Azərbaycanın ən qədim milli bayramı Novruz bayramıdır. Müəllimlərimiz və vaildeynlərimiz bu bayram haqqında bizlərə məlumat veriblər. Eyni zamanda dərsliklərdən Novruz bayramı haqqında məlumatlıyıq. Bu bayramın tarixi çox qədimdir. Novruz bayramının yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər olduğu deyilir. Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur, qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Martın 20-21-də keçirilən Novruz yeni gün deməkdir. Qışın başa çatması ilə təbirət yenilənir, yenidən canlanır, insanlar qış qayğılarından qurtulurlar. Ona görə də qədim dövrdən insanlar təbətin oyanışını Novruz bayramı kimi çox böyük sevinclə, təmtəraqla qeyd ediblər və bu gün qeyd edirlər. Hətta bəzi dövrlərdə Novruz bayramı qadağan edilsə də Azərbaycan xalqı bu bayramı yüksək səviyyədə keçiriblər. Heç bir qadağalar Novruz bayramını Azərbaycan xalqının yaddaşından silə bilməyib. Bütün qadağalara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib və bu günə qədər yaşadır. Hazırda Novruz bayramı Azərbaycanın milli dövlət bayramıdır.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. İnanclara görə birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Çərşənbələrdə həyətlərdə tonqallar yandırılır, hər kəs tonqal üzərindən atlanır. Bu həm də ağrı-acılarının tonqalda yandırılması mənasını verir. İlaxır çərşənbə daha böyük coşqu ilə keçirilir. Uşaqlar, gənclər qonşuların qohumların evinə şirniyyat üçün papaq atırlar, insanlar bir-birinə qonaq gedirlər.
Novruz bayramı süfərsi də Azərbaycan xalqınının bu bayrama necə böyük sevgi ilə yanaşadığını göstərir. Adətə görə, süfrədə adları “S” hərfi ilə başlayan yeddi növ xörək, şirniyyat və digər məhsullar olmalıdır. Səməni isə Novruz bayramının əsas rəmzlərindən sayılır. Hər bir evdə səməni yetişdirilir. Bayram xonçasını səmənisiz təsəsvvür etmək mümkün deyil.
Bunlardan başqa bayram süfrəsinə güzgü və şamlar qoyulur, güzgünün üstünə və xonçaya boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir, güzgü aydınlıq rəmzidir, boyanmış yumurtalar isə bərəkət deməkdir. Novruz bayramında şən mahanılar oxunur, yallı gedirlər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl insanların şənləndirir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruz çox şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. Bu bayramda küsülülər barışır, qohumlar, qonşular bir-birinə qonaq gedir bayramlaşırlar. Novruz bayramını daim yaşatmaq hər birimizin mənəvi borcudur.
Bashlibel.az