• Ç. May 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Məhəmməd Əmin Rəsulzadə-140

Yan 31, 2024

Loading

Bu gün Azərbaycanın böyük dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) lideri və banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.
Bashlibel.az xəbər verir ki, o, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı elan olunub.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib. Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 5-ə orada vəfat edib. Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurub və məzarı Ankarada “Əsri” məzarlığındadır.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi barədə isə Prezident İlham Əliyev 2023-cü ilin 30 dekabrında sərəncam verib. Sərəncama uyğun olaraq bir aydr Azərbaycanda M.Ə.Rəsulzadənin 140 illik yubileyi tədbirləri keçirilir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »