• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Müstəqillik və ərazi bütövlüyü uğrunda savaşan Başlıbel gəncləri

Yan 20, 2024

Loading

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqı üçün böyük bir faciə baş verdi. İllər öncə xalq bir olaraq öz azadlığını tələb edirdi. Xalq 70 illik Sovet əsarətindən qurtulmaq istəyirdi. Azərbaycan xalqının müstəqillik uğrunda müarizəyə qalxması isə SSRİ rəhbərliyinin qəzəbi ilə qarşılanırdı. Buna baxmayaraq xalqımız nə olur olsun, öz azadlığına qovuşana kimi mübarizə aparamaqda israrlı idi. Azərbaycanın hər bir bölgəsindən olan insanlar azadlıq mübarizəsinə qoşulmuşdular. Təbii ki, bu mübarizədə Başlıbel kəndindən də onlarla insan iştirak edirdilər. Onlar Başlıbeli təmsil edirdilər. Hər bir vətənpərvər kimi, onlar da canlarnı vətənin azadlığı uğrunda sipər etməyə hazır idilər. 1988-ci ildən başlanan mübarizə 1990-cı ilin ilk günlərindən daha drammatik hal alırdı. Bu vəziyyəti görən SSRİ siyasi və hərbi rəhbərliyi imperiyanı qorumağın yolu kimi Azərbaycandakı xalq hərəkatını qan içində boğmaq qərarını verdilər. Bakıya əliyalın xalqın üzərinə “qızıl ordu” nu yeritdilər. Bu həmin ordu idi ki, 1920-ci ilin aprelində Azərbaycana soxulumuş və Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymuşdu. Bu dəfə isə Azərbaycanın yenidən müstəqillik əldə etməsinin qarşısını qanla almaq istəyirdilər. Elə buna görə də yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərini qan gölünə çevirdilər. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizədə ilk şəhidlərini verdi. Minlərlə insan yaralandı. Azadlıq mübarizəsinə qoşulduğu üçün “qırmızı ordu”nun gülləsinə tuş gəlib yaralanan qəhrəman övladlarımız içərisində Başlıbel kənd sakini Həsənov Şahlar Şükür oğlu da var idi. Şahlar xalqını, vətənini sevən və vətəni uğrunda canından keçməyə hazır gənclərimizdəniydi. Baxmayaraq ki, 34 il ötüb, həmin hadisəni sanki dünən olmuş kimi xatırlayıram. Başlıbel kəndi paytaxtdan 500 km aralı olsa da, hər an ölkədə baş verən hadisələri radio, televiziya ilə izləyirdik. Bakıdakı qohumlarla telefon əlaqəsi yaradıb baş verənlərdən xəbərdar olurduq. Yanvarın 19-dan 20-ə keçən gecə artıq radio və televiziya işləmədi. Məlum oldu ki, televiziyanın enerji blokunu partaldıblar. Hər kəs Bakı ilə əlaqə saxlamaq üçün poçt binasının qarşısına toplaşmışdı. Bir gün sonra televziya ekranlarından Bakıda dəhşətli hadisələrin yaşandığını izlədik. Daha sonra Şahlar Həsənovun da ayağından güllə yarası aldığından və qan itirmədən ölümdən çətinliklə xilas edildiyindən xəbər tutduq. Güllə ayaq sümüklərini parçalamışdı. Bu səbəbdən Şahlar illərlə yerimək qabiliyyətinin 50 faizini itirmiş vəziyyətdə yaşamağa məcbur qaldı. Buna baxmayaraq, Azərbaycanın azadlığı uğrunda mübarizəyə öz töhfəsini verdiyi üçün özünü mənəvi cəhətdən çox rahat və qürurlu hiss edirdi və bu gün Şahlar Həsənov həmin mübarizə günlərini həm hüznlə, həm də qürurla xatırlayır.
20 Yanvar hadisələrindən sonra xalq hərəkatı dalğası daha da gücləndi. Bundan sonra düşmənlərimiz bizi indi də Qarabağda müharibəni alovlandırmaqla məhv etmək yolunu seçdilər. Birinci Qarabağ müharibəsi başladı. Yenə də Başlıbel gəncləri kənarda dayanmadılar, torpaqlarımızın bütövlüyü uğrunda döyüşə atıldılar. Amansız müharibədə ordu sıralarında döyüşən 8 başlıbelli gənc (Namiq Əbdüləliyev, Şövqü Cəfərov, Habil Əliyev, Elşad Salahov, Tahir Səmədov, Rizvan Balacayev, Novruz Hüseynov, Bəhmən Süleymanov) şəhid oldu. Çoxlu sayda qazilərimiz oldu.
Nəhayət, İkinci Qarabağ müharbəsi başladı. Bu dəfə də Vətən savaşında çoxlu sayda başlıbelli gənclər, Başlıbeldən olan hərbçilər qəhrəmanlıqla döyüşürdülər. Vətən müharibəsində Başlıbel gələcəyin generalı olacaq zabitini şəhid verdi-Azərbaycan ordusunun Ağır Artilleriya Briqadasının qərargah rəisi olan peşəkar zabit, polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovu torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların birində şəhidlik zirvəsinə ucaldı. Zaur Cəfərov general rütbəsi ala bilməsə də xalqının tarixində, qəlbində özünə ən yüksək zirvəni qazandı.
Bütün bu yazdıqlarım bir daha onu göstərir ki, Başlıbel kəndi hər zaman xalqını,millətini sevən gənclər yetişdirib və yetişdirməkdədir.
Uca Allah Şəhidlərimizə rəhmət etsin,qazilərimizə şəfa versin, millətimizi, dövlətimizi qorusun.

Qoşqar Babayev
Bashlibel.az

One thought on “Müstəqillik və ərazi bütövlüyü uğrunda savaşan Başlıbel gəncləri”
  1. Allah şəhidlırimizə rəhmət eləsin. Allahdan Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını əsirgəməyən qazilərimizə, o cümlədən əzizimiz Şahlar müəllimə can sağlığı diləyirəm. 34 il əvvəl mən də həmin hadisələrin mərkəzində olmuşam. 20 yanvar günü səhər tezdən Qızıldaş qəsəbəsində hadisə barədə eşidən kimi tez özümüzü Bakıya çatdırmağa çalışdıq. Lökbatandan sonra tıxac olduğundan orsdan şəhərə qədər piyada gəldik. Bibiheybət məscidinin yanında postda pasport yoxlayırdılar. Dedilər ki, rayon propiskası olanları Bakıya buraxmırlar. Yoldan yuxarı çıxıb, qəbristanlığın içi ilə keçib gedə bildik. 22 yanvar günü isə 2 milyonluq mohtəşəm izdiham ilə şəhidlərimizi son mənzilə yola saldıq. Hamımız hökumət evinin qabağından Şəhidlər Xiyabanına qədər yürüş etdik. Çox möhtəşəm bir tarixdir. Bu gün Azərbaycanda ərazi bütövlüyünün tam bərqərar olması ilə bir qalibiyyət hissi keçirir və qürur duyuram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »