Aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 822 ailə, 3132 nəfərin daimi məskunlaşması təmin edilib.
***
06:15
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 153 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3132 nəfərin daimi məskunlaşması təmin edilib.
Bashlibel.az