirmə həyata keçirsə, müsbət olardı. İstər sabit, istərsə də gəlirin müəyyən hissəsindən aliment tutulması təyin edilərkən məhkəmə aliment verəcək şəxsin əmlak vəziyyəti və ödəmək qabiliyyəti qiymətləndirməlidir. Hazırda qanun belə qiymətləndirməni hakimlər üçün vəzifə kimi nəzərdə tutmadığından məhkəmə belə qiymətləndirmə aparmır.

Həmçinin, aliment ödəməyən şəxsin əmlak vəziyyəti, işsizliyi varsa, yaxud özü qəsdən belə vəziyyət yaradırsa, bu halda da aliment ödənilməsi babaya və nənəyə yönləndirilə bilər.

Digər tərəfdən alimentin artırılması hallarında bu məsələnin Mediasiya orqanlarına həvalə edilməsinə də baxıla bilər. Hazırda vətəndaşlar Mediasiyaya daha çox mediasiya prosesinin baş tutması ilə bağlı arayış almaq üçün gedirlər. Halbuki alimentin artırılması məsələsini Mediasiya qurumu tənzimləyə bilərdi”.

Hafiz Həsənov problemin həll yollarından biri kimi alimentin naturada ödənilməsinin mümkünlüyünü qeyd edib: “Alimentlə bağlı məhkəmə qərarının icrasında alimentin naturada ödənilməsi və ya əvəzlənməsi məsələsi də nəzərdən keçirilə bilər. Xüsusən, kənd təsərrüfatı sahəsində məşğul olan, yaxud hansısa formada digər sahələrdə məşğul olan şəxslər var və alimenti  naturada ödənilməsi reallaşarsa, aliment borcunun artmaması müşahidə oluna bilər.

Digər tərəfdən məhkəmə təcrübəsində uşaqlar daha çox ananın yanında saxlanılır. Amma bəzən olur ki, ananın uşağa münasibəti, əmlak vəziyyəti və digər hallar nəzərə alınaraq məhkəmələr “uşaq anada qalmalıdır” praktikasından əl çəkməlidir.

Özəl icra qurumlarının yaradılmasını da elə həyata keçirmək olar ki, buna dövlət nəzarəti qalar və süi-istifadə hallarına yol verilməz. Həmçinin, məhkəmə və icra orqanlarının iş yükü həddindən artıq çoxdur. Bu da ondan irəli gəlir ki, cəmiyyətdə pozuntular, ədalətsizlik çoxdur. Bu hallar çox olmasa, məhkəməyə müraciətlər də az olar.

Beynəlxalq təcrübədə ən uğurlu təcrübələrdən biri də Aliment Fondunun yaradılmasıdır. Əgər şəxsin aliment ödəmək imkanı yoxdursa və onun əmlak vəziyyəti araşdırılıbsa, o halda vəsait Aliment Fondu hesabına ödənilə bilər. Bu halda aliment ödənilərsə, sonradan dövlət həmin vəsaiti borcludan geri tələb edə biləcək”.

“Əgər şəxsin maddi imkanı yoxdursa, onun həbsi heç nəyi dəyişməyəcək”

Daha sonra çıxış edən hüquqşünas Nurlana Əliyeva qeyd edib ki, məhkəmə qərarlarının icra olunmamasına görə, məsuliyyət tədbirlərinin tətbiqində bəzən nöqsanlara yol verilir: “Şəxsə qarşı bu məsuliyyət tədbirləri o halda tətbiq olunmalıdır ki, həmin şəxs qərarı bilərəkdən icra etmir. Əgər şəxsin maddi imkanı yoxdursa, onun həbsi heç nəyi dəyişməyəcək. Həmçinin, Fransada bir təcrübə var ki, hansı valideynin maddi imkanı yaxşıdırsa, uşaqlar həmin valideynin yanında saxlanılır. Məncə bu tətbiq olunarsa, valideynlər də nikahın pozulması və aliment ödənilməsi məsələsində çiddi düşünməyə vadar edəcək. Həmçinin, ailə qurmaq istəyən gənclərin müəyyən kurslardan keçirilməsi, valideynlik məsuliyyətinin artırılması istqamətində tədbirlər görülə bilər. Eyni zamanda inzibati məsuliyyət tədbirlərinə digər məhrumetmə tədbirlərinə də baxıla bilər. Şəxsə kredit verilməsinə əngəl yaradıla bilər”.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova qeyd edib ki, alimentlə bağlı məhkəmə qərarlarının icra olunmaması ailə və uşaq problemləri ilə məşğul olan təşkilat kimi əsas problemlərdən biridir: “Bəzən icra qurumlarının əməkdaşları subyektiv münasibətlər səbəbindən məhkəmə qərarını doğru icra etmir. Numunə üçün deyim ki, məhkəmə qərarı ilə Qazax rayon sakininin 3 övadı ananın himayəsində qalması qət edilsə də, qarşı tərəf uşaqları alıb və anaya qaytarmır. Regionlarda icra qurumlarının fəaliyyəti ilə bağlı problemlər daha ciddidir”.

Aliment Fondunun yaradılması üçün ilkin olaraq müvafiq qanunvericilikdə hüquqi əsas yaradılmalıdır

Milli Məclisin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun müdiri Kəmalə Əzimova bildirib ki, aliment ödənilməsi cəmiyyətimizdəki əsas problemlərdən biridir: “Uşaqların mənafeyi, ailənin dövlətin himayəsində olması bizim qanunvericilikdə öz əksini tapıb. Ailə Məcəlləsində də aliment öhdəlikləri təsbit olunub və qanunvericlik bu məsələni tənzimləyir. Amma problemlərin mövcudluğu səbəbindən bir sıra təkliflər səsləndirilir. Bunlardan biri də Aliment Fondunun yaradılması ilə bağlıdır. Milli Məclisin Humanitar məsələlər üzrə qanunvericilik sektoru və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində bu məsələ ilə bağlı dəfələrlə müzakirə aparılıb. Məsələ ilə bağlı bütün aidiyyatı qurumların təmsilçilərinin iştirakı ilə  iki ictimai dinləmə keçirilib. Aliment Fondunun yaradılması üçün ilkin olaraq müvafiq qanunvericilikdə hüquqi əsas yaradılmalıdır və biz bu istiqamətdə fəaliyyət göstəririk. Bu yaxınlarda daha bir mütərəqqi addım atılaraq atalıq məzuniyyəti məsələsi qanunvericiliyə gətirilib. Atalıq məzuniyyəti məsələsi ilə bağlı Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik təklif olunub və yəqin ki yaxın zamanlarda təsdiqlənəcək. Ümid edirəm ki, yaxın zamanlarda Aliment Fondu ilə bağlı real nəticələr ola bilər. Milli Məclis vətəndaşlardan, Vətəndaş Cəmiyyəti İnstitutlarından daxil olan təkliflərə hər zaman açıqdır və təklif edirəm ki, insan hüquq və azadlıqlarını qorunması istiqamətində təkliflər çəkinmədən bizə də göndərilsin. Biz də həmin təklifləri öyrənib, dəyərləndirib qanun yaradıcılığında tətbiq etməyə hazırıq”. 

Qeyd edək ki, “İcra və Probasiya Xidməti sahəsində şəffaflığın və hesabatlılığın təşviqi” xidməti Şəffalıq Naminə Vətəndaş Cəmiyyəti  (ECSOFT) layihəsi çərçivəsində icra olunub. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)   və  Beynəlxalq Ailə Sağlamlığı (FHİ360) Təşkilatı tərəfindən dəstəklənən ECSOFT layihəsinin inkişaf məqsədlərindən biri vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Azərbaycan hökumətinin vətəndaş maraqlarının təşviqində əsas rol oynamasına  töhfə verməkdir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »