Doğma Kəlbəcərimizin sayılıb-seçilən şəxsiyyətləri çox olmuşdur. Onlardan biri də İstibulaq kənd sakini Rəfi kişidir. Rəfi kişi özünün baməzə sözləri ilə el arasında ad qazandığı üçün onun adı çəkilən yerdə mütləq üzlərə gülüş və təbəssüm gələrdi. O zamankı rayon rəhbərləri bunu bildiyindən dəfələrlə Rəfi kişi ilə qarşılaşanda onu pərt eləmək üçün müxtəlif mövzularda atmacalarla ona müraciət etmiş, nəticədə pirani qocanın hazırcavablığı ilə qarşılaşmışlar. Şair həmyerlimiz Yusif Hüseynin Rəfi kişi haqqında xatirələri ilə oxucularımızı tanış etmək istəyirik.
KƏLBƏCƏRİMİZİN MOLLA NƏSRƏDDİNİ
(RUHU ŞAD OLSUN)
Professor Zərraf Şirinovun babası Rəfi kişi hikmətli el ağsaqqalı idi. Mən özüm görmüşdüm. İlk baxışda nədənsə mənə Molla Nəsrəddini xatırladırdı. Çünki, harada olurdum, onun maraqlı hikmətlərinin şahidi olurdum. Hətta balaca vaxtı anamla birlikdə harasa gedirdik. Rəhmətlik öz atı ilə birlikdə qarşımıza çıxdı. Mən anamdan soruşdum:
– Ana bu kişi Molla Nəsrəddin deyilmi? Anam gülə-gülə dediyi sözlər indiki kimi yadımdadır:
– Bala bu kişi Molla Nəsrəddindən də, böyük adamdı. Nə olsun ki, arxası, adamı yoxdu. Zamanı gələcək ki, bu kişinin dediyi hikməti sözləri çox axtaracaqlar. Anamın bu sözü zaman-zaman məni tərk etmədi. Harada Rəfi kişiyə aid olan maraqlı bir söz eşidirdimsə, öz qeyd dəftərimə yazırdım. Yeri gəldikcə Zərrafın babası Rəfi kişinin ibratəmiz kəlamlarından istifadə edəcəyəm. Allah Rəfi kişiyə rəhmət eləsin!
*
Bir dəfə Kəlbəcərdə köhnə univermaqdan nə isə alırdım. Baxdım ki, hansı kəndinsə dükançısı öz mağazası üçün mal götürür. O zaman icazə var idi ki, kənd dükançıları faktura əsasında öz mağazalarında satmaq üçün olan gündəlik tələbat mallarını götürə bilərdilər. Bu zaman Rəfi kişi mağazaya daxil oldu. Onu hamı tanıyırdı. Satıcı Seyid Zöhrab kişiyə xoş gəldin elədi. Rəfi kişi də, salam alandan sonra dedi ki, tələsmə, kəndin dükançısını yola sal. Sonra bir-iki şey alacam. Zöhrab da hər işi qurtarıb, fakturaya qol çəkdi. Sürətini kənd satıcısına verib dedi:
-Qardaş, sağ ol, yaxşı yol! Dükançı sağollaşıb çıxmaq istəyəndə Rəfi kişi dedi:
– Ay sağolmuş, o, bizim dükançıdır. Yaxşı tanıyıram. Tapşırırsansa ona başqa şey tapşır. O, yolmağı səndən də yaxşı bilir. Onsuz da camaatı yolacaq! Araya gülüşmə düşdü. Belə hazırcavablığa nə deyəsən? Allah rəhmət eləsin!
*
Rəfi Babadan maraqlı bir hadisə də:
-İstibulaq kolxozunun sədri Bayramov İsa gözəl polis(milis) işçisi olmuşdu. O təqaüdə çıxandan sonra təsərrüfatı gözəl bildiyindən və el-oba xətrini istədiyindən bu kolxozda sədr kimi fəaliyyətini davam etdirirdi. O, gözəl, bacarıqlı, el-oba içində hörməti olan bir ağsaqqal idi. O zaman kolxozçular işə briqada şəkilində çıxardılar. Bir kolxozun bir neçə təsərrüfat briqadası olardı ki, hər briqadanın da öz briqadiri. Amma bu briqadirlərdən biri bir az tənbəl imiş Həmişə işə gecikərmiş. Ona görə də hər gün səhər tezdən sədr Bayramov İsa briqadirin evinə gələr, əlindəki zoğal ağacı ilə onun “doqqaz ağacını” döyüb yuxudan qaldırarmış. Bu münvalla briqadir işə çıxırmış. Amma kənd hamısı bir-birinə qohum olduğundan Bayramov bu briqadirin ərköyünlüyünə səbirlə dözür, buna görə onu işindən belə azad etmir ki, yazıqdı, qoy uşaqları çətinlik və korluq çəkməsinlər. Bu münvalla bir neçə ildən sonra bu briqadir ölür. Hamı kimi Sədr də, kənd camaatı da, hətta yaşlı Rəfi kişi də dəfndə iştirak edirmiş. O zamanlar meyidi dəfn edəndə quran oxunan zaman mərhumun qəbrinin baş tərəfində bir nəfər əyləşərək, qəbirdəki adamın adı və atasının adı çəkiləndə söyüd çöpü ilə yavaşca meyidin böyrünə toxunardı. Bu zaman Rəfi kişi dözməyib özünə məxsus yumoru ilə deir:
-Ayə, ay balam, o kişini hamımız yaxşı tanıyırıq. Nahaq özünüzü yorursunuz. Bunu sağlığında Bayramov İsa kimi bir kişi zoğal ağacı ilə başa sala bilmədi. İndi bu meyidi bir söyüd budağı ilə inanmıram ki, başa sala biləsiniz.
İbratəmiz bir misaldı. Elə deyilmi, əziz oxucular?! Ruhu şad olsun Rəfi Babanın…
P.S. Əziz oxucular.. yazımın davamı olacaq.. Xahiş edirəm ki, Rəfi Babadan eşitdiyiniz gülməcələri rəylərdə qısaca yazasınız. Bir də Rəfi Babanın şəkili kimdə varsa mənə göndərsin… Əvvəlcədən təşəkkür edirəm.
Rəfi kişinin xatirəsinə dərin hörmətlə: Yusif Hüseyn
Səhifəni hazırladı:
Oqtay SALAHLI