• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Nəvə xatirəsi

Dek 5, 2022

Loading

Rəhmətlik nənəm, Əhmədova Nübar Cəfər qızı 1900-cı ildə Çovdar kəndində anadan olub (atası Cəfər, anası Püstə, qardaşıarı Bahadur, Abbas,Bəxtiyar, bacıları Qəşəng, Mülayim, Güleyşə). Yetkinlik yaşına çatandan sonra Göyçə mahlına gəlin köçüb. Bir il ailəli olduqdan sonra müəyyən səbəblərdən boşanıblar. İkinci ailə həyatını Başlıbel kənd sakini rəhmətlik Həsən babamla qurub. Bu evlilikdən üç uşaq dünyaya gəlib. Ailənin böyük uşağı bibim Həsənova Sayad Həsən qızı 1934-cü ildə Başlıbel kəndində anadan olub, 29 ildi köçkün olaraq Binəqədi rayonunda yaşayır. 7 uşaq anasıdır.
Ortancıl uşaq-bibim, rəhmətlik Əzizova Əntiqə Həsən qızı 1936-cı ildə Başlıbel kəndində anadan olub, 2016-cı ildə Abşeron rayonunun Masazır qəsəbəsində rəhmətə gedib. Üç uşaq anası idi.
Ailənin kiçik övladı-rəhmətlik atam Babayev Bahadur Həsən oğlu 1938- ci ildə Başlıbel kəndində anadan olub, 2012- ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində dünyasın dəyişib. Üç uşaq atası idi. Həyat yoldaşı Babayeva Zərifə Bəxtiyar qızı 29 ildi Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb. Övladları Atlas, Qoşqar, Samirə.

Nənəmin ikinci evliliyi də çox uzun çəkməyib. Böyük uşağının 6, ortancılın 4, kiçik uşağının 2 yaşı olanda həyat yoldaşını itirib. Təkbaşına üç uşağı, çətin zamanlarda və ikinci dünya müharibəsi zamanında böyüdüb. Ana valideynlərini erkən itirdiyi üçün və atam atasını, iki yaşında itirdiyi üçün mən babalarımı və ana nənəmi görməmişəm. Ona görə də ağlım kəsəndən yanında olduğum Nübar nənəm mənə çox doğma və əziz idi. Həyatda başqa nənəm olmadığı üçün hansı məni çox istəyir seçimim də yox idi. 1981-ci ildən atam kolxozda çalışdığı üçün sentyabrdan iyun ayına kimi ailəm Salyanda olurdular. Bu səbəbdən mən 8 ay Başlıbeldə evimizdə nənəmlə tək qalırdım. Bu isə məni nənəmə çox bağlamışdı. Çox təəssüf ki, bu zaman 1990-cı il fevralın 23-ə kimi davam etdi. Mən nənəmi deyil, həm də sanki ikinci anamı itirdim. Bu hadisə məni çox sarsıtdı, həm də ilk dəfə insanın doğmasını, əzizini itirməyinin nə olduğunu anladım. Nənəmi son mənzilə yola saldıq. Başlıbeldə kəndin ikinci qəbirstanlığında boş yer qalmadığı üçün nənəmi kənddə yenicə salınmış, güneydə yerləşən yeni qəbirstanlıqda dəfn etdik. 14 yaşım var idi. Tez-tez nənəmin məzarını ziyarət edirdim. Onun qəbirini ziyarət etdikdə təskinlik tapırdım. Nənəmlə məzarının üstündə öz-özümə söhbətləşdrdim. Təəssüf ki, 3 il sonra nənəmin məzarına da həsrət qalacağım günlər, aylar, illər başlandı. 1993- cü il aprelin 2-də Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi məni yurdumuzdan didərgin düşməyimizə səbəb oldu. Bundan sonra hər il nənəmin dünyadan köçməsinin ildönümünü məzarı önündə, məzarını ziyarət edərək deyil, 29 il köçkün yaşadığımız yerlərdə qeyd edirdik. Hər saniyə vətən həsrəti və vətənə qayıtmaq, doğmalarımızın məzarlarını ziyarət etmək arzusu ilə yaşadım. 25.11.2020-ci ildə Kəlbəcərin azadlıq günü, həsrətin bitdiyi gün kimi tarixə düşdü. Artıq o yerləri görmək üçün həyəcandan ürəyimiz az qalır dayana. Mənim ən çox istədiyim nənəmin məzarını ziyarət etmək və ata yurdunu görmək idi. Hər gün gedəcəyim o günü səbirsizliklə gözləyirdim, alınmayanda çox məyus olurdum. Nəhayət o böyük gün gəldi-03.07.2022-ci ildə doğma Başlıbelə gedə bildim. 29 illik həsrətimin sona çatdığı gün! Həmin ilk olaraq nənəmin qəbirini ziyarət etdim. Baxmayaraq ki, erməni vandallar məzarların demək olar hamısını dağıtmış, başdaşlarını sındırmış və aşırmışdı. Ancaq nənəmin qəbrinin baş daşı salamat qalırdı. Yalınız 29 il baxımsız qaldığı üçün başdaşının yazıları yaxşı görünmürdü. Onu da kəndə ikinci dəfə gedəndə təmir etdim. Həm sevinirdim, həm də kədərlənirdim. Gözlərimin birindən sevinc yaşı, birindən kədər yaşı axırdı. Sevinirdim ki, illərlə arzuladığımız, həsrətini çəkdiyimiz elimizi, obamızı, əzizlərimizin məzarını və ata yurdunu görə bildik. Kədərlənirdik ona görə ki, hər ailədən demək olar bir, iki, üç doğmamız artıq bu yerlərə cismani qayıda bilməyəcəklər. Artıq biz köçkünlük həyatı yaşıyan insanlar, iki doğmasının məzarı arasında qalıblar, gələcəkdə hansı doğmalarının yanında dəfn olunmasının seçimi qarşısında qalıblar. Mən də ata yurdumu atasız, nənə məzarını oğulsuz ziyarət etdim. Nənəmin başdaşına baxaraq, oğlundan yadigar sözlərini gördüm. Qayıdandan sonra atamın baş daşına baxaraq “övladlarından yadigar” sözünü bir daha gördüm. Düşündüm ki, bu dünyada insanın əldə etdikləri əməlləri və əzizləri üçün qoyduğu başdaşlarıdır…
Allah şəhidlərimizə, nənəmə və həyatdan köçən bütün əzizlərimizə rəhmət eləsin!
Həyatda olanlara səbr, dözüm və azad olmuş yerlərdə qurub-yaratmaq, yaşamaq ömrü nəsib etsin…

Qoşqar Babayev

3 thoughts on “Nəvə xatirəsi”
  1. Allah Nubar xalaya rəhmət eləsin. Nur üzlü Nubar xalanın mehribanlığını heç unuda bilmirəm. Allahın köməkliyi ilə Başlıbeldə məskunlaşdıqdan sonra qəbristanlıqlarımızı da bərpa edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »