123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 20 avqust 2024-cü il tarixində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. 2020-ci ilin 27 sentyabrında başlayan, 44 günlük Zəfər yürüşü ilə davam edən və tarixi qələbə ilə başa çatan Vətən müharibəsi, eyni zamanda bir günlük lokal antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam təmin olunması dövlətimiz daha qüdrətli, yenilməz etmişdir. Tarixi Zəfərdən sonra Azərbaycan daha sürətlə inkişaf edir, ölkəmiz yeni-yeni qələbələr qazanır, azad Qarabağımızda, Şərqi Zəngəzurda misilsiz quruculuq işləri aparılır.
Tanınmış ziyalı, Əməkdar müəllim Hüseyn Şahbəndəyev çıxış edərək deputatlığa namizəd Mircəlil Qasımlı haqqında geniş məlumat verdi. Bildirdi ki, Mircəlil Qasımlının yüksək təhsili, idarəçilik qabiliyyəti, eyni zamanda milli dəyərlərə bağlılığı, mənsub olduğu soy-kök onun millət vəkiliyinə layiqli namizəd olduğunu bir daha sübut edir. Ona görə də hər birinizi 1 sentyabr seçkilərində düzgün seçim etməyə çağırıram.
Sonra namizədin vəkilləri – Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, dosent Osman Mirzəyev, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Koordinat.az saytının rəhbəri Elxan Salahov, jurnalist Xalid Kazımov və başqaları çıxış edərək ölkəmizdəki azad seçki mühiti, eyni zamanda 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputalığa namizəd Mircəlil Qasımlı haqqında danışdılar. Vurğuladılar ki, deputalığa namizəd Mircəlil Qasımlı öz potensialı, insanlarla işləmək bacarığı, şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə millət vəkili seçilməyə layiqdir.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Ümummili Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətinin, cəsarətli qərarlarının, mahir sərkərdəlik bacarığının sayəsində, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiymiz tarixi qələbə hər birimizdə yüksək əhval-ruhiyə, gələcəyə daha böyük inam yaratmışdır. Müdrik xalqımız bütün torpaqlarımızda keçirilən parlament seçkilərinə yüksək ovqatla gedir. Mən də seçicilərimə inanaraq 123 saylı Kəlbəcər Seçki Dairəsindən öz namizədliyimi irəli sürmüşəm. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə öz töhfələrimizi verəcəyik, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə səy göstərəcəyik.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
Bashlibel.az